Icma.az, Newscenter.az portalına istinadən məlumat yayır.
TRİPP ilə bağlı atılan addımlar və Ermənistanın yeni Konstitusiya aktının açıqlanması Azərbaycan və Ermənistan arasında sülh prosesində mühüm irəliləyiş əlamətləri olaraq qiymətləndirilə bilər. Çünki, TRİPP bu məsələdə sülhün iqtisadi və nəqliyyat əsasını təşkil edəcək, Konstitusiya aktı isə iki ölkə arasında sülh sazişinin hüquqi və siyasi davamlılığına öz təsirini göstərəcək. Bilirsiniz ki, TRİPP artıq yalnız Vaşinqtonda əldə olunmuş siyasi razılaşma deyil. Artıq onun icrasına yönəlmiş bir neçə konkret addım atılıb. ABŞ-Azərbaycan -Ermənistan üçtərəfli texniki qrupları yaradılıb. Nəqliyyat və elektrik ötürülməsi üzrə ilk planlaşdırma qrupu fəaliyyətə başlayıb. Burda məqsəd layihənin texniki məsələlərini həll etmək və mövcud regional infrastrukturlarla əlaqələndirməni hazırlamaqdır.
Noyabrın 23-də isə Ermənistan Baş naziri Nikol Paşinyan, Ermənistanın yeni Konstitusiya layihəsi ilə bağlı açıqlama verdi və layihəni sülh sazişinin imzalanması və ratifikasiyası üçün vacib addım kimi təqdim etdi.Burda əlbəttə ki ardıcıllıq əhəmiyyətlidir və TRİPP üzrə texniki və hüquqi hazırlıq gedir. Eyni zamanda sülh sazişinin imzalanmasına mane olan əsas siyasi-hüquqi məsələnin aradan qaldırılması istiqamətində addım atılır. Bilirsiniz ki, Azərbaycanın əsas tələblərindən biri Ermənistan Konstitusiyasının preambulansında yer alan 1990-cı il Müstəqillik Bəyannaməsinə istinadla əlaqəli məsələdir. Həmin sənəddə Ermənistanla Dağlıq Qarabağın birləşdirilməsi ideyasına istinad mövcuddur. Bakı bunu Azərbaycana qarşı ərazi iddialarının hüquqi əsası kimi qiymətləndirir və sülh sazişinin yekun imzalanması üçün bu məsələnin həllini vacib hesab edir və tələb olaraq qoyub.
Ermənistanın açıqladığı yeni Konstitusiya layihəsi isə həmin istinadı çıxarır. Bu, Azərbaycanın uzun müddətdir irəli sürdüyü əsas tələblərindən birinin yerinə yetirilməsi istiqamətində addımdır. Yekun sülh sazişinin imzalanması üçün, Ermənistan hökuməti daha iki mərhələni həyata keçirməsi lazımdır. Yeni Konstitusiya aktının parlamentdə referendum üçün zəruri dəstəyi əldə etməsi və referendumda qəbul Baş nazir Paşinyan referendumda layihə əgər rədd edilərsə, istefa verəcəyini bildirib. Bu Konstitusiya məsələsinin sülh sazişi prosesinin əsas siyasi şərtlərindən biri kimi qəbul etdiyini göstərir. Bu baxımdan hesab edirəm ki, bu iki hadisəni birlikdə götürdükdə Azərbaycan -Ermənistan sülh prosesində ciddi irəliləyiş görürük. Siyasi razılaşma, texniki hazırlıq və hüquqi sülh.Hər üç məsələ ayrı-ayrılıqda bir mərhələdir və uğurla tamamlanması üçün, Ermənistanın daxili siyasi prosesi və Azərbaycanın təhlükəsizlik və suverenliklə bağlı tələblərinin nəzərə alınması, ABŞ-nın layihənin icrasındakı rolu, hazırkı mərhələdə mühüm elementlərdən hesab olunur və sülh sazişinin imzalanması əvvəlkindən daha real görünür.
Çingiz Şahbazi, siyasi ekspert