Sülh təşəbbüsünə verilən dəyər: 30 illik münaqişəyə son qoyan iradə

24.01.2026

Icma.az bildirir, Baku.ws portalına istinadən.

Azərbaycan Prezidentinin "Zayed İnsan Qardaşlığı Mükafatı"na layiq görülməsinin başlıca səbəbi 30 illik münaqişənin sona çatdırılmasında oynadığı müstəsna roldur. Memarı Prezident İlham Əliyev olan sülh gündəliyinin dünyaya nümunə ola biləcəyini mükafatın münsiflər heyətinin üzvləri də qeyd edirlər.

Tarixi Zəfərimizdən sonra Prezident İlham Əliyevin rəhbərliyi ilə Azərbaycan və Ermənistan arasında yaradılan sülh gündəliyinin əks-sədası çox qısa zaman kəsiyində dünyanın bir çox bölgələrindən eşidilir. Qalib dövlət olsaq da, ali rəhbərliyin siyasi iradəsi və uzaqgörənliyi ilə başladılan sülh prosesi bu gün Cənubi Qafqazda illər öncə xəyal belə edilməyən proseslərin başlanmasına rəvac verib. Vaşinqtonda imzalanan mühüm razılaşmalardan keçən qısa müddət ərzində Azərbaycan və Ermənistan arasında artıq silahlar yox, əməkdaşlıq, ticarət, qarşılıqlı səfərlər və sülh diplomatiyası danışır. Bu reallığın əsas memarı isə, sözsüz, Azərbaycan tarixinə adını qızıl hərflərlə yazdıran Müzəffər Ali Baş Komandan, Prezident İlham Əliyevdir.

BAKU.WS mövzu ilə bağlı "Kaspi" qəzetinin məqaləsini təqdim edir:

Sülh təşəbbüsünə verilən dəyər: 30 illik münaqişəyə son qoyan iradə

30 illik münaqişəyə son qoyan iradə

Bunun məntiqi nəticəsi olaraq, Prezident İlham Əliyev dünyanın ən nüfuzlu mükafatlarından birinə - "Zayed İnsan Qardaşlığı Mükafatı"na layiq görülüb. Azərbaycan Prezidentinin bu ali mükafata layiq görülməsinin başlıca səbəbi 30 illik münaqişənin sona çatdırılması və bölgəmizə sülhün gəlişində İlham Əliyevin yorulmaz fəaliyyəti və qətiyyətidir. Bu vurğu Prezident İlham Əliyevin Müsəlman Ağsaqqalları Şurasının baş katibi Məhəmməd Əbdülsalam, "Zayed İnsan Qardaşlığı Mükafatı"nın münsiflər heyətinin üzvləri - Avropa İttifaqı Şurasının sabiq Prezidenti Şarl Mişel və Afrika İttifaqı Komissiyasının sabiq sədri Musa Fakinlə görüşündə də xüsusi qeyd olunub. Onlar 2026-cı il üzrə "Zayed İnsan Qardaşlığı Mükafatı"nın Azərbaycan və Ermənistan arasında sülhün əldə edilməsi ilə bağlı göstərdiyi səylərə görə Prezident İlham Əliyevə təqdim olunacağını bildirərək, bu il fevralın 4-də Birləşmiş Ərəb Əmirliklərinin paytaxtı Əbu-Dabidə mükafatın təntənəli təqdimat mərasiminin keçiriləcəyini deyiblər.

Sülh, barışıq və regional sabitliyin bərqərar edilməsi

Memarı Azərbaycan Prezidenti İlham Əliyev olan sülh gündəliyinin dünyaya nümunə ola biləcəyini münsiflər heyətinin üzvləri də qeyd edirlər.

"Münsiflər heyətinin adından demək istərdim ki, sülh sazişi üzrə uğurun əldə olunması üçün Zati-alinizin gördüyü işlər bizim hamımızı ruhlandırır və dünyanın müxtəlif yerlərində mövcud münaqişə bölgələri üçün sülhün möhtəşəm bir nümunəsidir. Biz və bütün dünya bunu dəyərlər baxımından yüksək qiymətləndiririk, çünki dünyanın həqiqətən buna ehtiyacı var. Həmin mükafatın sizə təqdim edilməsi sazişin sülh, barışıq və regional sabitliyin bərqərar edilməsi baxımından əhəmiyyətini göstərir", - deyə Müsəlman Ağsaqqalları Şurasının baş katibi Məhəmməd Əbdülsalam deyib.

