Sülh insanlıqdan başlayır Elman Mustafazadə yazır

09.10.2026

525.az portalından verilən məlumata görə, Icma.az xəbər yayır.

Elman MUSTAFAZADƏ

Son illər Azərbaycanın hüdudlarından kənarda xalqımızın görkəmli şəxsiyyətlərinin abidələrinə qarşı təxribatların şahidi oluruq. Belçikada Xurşidbanu Natəvanın abidəsi dəfələrlə təhqir olunan zaman onun bərpasında dostlarımla birlikdə mən özüm də iştirak etmişəm. Fransada, Avstriyada da oxşar hadisələr baş verib.

Bütün bunlar bizi ciddi düşünməyə vadar edir. Azərbaycanla Ermənistan arasında davamlı sülh istəyiriksə, bu sülh yalnız siyasi sənədlərdən və sərhədlərin müəyyənləşdirilməsindən ibarət olmamalıdır. Onun mənəvi və humanitar dayaqlarının olması da çox vacibdir. Milli və dini nifrəti qızışdıran təbliğata son qoyulmalı, tarixi-mədəni abidələrə qarşı vandalizm və təhqir qəbuledilməz sayılmalıdır.

lll

Son günlər sosial şəbəkələrdə bəzi radikal dini çevrələrin antisemit çağırışları ciddi narahatlıq doğurur. Unutmayaq ki, yəhudilər tarixən bizim din ayrı qardaşlarımızdır. Azərbaycan yəhudiləri əsrlər boyu bu torpağın ayrılmaz və sədaqətli parçası olublar. Ümumiyyətlə, konkret bir şəxsin və ya siyasi liderin cinayətinə görə bütöv bir xalq ittiham oluna bilməz.

lll

2006-cı ildə Vyananın Donauparkında dünya şöhrətli Azərbaycan bəstəkarı Üzeyir Hacıbəylinin şərəfinə ucaldılmış abidəyə vandalizm cəhdi edilmişdi. Əvvəlki illərdə də abidə müxtəlif erməni radikal qrupların hədəfinə çevrilmişdi.

Almaniyanın Münhen şəhərində yaşayan iş adamı, Azərbaycan diasporunun yəhudi əsilli tanınmış simalarından biri Emin Salimov digər yəhudi dostları ilə birlikdə bu hadisəyə biganə qalmadılar. Abidəni təmizlədilər, ona öz doğma insanlarının xatirəsinə yanaşdıqları kimi qayğı göstərdilər.

Emin Salimov o vaxt bu məsələnin mətbuatda işıqlandırılmasını istəməmiş və demişdi: "Bu, mənim Azərbaycanımın qarşısında vicdan borcumdur".

Bu, söz deyil, əməldir.

Dəfələrlə Avropada təhsil alan azərbaycanlı tələbələrin maddi və texniki problemləri ilə bağlı müxtəlif iş adamlarına müraciət etmişəm. Belə müraciətlərə real dəstək verənlər arasında Emin Salimov xüsusi seçilib. Dünyanın müxtəlif ölkələrində yaşayan digər Azərbaycan yəhudiləri ilə də bağlı belə nümunələrini göstərmək olar.

Bax, əsl dostluq, əsl vətəndaşlıq, əsl insanlıq budur!

Azərbaycan yəhudilərinin bu torpağa bağlılığını hansısa siyasi maraqların kölgəsində qoymağa çalışanlar əvvəlcə öz tariximizə nəzər salsınlar.

Bu gün bizə nifrət deyil, sağlam düşüncə lazımdır. İnsanları milli və dini mənsubiyyətinə görə bir-birinə düşmən edən hər cür təbliğata qarşı qətiyyətli dayanmalıyıq.

lll

Ermənistan həqiqi sülh istəyirsə, ilk növbədə nifrət dilindən imtina etməlidir. Bu, siyasi münasibətlərlə yanaşı, dini ocaqlara və mədəni abidələrə münasibətdə də özünü göstərməlidir. Abidəyə hörmət keçmişə ehtiram olmaqla yanaşı, həm də gələcək qarşısında məsuliyyətdir.

Sülh müqaviləsini dövlətlər imzalaya bilər, amma sülhü xalqların qəlbində yaşatmaq erməni, gürcü, Azərbaycan və bütöv Qafqaz xalqlarının ziyalılarının məsuliyyətidir.

Biz buna məhkumuq. Əks halda başqaları bizi yenidən bir-birimizə düşmən edib, öz maraqları naminə idarə edəcəklər.

Unutmayaq - sülh sərhəddən başlamır, sülh insanın vicdanından başlayır!..

Hadisənin gedişatını izləmək üçün Icma.az saytında ən son yeniliklərə baxın.
Читать полностью