Redaktor.az saytından verilən məlumata görə, Icma.az xəbər verir.
"BMT və Təhlükəsizlik Şurası üzərlərinə düşən öhdəlikləri tam şəkildə yerinə yetirə bilmir və bu da göz qabağındadır. Bütün dünyada baş verən münaqişələr fonunda nə Təhlükəsizlik Şurası, nə də BMT münaqişələrin həllində üzərlərinə düşən vəzifələri icra edə bildi. Yəni bu qurumlar faktiki olaraq öz funksiyalarını yerinə yetirə bilmədilər".
Bu fikirləri Redaktor.az-a BMT-nin ləğv olunması ehtimalından danışan Bakı Dövlət Universitetinin dosenti, geosiyasət və konfliktologiya üzrə fəlsəfə doktoru, konfliktoloq Kərəm Məmmədov bildirdi.
Onun sözlərinə görə, məhz buna görə də yeni bir beynəlxalq nizamın qurulmasına, yaxud da beynəlxalq institutların formalaşdırılmasına ehtiyac yarandı:
"Alternativ olaraq, BMT-də ciddi islahatlar aparılmalı idi ki, bu qurum öz nizamnamə öhdəliklərini icra edə bilsin. Biz bunu ən yaxşı şəkildə öz təcrübəmizdə gördük. Belə ki, münaqişəmizlə bağlı BMT tərəfindən dörd qətnamə qəbul olundu, lakin onların heç biri icra edilmədi. Nəticədə biz öz gücümüz hesabına torpaqlarımızı işğaldan azad etdik və demək olar ki, BMT-nin qəbul etdiyi qətnamələri özümüz icra etdik. Bu səbəbdən də yeni beynəlxalq quruma ehtiyac hiss olunurdu. Məsələn, Donald Tramp super dövlətin prezidenti kimi bu təşəbbüsü üzərinə götürdü və Sülh Şurasının yaradılması ideyasını irəli sürdü. Müsbət hal ondan ibarətdir ki, Azərbaycan da təsisçi statusu ilə bu şuraya dəvət olundu və cənab prezident həmin şuranın nizamnaməsini imzaladı. Mən bunu dövlətimizin həyata keçirdiyi xarici siyasətin ən böyük uğurlarından biri hesab edirəm. Bu, çox müsbət və təqdirəlayiq haldır. Çünki görünən odur ki, Sülh Şurası gələcək dünya nizamının formalaşmasında və beynəlxalq münaqişələrin həllində müstəsna rol oynaya bilər. Buna görə də bu addım uzaqgörən və perspektivə hesablanmış bir qərardır və bunu alqışlamaq lazımdır. Cənab prezidentin hər zaman olduğu kimi həyata keçirdiyi uğurlu xarici siyasətin ən mühüm zirvələrindən biri kimi qiymətləndirilə bilər".
Nuriyyə NATİQQIZI