Şarl Mişelin etirafları

"Zayed İnsan Qardaşlığı Mükafatı"nın münsiflər heyətinin üzvü, Avropa İttifaqı Şurasının sabiq Prezidenti Şarl Mişelin də Azərbaycan və Ermənistan arasındakı sülh prosesi ilə bağlı fikirləri maraq doğurur. Sirr deyil ki, vaxtilə Azərbaycan və Ermənistan arasında sülh prosesinin əsas vasitəçilərindən biri məhz Şarl Mişel olub. Lakin bu prosesə kənar müdaxilələr və bölgədə sabitliyin əldə olunmasına yaradılan süni maneələr həmin təşəbbüsün uğurla nəticələnməməsi ilə yekunlaşdı. Bunun məntiqi nəticəsi olaraq Prezident İlham Əliyev tərəfindən irəli sürülən ikitərəfli birbaşa danışıqlar formatı qısa zaman kəsiyində öz effektlivliyini göstərdi. Nəticəsi isə məlumdur. Bu reallığı Şarl Mişelin öz dilindən eşidək:

"Hesab edirəm ki, Sizin Ermənistanla birgə icra etdiyiniz sülh razılaşması dünya ölkələri üçün çox güclü bir siqnaldır. Yəni çətinliklərə, keçmiş və indiki iztirablara baxmayaraq, gələcəyə kiçik də olsa, nikbinliklə və ümidlə baxmaq üçün ortaq iradə var. Bu da bizim təşviq və müdafiə etmək istədiyimiz dəyərlərə bağlıdır. Çünki biz hesab edirik ki, bu dəyərlər gələcəkdə daha çox təşviq olunmalıdır. Bir daha qeyd etmək istəyirəm, biz Sizin liderliyinizi, bu sülh razılaşmasını təqdir edirik".

Müharibə artıq yoxdur

Azərbaycanın sülh baxışlarına dair qonaqları məlumatlandıran Prezident İlham Əliyev sülhün regional sabitlik və firavanlıq baxımından önəminə toxunub. Deyib ki, işğal zamanı xalqımızın üzləşdiyi əziyyətlərə, verdiyi qurbanlara baxmayaraq, Azərbaycan dayanıqlı sülhün bərqərar olunması üçün güclü siyasi iradə nümayiş etdirib.

"Yaxın keçmişə nəzər salsaq, bizim məsələmizin bir növ nadir olduğunu görərik. Yaxın keçmiş deyərkən, son onilliyi nəzərdə tuturam. Son qanlı döyüşlərdən sülhə gedən yol iki il zaman apardı. Əziyyətə və qurbanlara baxmayaraq, biz sülhün birdəfəlik bərqərar olunması üçün güclü siyasi iradə nümayiş etdirdik və artıq bunun bəhrəsini görürük", - dövlət başçısı vurğulayıb.

Bəli, Azərbaycanın gözləntiləri ortaya qoyulan iradə nəticəsində artıq özünü doğrultmaqdadır. Prezident İlham Əliyevin də vurğuladığı kimi, sülh şəraitində yaşamağa öyrəşirik:

"Hiss edirsiniz ki, müharibə artıq yoxdur, əlavə qurbanlar yoxdur, qan artıq tökülmür. Siz xalq, ölkə və inkişaf, rifah, sabitlik üçün daha çox işlər görə bilərsiniz. Yenə də düşünürəm ki, Azərbaycan ilə Ermənistan arasında əldə olunmuş razılaşma və bu cür mötəbər şəxslərdən ibarət qrupun verdiyi qiymət həqiqətən göstərir ki, sülhə nail olmaq üçün sizdə güclü siyasi iradə lazımdır. Bunu ürəkdən arzulamalısınız. Bunu sözdə yox, əməldə etməlisiniz".

"Zayed İnsan Qardaşlığı Mükafatı"

Xatırladaq ki, "Zayed İnsan Qardaşlığı Mükafatı" Müsəlman Ağsaqqalları Şurasının sədri, Əl-Əzhər Şərifin şeyxi, böyük imam Əhməd Məhəmməd Əhməd Əl Tayyib və mərhum Roma Papası Fransisk tərəfindən imzalanmış sənəd əsasında təsis olunub və Birləşmiş Ərəb Əmirliklərinin qurucusu, sabiq Prezidenti Şeyx Zayed bin Sultan Al Nəhyanın humanitar irsini və dəyərlərini təşviq edir. Prezident İlham Əliyevin bu mükafata layiq görülməsi, eyni zamanda, Müsəlman Ağsaqqalları Şurasının sədri, Əl-Əzhər Şərifin şeyxi, böyük imam Əhməd Məhəmməd Əhməd Əl Tayyibin, Roma Papası XIV Leonun və münsiflər heyətinin Azərbaycan Prezidentinin sülhün bərqərar olunması istiqamətində fəaliyyətinə verdikləri qiymətin təcəssümü kimi dəyərləndirilir. "Zayed İnsan Qardaşlığı Mükafatı"nın münsiflər heyətinin üzvlərinin ötən il dünya üzrə bütün sülh modellərinin araşdırılmasından sonra Azərbaycan ilə Ermənistan arasında sülh müqaviləsinin modelinin münaqişə və müharibə olan digər bölgələrdə də tətbiqi üçün gözəl nümunə olması barədə qərar qəbul ediblər.

Ən son xəbərləri və yenilikləri almaq üçün Icma.az saytını izləyin.
Читать полностью