SÜLH KÖRPÜSÜ DİLİCANADƏK GƏLİB ÇATDI İlk dəfədir ki...

28.11.2026

Icma.az bildirir, Azpolitika.az saytına əsaslanaraq.

Azərbaycan və Ermənistan vətəndaş cəmiyyəti nümayəndələrinin iştirakı ilə reallaşan “Sülh körpüsü” Təşəbbüsü çərçivəsində müəyyən fasilədən sonra Ermənistanın Dilican şəhərində beşinci görüş keçirilib.

“AzPolitika” xəbər verir ki, bu barədə görüşdə iştirak edən politoloq Fərhad Məmmədov öz sosial şəbəkə hesabında məlumat verib.

Politoloq bildirib ki, Azərbaycan və Ermənistan vətəndaş cəmiyyətlərinin nümayəndələri sentyabr ayında yaşanan ictimai-informasiya gərginliyindən sonra dialoqu davam etdiriblər.

Onun sözlərinə görə, sülh prosesi bu cür gərgin dövrlərdən sığortalanmayıb, lakin son bir neçə həftə ərzində ikitərəfli format öz dayanıqlığını nümayiş etdirib: 

“Liderlər səviyyəsində görüşlər keçirilib, qarşılıqlı fəaliyyət sahələrinin genişləndirilməsi barədə qərarlar qəbul olunub, pozitiv kontentin artırılması üçün zəmin yaranıb. Bu, cəmiyyətlərin qavrayışına təsir göstərir. Azərbaycan və Ermənistan ikitərəfli əsasda vəziyyətdən çıxış istiqamətində addımlar atıb və kommunikasiyanı itirməyiblər”.

F.Məmmədov qeyd edib ki, “Sülh körpüsü”nün budəfəki görüşü böhranlı vəziyyəti, onun sülh prosesinə təsirini, eləcə də vətəndaş cəmiyyətinin – xüsusilə sülh prosesinə cəlb olunmuş hissəsinin yerini və rolunu müzakirə etməyə imkan yaradıb.

“İki gün ərzində ümumi müzakirələrlə yanaşı, ilk dəfə olaraq konkret sahələr üzrə mütəxəssislərin iştirak etdiyi tematik komitələrdə müzakirələr aparıldı. Bu, mütəxəssislər arasında əlaqələrin qurulmasına imkan verdi”, – deyə politoloq vurğulayıb.

Rəsmi şəxslərlə görüşlərin dialoqun ənənəvi hissəsi olduğunu xatırladan F.Məmmədov bu dəfə Ermənistan Təhlükəsizlik Şurasının katibi Alen Simonyanla tanış olduqlarını, sülh gündəliyi ilə bağlı geniş suallar toplusu ətrafında ətraflı diskussiya apardıqlarını deyib. O əlavə edib ki, Ermənistan xarici işlər nazirinin müavini Vaan Kostanyanla görüş isə Ermənistanın xarici siyasət prioritetləri və Azərbaycanla diplomatik səviyyədə qarşılıqlı fəaliyyəti barədə məlumat almaq imkanı yaradıb.

Politoloq sonda bildirib ki, sülh gündəliyinin kəskin mövzularının müzakirəsi ilə yanaşı, gələcəyə və birgə təsir göstərə biləcəkləri məsələlərə dair ayrıca müzakirə sessiyası da keçirilib.

Rasim Əliyev

"AzPolitika.info"

Daha ətraflı məlumat və yeniliklər üçün Icma.az saytını izləyin.
Читать полностью