Azertag saytından verilən məlumata görə, Icma.az xəbər verir.
Bakı, 27 yanvar, AZƏRTAC
Davosda 1971-ci ildən bəri keçirilən Dünya İqtisadi Forumunun builki toplantısı da mühüm əhəmiyyətə malikdir. Qeyd etmək vacibdir ki, Forum “Ağıllı Əsr üçün Əməkdaşlıq” şüarı altında təşkil olunmuşdu və bu da toplantının önəmini xüsusilə vurğulayır. Forumun əsas prinsipləri ağıllı sənaye inkişafı, insan kapitalının gücləndirilməsi, iqlim və təbiətin qorunması və bu sahələrdə yeni texnologiyaların, elmi-tədqiqat institutlarının tətbiqi ilə bağlıdır ki, Azərbaycanda da bu istiqamətlər üzrə artıq ciddi işlər həyata keçirilir. Yaşıl enerjinin tətbiqi, külək enerjisi layihələri və COP29-un Azərbaycanda keçirilməsi bu baxımdan xüsusi əhəmiyyət daşıyır. Bütün bu xüsusiyyətlər ölkəmiz üçün mühüm müzakirə platforması yaratdı.
Bu fikirləri AZƏRTAC-a açıqlamasında “Sosial Strateji Tədqiqatlar və Analitik Araşdırmalar” İctimai Birliyinin sədri İlqar Hüseynli deyib.
Onun sözlərinə görə, forum, eyni zamanda, cəmiyyətlərarası etimadın möhkəmləndirilməsi baxımından da böyük əhəmiyyət kəsb edirdi. Burada həm rəsmi, həm də qeyri-rəsmi panellər və görüşlər təşkil olundu. Bu görüşlər ölkələrin öz texnologiyalarını, investisiya imkanlarını və iqtisadi potensiallarını paylaşması, yeni iqtisadi əlaqələrin qurulması və investisiya axınlarının cəlb edilməsi baxımından mühüm rol oynadı.
“Siyasi aspekt baxımından da forum Azərbaycan üçün xüsusilə əhəmiyyətli idi. Postmüharibə dövründə Azərbaycanın sülh gündəliyini beynəlxalq ictimaiyyətə düzgün çatdırması üçün mühüm imkanlar yaratdı. Dövlətimizin başçısının ABŞ Prezidenti ilə, eləcə də digər aparıcı dövlətlərin rəhbərləri ilə görüşləri bu baxımdan diqqətəlayiq oldu. Bu imkanlardan istifadə edərək Azərbaycan öz mövqeyini beynəlxalq ictimaiyyətə çatdırmaq imkanı əldə etdi. Eyni zamanda, Forum çərçivəsində ABŞ Prezidenti Donald Tramp tərəfindən “Sülh Şurası” adlı qurumun yaradılması təşəbbüsü də irəli sürüldü. Bu təşəbbüs geosiyasi baxımdan Azərbaycanın maraqlarına tam uyğundur və Sülh Şurasında iştirak ölkəmizin xeyrinədir. ABŞ kimi mühüm güc mərkəzi tərəfindən irəli sürülən bu modeldə Azərbaycanın təmsil olunması ölkəmizin qüdrətinin növbəti göstəricisidir”, - deyə QHT sədri əlavə edib.