Icma.az, Lent az saytına istinadən bildirir.
ABŞ administrasiyası Ukraynada müharibənin dayandırılması üçün iki mümkün ssenari irəli sürüb.
Lent.az xarici mediaya istinadən bildirir ki, təkliflərdən biri döyüşlərin mövcud təmas xətti boyunca dondurulması, digəri isə Ukraynanın NATO-ya üzvlüyü müqabilində Donbasın qalan ərazilərinin Rusiyaya verilməsidir.
Məlumata görə, təşəbbüslər ABŞ Prezidenti Donald Trampın xüsusi nümayəndələri Cared Kuşner və Stiv Uitkoffun Ukrayna və Avropa rəsmiləri ilə keçirdiyi qapalı görüşlərdə müzakirə olunub.
Müzakirələr, həmçinin noyabrın 10-11-də Əbu-Dabidə keçirilən məsləhətləşmələri də əhatə edib.
Qeyd edilir ki, son aylarda aparılan qapalı sülh danışıqları zamanı Trampın kürəkəni və xüsusi nümayəndəsi Cared Kuşner əvvəllər həyata keçirilməsi mümkünsüz hesab edilən bir ideyanı gündəmə gətirib. Söhbət Ukraynanın ərazilərinin bir hissəsini Rusiyaya güzəştə getməsi müqabilində NATO-ya üzv qəbul edilməsindən gedir.
İkinci ssenari isə hərbi əməliyyatların hazırkı cəbhə xətti boyunca dayandırılmasını nəzərdə tutur. Bu halda Kiyevə ABŞ və ehtimal ki, Avropa ölkələri ilə bağlanacaq müqavilələr əsasında təhlükəsizlik zəmanətlərinin verilməsi təklif olunur.
Lakin tərəflərin mövqeləri arasında ciddi fikir ayrılıqları qalmaqdadır.
Məlumata görə, Əbu-Dabidə keçirilən danışıqlarda Moskva Ukraynanın NATO-ya üzvlük kursunun ölkə Konstitusiyasından çıxarılmasını tələb edib. Rusiya, həmçinin alyansın Ukraynaya silah göndərməsinin və ölkə ərazisinə hərbi qüvvələr yerləşdirməsinin qadağan olunmasını istəyib.
Avropa nümayəndələri isə Moskvanın bu tələblərini həddindən artıq sərt və maksimalist mövqe kimi qiymətləndiriblər.
Məlumata görə, bu variantlar hələlik danışıqlar çərçivəsində müzakirə olunan təkliflərdir və tərəflər arasında yekun razılaşma əldə edilməyib.