Sülh Şurasının yaradılması iki dövlətli planın həyata keçirilməsinə aparır AÇIQLAMA

23.01.2026

Icma.az bildirir, Redaktor.az portalına istinadən.

Ötən gün Davos şəhərində ABŞ Prezidenti Donald Trampın işitirakı ilə Sülh Şurasının təsis sənədi imzalanıb. Şuraya üzv olan dövlətlər ABŞ, Səudiyyə Ərəbistanı, Qətər, BƏƏ, Argentina, Paraqvay, Macarıstan, Ermənistan, Azərbaycan, Bəhreyn, Bolqarıstan, İndoneziya, İordaniya, Qazaxıstan, Kosovo, Mərakeş, Monqolustan, Pakistan, Paraqvay, Türkiyə və Özbəkistandır.

Sülh Şurası qarşıda duran məqsədlərinə çata biləcəkmi?

Politoloq Natiq Miri Redaktor.az-a açıqlamasında bildirdi ki, ABŞ Prezidenti Donald Tramp tərəfindən yaradılan bu Sülh Şurasının ilk məqsədlərindən biri Qəzzada problemlərin həlli məsələsidir:

"İsrail–HƏMAS arasında atəşkəsin davamlı olması və nəticə etibarilə sülh prosesinin bərqərar olması, təbii ki, Qəzzanın bərpa məsələsi də bu mövzunun içinə aiddir. Ancaq Sülh Şurasının hələlik bəlli olan nizamnaməsinin bəzi müddəalarına baxsaq, bu, daha uzağa gedən hədəfləri özündə əks etdirir. Yəni qlobal səviyyədə sadəcə İsrail–HƏMAS arasında olan münaqişə deyil, mövcud bütün münaqişələrin həllini ehtiva edən bir qurumdur. Bu dövlətlər də təsisçi kimi prosesə daxil oldular. Həm də Donald Trampın bu təşəbbüsünü qlobal səviyyədə sülhü müdafiə etdikləri anlamını verir. Bu ölkələr ABŞ ilə, o cümlədən xüsusilə onun prezidenti Donald Trampla normal münasibətləri istəyən ölkələrdir. Müəyyən mənada Donald Trampın qlobal səviyyədə yürütdüyü siyasəti dəstəkləyən dövlətlərdir. Ona görə də ilk növbədə məhz bu dövlətlər Sülh Şurası qurumunun təsisçiliyinə razılıq veriblər".

Siyasi şərhçi vurğuladı ki, ən böyük töhfə də bu qurumun təsis olunması idi:

"Çünki bu bir təşəbbüsdür və təşəbbüs bu səviyyədə dəstəklənməsə və imzalanmasaydı, bunu təsis etmək mümkün olmazdı. Ona görə də bu ölkələrin prosesə qoşulması əslində Sülh Şurasının təsis olunmasına ən böyük töhfədir.

Sülh Şurasına qoşulan dövlətlər sırasında elə ölkələr mövcuddur ki, xüsusilə də qardaş Türkiyə və bilavasitə Yaxın Şərq regionunun əsas güclü ərəb ölkələri prosesə çox ciddi şəkildə töhfə verəcək. İstər maliyyə anlamında, istərsə də sülh prosesinin və atəşkəsin davamlı olması yönündə. Bu gün bir çox dövlətlər barmaq silkələyişləri ilə HƏMAS-ı qorxutmuş olsalar da, fakt ondan ibarətdir ki, nə ABŞ, nə də onun dəstəklədiyi İsrail HƏMAS-la baş edə bilmədi. Yəni HƏMAS-ı tam məğlub edə, tərksilah edə bilmədi. Ancaq HƏMAS-ın silahları təhvil verməsi prosesinə çox ciddi şəkildə təsir edə biləcək ölkələr var ki, bunların başında qardaş Türkiyə və bəzi ərəb ölkələri gəlir. Ona görə də, əlbəttə ki, qoşulan dövlətlərin müxtəlif səviyyələrdə də yardımları olacaq. Donald Trampın bu təşəbbüsünü dəstəkləməklə, digər tərəfdən kimsə ciddi maliyyə yardımı etməklə, kimsə də HƏMAS-la danışıqlarda qazandığı etimad nöqteyi-nəzərindən, prosesə təsir baxımından təsirli olacaq. Çünki HƏMAS etimad etmədiyi heç bir prosesə, dövlətə öz silahlarını təhvil verməklə prosesdən uzaqlaşmaz. Ancaq Türkiyə o dövlətlərdəndir ki, HƏMAS rəhbərliyi Türkiyəyə etibar edir".

Onun sözlərinə görə, Qəzzanın bərpa olunması, yenidən qurulması üçün yüz milyardlarla vəsaitə ehtiyac var:

"Bu prosesin illərlə idarə olunmasına ehtiyac var ki, müxtəlif dövlətlər bu səpkidə öz ağırlıqlarını qoyacaqlar. Ona görə də hər bir ölkə müxtəlif səviyyədə prosesə öz əhəmiyyətli təsirini göstərəcək. Ən əsas nəticə də ondan ibarətdir ki, Yaxın Şərqdə müharibə deyil, sülh bərqərar olacaq ki, bu da perspektivdə İsrail–Fələstin münaqişəsinin bitməsi və iki dövlətli sülh planının dövriyyəyə girməsi ilə danışıqların başlanmasına yol açır. İsrailin Baş naziri Benyamin Netanyahu hökuməti bunu təkzib edir, ancaq düşünürəm ki, bu, qaçılmaz bir prosesdir. Bütün bu proseslər, o cümlədən Sülh Şurasının yaradılması, Qəzzanın yenidən qurulması kimi proseslər nəticə etibarilə iki dövlətli planın həyata keçirilməsinə aparır. Çünki əks təqdirdə bu sülh davamlı ola bilməz. Davamlı ola bilməsi üçün bu münaqişəni yaradan səbəblər aradan qaldırılmalıdır və BMT-nin 1967-ci ildə qəbul etdiyi, Şərqi Qüdsün paytaxt olması kontekstində müstəqil Fələstin dövlətinin yaradılması ilə bitməlidir. Yalnız bu, uzunmüddətli davamlı sülhə zəmanət verə bilər və dinc yanaşı yaşamağı təmin edə bilər".

Aytəkin TOFİQQIZI

Sonrakı hadisələr barədə daha çox məlumat almaq üçün Icma.az saytını izləyin.
Читать полностью