Sülh üçün gözləmə mövqeyi: Paşinyanı ancaq seçiciləri düşündürür

08.05.2026

Cebheinfo saytından əldə olunan məlumata görə, Icma.az məlumat yayır.

Ermənistanda hakim “Vətəndaş Müqaviləsi” Partiyası konstitusiya islahatları prosesinə fasilə verib. 

Bu barədə “Hraparak” qəzeti məlumat yayıb. “Ermənistanın Baş naziri Nikol Paşinyan və komandası yeni Konstitusiya üzərində işi müvəqqəti olaraq təxirə salıb və parlament seçkilərindən sonra ona qayıdacaqlar”,-deyə adıçəkilən nəşr yazır. 

Qeyd edilir ki, bir aydan çoxdur Konstitusiya İslahatları Şurasının iclasları keçirilmir. Halbuki, əvvəllər iclaslar demək olar ki, hər həftə keçirilirdi:

“Fasiləyə səbəb odur ki, hakim “Vətəndaş Müqaviləsi” 7 iyun parlament seçkilərinə qədər gözləmək istəyir və yalnız onun nəticələrindən sonra konstitusiya referendumunun keçirilə biləcəyini müəyyən edə biləcək”. 

“Hraparak” yazır ki, bunun üçün partiyanın ya parlamentdə konstitusion çoxluğa, ya da koalisiya tərəfdaşına ehtiyacı var. Ədliyyə naziri Srbuhi Qalyanın layihəni təqdim etməyə hazır olması barədə açıqlamalarına baxmayaraq, nəşrin məlumatına görə, partiya rəhbərliyi hələ sənədin mətni ilə tanış olmayıb.

Baş nazir Nikol Paşinyan bu yaxınlarda bildirib ki, yeni konstitusiyada Müstəqillik Bəyannaməsinə istinadlar olmamalıdır. Çünki onun fikrincə, bu, münaqişə riskləri yaradır. 

Xüsusilə, bəyannamənin bəndlərindən biri Ermənistanın “Dağlıq Qarabağ”la birləşməsini nəzərdə tutur ki, Azərbaycan da buna qarşı çıxır və İrəvanla sülh müqaviləsinin imzalanmasını konstitusiyanın dəyişdirilməsinin mümkünlüyü ilə əlaqələndirir. 

“Hraparak” nəşrinin bu məlumatı Ermənistanın yeni konstitusiyasının qəbulu və Azərbaycanın şərtinin yerinə yetirilməsi ilə bağlı bir sıra məqamlara aydınlıq gətirir. 

İlk növbədə, konstitusiyanın yeni mətninin dərc olunması seçkilər başa çatana qədər təxirə salınır. Qeyd edək ki, Ermənistanın ədliyyə naziri konstitusiyanın mətninin mart ayında dərc olunacağını bildirmişdi. Lakin may ayı olmasına baxmayaraq, bu istiqamətdə hər hansı addım atılmayıb. 

Bu da seçkilər öncəsi revanşist müxalifətin təzyiqlərini neytrallaşdırmaq məqsədi daşıyır. Həm Baş nazir Nikol Paşinyanın verdiyi açıqlamalar, həm də yerli mətbuatda yayılan məlumatlar Ermənistanın yeni konstitusiyasından Azərbaycana və Türkiyəyə qarşı ərazi iddialarını nəzərdə tutan Müstəqillik Bəyannaməsinə istinad hissəsinin, yəni preambulanın çıxarıldığını göstərir. 

Medianın əldə etdiyi məlumatlara görə, bunun əvəzində Ermənistanın müstəqilliyini, suverenliyini və dövlətçiliyinin varisliyini qorumaq, insan hüquq və azadlıqlarını müdafiə etmək, demokratik, hüquqi dövləti möhkəmləndirmək, xalqın təhlükəsizliyini təmin etmək kimi məsələləri qarşıya məqsəd qoyan yeni preambula yazılıb. 

Bundan başqa, Ermənistanın sərhəd-keçid məntəqələrində pasportlara vurulan viza möhürlərindən və pasportların üzərindəki dövlət gerbindən Ağrı dağının təsvirinin çıxarılması konstitusiyanın 21-ci maddəsinə dəyişiklik ediləcəyindən xəbər verir. Lakin Paşinyan hökuməti bunları seçkilər öncəsi ictimaiyyətə açıqlamamaq qərarına gəlib. 

May ayının 8-də Ermənistanda seçkilərdə qeydiyyatdan keçən siyasi partiyaların və blokların təbliğat-təşviqat kampaniyası başlayır. Hakim “Vətəndaş Müqaviləsi” Partiyası rəy sorğularında birinci yerdə olmasına baxmayaraq, 2021-ci ildə keçirilmiş parlament seçkiləri ilə müqayisədə reytinqi xeyli aşağı düşüb. 

Ona görə də konstitusion çoxluğu qazana bilməyəcəyindən ehtiyat edən Paşinyan ali qanunun müzakirəsini arxa plana keçirməyə üstünlük verib. Əks təqdirdə, Samvel Karapetyan, Robert Köçəryan, Qagik Tsarukyan kimi nüfuzlu müxalifət liderləri seçki kampaniyasında Paşinyanın ölkənin maraqlarını Azərbaycana və Türkiyəyə güzəştə getdiyinə dair təbliğat apara bilərlər. 

Paşinyan isə hazırda daha çox seçkilərdə qələbəyə nail olmağa strateji məsələ kimi baxır. Çünki yalnız konstitusiyanın qəbulu deyil, eyni zamanda, Ermənistanla Azərbaycan arasında sülh müqaviləsinin imzalanması, kommunikasiyaların açılması və ümumiyyətlə, bölgədə sabitliyin təminatı iyunun 7-də keçiriləcək parlament seçkilərin nəticəsindən asılıdır. 

Rusiyaya bağlı revanşist müxalifət hakimiyyətə gələcəyi təqdirdə Azərbaycana qarşı ərazi iddialarını davam etdirəcəyini və sülh razılaşmalarından imtina edəcəyini gizlətmir. Bu isə münaqişənin yenidən bərpası deməkdir.

Azərbaycanla üçüncü ağır müharibəyə girmək isə Ermənistanın bir dövlət kimi mövcudluğuna son qoya bilər. Qeyd edilən kontekstdə Paşinyan hazırda seçkilərdə uğur əldə etməyə və parlamentdə səs çoxluğuna malik olmağa çalışır. 

Rəy sorğuları hakim partiyanın hazırda 23 faiz civarında sabit elektorata malik olduğunu göstərir. Tərəddüdlü seçicilərin sayı isə 18-20 faiz arasındadır. Çox güman ki, seçkilərdə əsas rəqabət hələ kimə səs verəcəyini müəyyənləşdirməmiş elektorat uğrunda gedəcək. 

Ona görə də Paşinyan konstitusiyanın yeni mətnini ictimaiyyətə açıqlamamaqla müxalifətin əlini gücləndirməməyə, eyni zamanda, 18-20 faiz tərəddüdlü seçici kütləsini itirməməyə çalışır.

Müşfiq Abdulla
"Cebheinfo.az"
.

Açar sözlər: sülh Paşinyan

Problemlərinizi bizə yazın, şahidi olduğunuz hadisələri çəkib göndərin

Ən son yeniliklər və məlumatlar üçün Icma.az saytını izləyin, biz hadisənin gedişatını izləyirik və ən aktual məlumatları təqdim edirik.
Читать полностью