Icma.az, Bakivaxti portalına istinadən məlumat verir.
Xəbər verdiyimiz kimi, Prezident İlham Əliyev Davosda Azərbaycanın “Sülh Şurası”na təsisçi üzv dövlət qismində qoşulması barədə sənədi imzalayıb.
Bakıvaxtı.az-ın məlumatına görə, imzalama mərasimində ABŞ Prezidenti Donald Tramp və onun Sülh Şurasına qoşulmaq üçün dəvətini qəbul edən ölkələrin liderləri iştirak edib.
Politoloq Natiq Miri Bakıvaxtı.az-a açıqlamasında deyib ki, Azərbaycanın Qəzza ilə bağlı sülh prosesinə dəvət etmək ilk təşəbbüs deyil.
Onun sözlərinə görə, Qəzzaya göndəriləcək sülh missiyasının tərkibində Azərbaycan dövlətinin də iştirakı qeyd edilirdi:
“Azərbaycana bu yöndə müraciət olunmuşdu. Ölkəmizin “Sülh Şurası”na dəvət olunması bir tərəfdən ABŞ Prezidenti Donald Trampın Azərbaycan Prezidenti İlham Əliyevə yüksək münasibətindən, digər tərəfdən isə Trampın qlobal səviyyədə öz tərəfdarlarını toplamasınan irəli gəlir. Sülh Şurasında təmsilçilik sadəcə Qəzza məsələsi ilə bağlı deyil.
Fikir verirsizsə, Azərbaycan rəhbərinə göndərilən dəvət məktubunda da bunun daha böyük anlam daşıdığı məlum olur. Yəni bir növ qlobal səviyyədə bütün münaqişələrin çevik həlli ilə əlaqədar olacaq “Sülh Şurası” modelindən söhbət gedir. Burada da Tramp şəxsən hörmət bəslədiyi dövlət başçılaını prosesə dəvət edir. Azərbaycanın “Sülh Şurası”nda yer almasında Tramp-Əliyev dostluğu ilə paralel Bakının Tel-Əvivlə yüksək münasibətləri də mühüm rol oynayır. Azərbaycan əhalisinin böyük əksəriyyəti müsəlmanlardan ibarət dövlətlər içərisində İsraillə ən müsbət əlaqələrə sahib istisnasız ölkələrdəndir. Bakının sülh prosesində iştirakı bu məqamla da bağlıdır”.

Natiq Miri: Trampın təklif etdiyi “Sülh Şurası” həm də ABŞ-nin dominantlığını nəzərdə tutur
Analitik əlavə edib ki, “Sülh Şurası” qlobal münaqişələrin qarşısını almaq üçün bir növ yeni beynəlxalq təşkilat kimi nəzərdə tutulur:
“Bu da dolayısı ilə heç bir işə yaramayan, heç bir münaqişənin həllində real praktik fəaliyyət ortaya qoya bilməyən BMT-yə alternativ təşkilat kimi görünür. Yeni təşkilatın ortalığa çıxması BMT-ni “dəfn edəcək””.
Müsahibimiz qeyd edib ki, Trampın təklif etdiyi “Sülh Şurası” həm də ABŞ-nin dominantlığını nəzərdə tutur. Onun dediyinə görə, Tramp prezidentlik postundan getsə belə uzun müddət Şuranın rəhbəri kimi qalmaq niyyətindədir. Sülh Şurasında yanaşma tərzi bütün dövlətlər üçün qəbul ediləcək ədalət prinsipinə söykənməlidir.
Aydın Baxış