Icma.az bildirir, Ses qazeti portalına istinadən.
Ermənistan bizim haqlı olaraq Vətən müharibəsi adlandırdığımız II Qarabağ müharibəsində məğlub olduğu üçün sülhə məcbur edilib. 2023-cü ildən sonra Paşinyan hakimiyyətinin sadəcə olaraq sülhə getməkdən başqa yolu qalmamışdır. Odur ki, Ermənistan hakimiyyəti sözdə sülhdən, Azərbaycanın suverenliyini və ərazi bütövlüyünü tanımasından danışsa da zaman-zaman revanşist qüvvələri dəstəkləyərək, replikalarına dirijorluq edir.
Azərbaycanda akkreditə olunmuş diplomatik korpusun nümayəndələrinin Qarabağ və Şərqi Zəngəzura səfərinə Ermənistan cəmiyyətinin reaksiyası qəbuledilməzdir və Azərbaycanın daxili işlərinə kobud müdaxilə kimi qiymətləndirilərək təəssüf doğurur.
Diplomatik korpusun son səfəri göstərir ki, onların təmsil etdikləri ölkələr birmənalı olaraq Azərbaycanın ərazi bütövlüyünü tanıyıb və dəstəkləyirlər. Bəs belə olan halda Ermənistan cəmiyyəti hansı haqla xarici diplomatları Azərbaycanın suveren ərazisində hərəkətinə görə linçləyir?
Ermənistan Gəncəsər və Xudavəngi erməni irsi kimi təqdim edən Ermənistan tarixi saxtalaşdırma ənənələrinə sadiq qalaraq, məsələlərə rasist yanaşma nümayiş etdirir və öz ərazisində Azərbaycan tarixi-mədəni irsinin mövcudluğunu inkar edir! Belə narrativ formalaşdırılır ki, Azərbaycan ərazisində tarixən ermənilər yaşayıb, lakin müasir Ermənistan ərazisində guya azərbaycanlılar yaşamayıb. Ermənistan Azərbaycan xalqının əsrlər boyu öz dədə-baba torpaqlarında yaşaması və zəngin mədəni irs yaratması faktını hər vəchlə danmağa çalışır. Ermənistan Qərbi Azərbaycanda xalqımızın min illər ərzində yaratdığı mədəni irsi – tarixi abidələri, qəbiristanlıqları, məscidləri, tarixi yaşayış yerlərini dağıdıb. Regionun tarixini və mədəni mənzərəsini təhrif etmək, yenidən yazmaq məqsədi daşıyan belə destruktiv addımlar dözümsüzlük və irqçilikdən başqa bir şey deyil.
Ermənistan tərəfinin Azərbaycan mədəniyyət abidələrini qəsdən məhv etməsi və Azərbaycan xalqının indiki Ermənistan ərazisindəki mədəni izlərini silməsi, beynəlxalq hüququn, o cümlədən 1954-cü il Haaqa Konvensiyası və UNESCO-nun müvafiq qərarlarının kobud şəkildə pozulmasıdır.
Ermənistanın, ümumiyyətlə Azərbaycan torpaqlarında mövcudluğu dünya tarix elminə yaxşı məlum olan Qafqaz Albaniyası irsinə belə reaksiyası faktiki irqçilik, həqiqətə dözümsüzlük kimi qiymətləndirilə bilər. Azərbaycan Respublikasının ərazisindəki bütün tarixi və mədəni abidələr Azərbaycan dövlətinə və xalqına məxsusdur, dövlət tərəfindən bütün məsuliyyəti ilə qorunur.
Ermənistan daxilində revanşist qüvvələr təkcə müxalifətdə deyil. Təhlillər göstərir ki, yayılan bu məlumatlar və kampaniya arxasında Ermənistan hakimiyyətinin özü dayanır. Belə ki, bir çox paylaşımlar və yazılar məhz hakim partiyaya yaxın resurslarda gedib.
Mövzu ilə bağlı parlamentin sədri Ruben Rubinyanın açıqlaması da qəbuledilməzdir, Azərbaycanın daxili işlərinə müdaxilədir. 14 sentyabr tarixində Ermənistan parlamentində 12-13 sentyabr 2022-ci il tarixlərində sərhəddə döyüşlərdə həlak olmuş hərbçilərin xatirəsinin bir dəqiqəlik sükutla yad edilməsi (həmin hərbi təxribatları da Ermənistan törətmişdi, Azərbaycan cavab vermək məcburiyyətində qalmışdı) özlüyündə revanşizm əhval ruhiyyəsinin yüksəldilməsinə xidmət edən addım kimi qiymətləndirilir.
Bütün baş verənlər rəsmi İrəvanın sülh prosesində bir daha qeyri - səmimiliyini nümayiş etdirir, kampaniya xarakteri daşıyır və Ermənistanın qəsdən sülh prosesinə zərbə endirmək niyyətini göstərir.
Mətanət Səfərli
YAP Nəsimi Rayon Təşkilatının əməkdaşı