Sülh prosesi Azərbaycan və Türkiyənin diqtəsi ilə həyata keçirilir Qafar Çaxmaqlı

22.01.2026

Icma.az, Redaktor.az saytına istinadən bildirir.

Prezident İlham Əliyev yanvarın 20-də Davosda “Euronews” televiziyasına müsahibəsində bildirib ki, regionda davamlı sülh və qlobal töhfələr üçün Azərbaycan-Ermənistan və Türkiyə-Ermənistan yaxınlaşmaları paralel şəkildə irəliləyir və hər iki istiqamətdə diplomatik münasibətlərin eyni vaxtda bərqərar olacağına inanır.

Azərbaycan və Ermənistan arasında sülhə yaxınlaşmaları nəzərə alsaq, Türkiyə və Ermənistan arasında da diplomatik əlaqələrin qurulması mümkündürmü?

Mövzu ilə bağlı Redaktor.az-a açıqlamasında politoloq Qafar Çaxmaqlı bildirdi ki, Türkiyə ilə Ermənistan arasında münasibətlərin normallaşması, diplomatik əlaqələrin qurulması və sərhədlərin açılması məsələsi gündəmdədir:

"İndiyədək Ermənistan nümayəndəsi Ruben Rubinyan və Türkiyə nümayəndəsi Sərdar Kılıç arasında altı görüş keçirilib və detallar müzakirə olunub. Türkiyə Ermənistanla münasibətlərin qurulması üçün addımlar atıb və bu addımların indiyə qədər təxirə salınmasının səbəbi ondan ibarət olub ki, Ermənistanla Azərbaycan arasında sülh müqaviləsinin bağlanması Türkiyənin əsas siyasi prioritetlərindən biri idi. Bu da açıq şəkildə bildirilirdi ki, Ermənistanla Azərbaycan arasında sülh sazişi imzalandıqdan sonra Ermənistan-Türkiyə münasibətlərinin qurulmasında heç bir əngəl qalmayacaq və Türkiyə bu mövqeyə sadiq qalır. Mən bu fikirdəyəm ki, Azərbaycan-Ermənistan və Türkiyə-Ermənistan münasibətləri paralel şəkildə aparılır və bu görüşlər Azərbaycanın rəyi nəzərə alınmaqla keçirilir. Yəni xarici işlər naziri səviyyəsində Hakan Fidan da ifadə etmişdi ki, Azərbaycan və Ermənistan arasında sülh müqaviləsi bağlandıqdan sonra Ermənistanla Türkiyə arasında əlaqələr qurula bilər və bu proses artıq reallaşmaq üzrədir.

Müsahibimiz dedi ki, Ermənistan-Türkiyə sərhədindən söhbət gedir və bu sərhədlərdə mövcud olan texniki məsələlər həll edildikdən sonra münasibətlərin qurulmasına artıq heç bir əngəl qalmayacaq. 

"Ona qədər isə Ermənistanda iyun ayında parlament seçkiləri keçiriləcək və mənə elə gəlir ki, məhz bu seçkilərdən sonra münasibətlərin qurulması üçün daha əlverişli şərait yaranacaq. Ermənistanla Türkiyə arasında münasibətlərin qurulmasına cəhdlər çoxdan edilib. Xatırlatmaq olar ki, 2008-ci ildə futbol diplomatiyası, 2009-cu ildə isə Sürix protokolları gündəmə gəlmişdi. Lakin həmin dövrdə Azərbaycan torpaqları işğal altında olduğu və Ermənistan Konstitusiyasında Azərbaycanın və Türkiyənin ərazilərinə dair iddialar aradan qaldırılmadığı üçün bu proses baş tutmamışdı. İndi isə buna şərait yaranıb və Ermənistan da öz öhdəsinə götürür ki, qonşu ölkələrin ərazilərinə dair iddialardan imtina etsin. Şübhəsiz ki, bu, Konstitusiyada da təsbit olunmalıdır. Ermənistan Konstitusiyasında da yəqin ki, parlament seçkilərindən sonra keçiriləcək referendum yolu ilə dəyişikliklər ediləcək. Bu mənada Azərbaycan-Ermənistan və Türkiyə-Ermənistan arasında münasibətlərin qurulması prosesi Prezident İlham Əliyevin dediyi kimi paralel şəkildə irəliləyir. Hər iki istiqamətdə diplomatik münasibətlərin formalaşacağına və bərqərar olunacağına inam var. Biz Azərbaycan olaraq bunu beynəlxalq tribunalardan səsləndirməklə sülh prosesinin Azərbaycanın və Türkiyənin diktəsi ilə həyata keçirildiyini bir daha vurğulamış oluruq", - deyə Qafar Çaxmaqlı bildirdi. 

Nuriyyə NATİQQIZI

Hadisənin gedişatını izləmək üçün Icma.az saytında ən son yeniliklərə baxın.
Читать полностью