Icma.az, Xalq qazeti portalına istinadən məlumatı açıqlayır.
Bazar günü İran İsrailin Beyrutun cənub ətraflarına hücumuna cavab olaraq İsrailə, Tel-Əvivin də Tehrana cavab olaraq İrana raket zərbələri endirib. Bu, 8 apreldə atəşkəs elan edildikdən bəri İrandan ilk birbaşa hücumdur.
ABŞ Prezidenti Donald Tramp İsrailin Baş naziri Benyamin Netanyahuya zəng edərək onu İranın raket hücumuna qarşı qisas almamağa inandırmaq niyyətini ifadə edib. “Axios” agentliyi Trampa istinadən bildirib: “İndi Bibiyə zəng edib ona cavab verməməyi deyəcəyəm. Hər tərəf artıq öz payını aldı. İsrail öz zərbəsini endirdi, İran da öz zərbəsini. Bizim daha bir raunda ehtiyacımız yoxdur”, - deyə Tramp bildirib.
Netanyahunun cavabı Amerika prezidentinin İsrail üzərində hələ də nə qədər təsir gücünə malik olduğunun göstəricisi ola bilərdi, əlbəttə, əgər cavab zərbələri endirilməsəydi. Lakin Prezident Donald Trampın Baş nazir Benyamin Netanyahunu qisas almaqdan çəkinməyə çağırmasına baxmayaraq, İsrail Müdafiə Qüvvələri (İMQ) İranın qərbi və mərkəzi bölgələrindəki hədəfləri vurduğunu bildirib. İran dövlət mediası Tehranda çoxsaylı partlayışlar barədə məlumat yayıb. ABŞ rəsmisi isə İsrail hücumlarının “nisbətən məhdud dairəni əhatə etdiyini” vurğulayıb. Bütün bunlardan sonra siyasi analitiklər belə bir sual ətrafında müxtəlif versiyalar irəli sürürlər: Yaxın Şərqdə müharibə yenidən qızışa bilərmi?
İMQ Tehrana raket zərbələrinin səbəblərini açıqlayaraq bəyan edir ki, İrandan atılan raketləri aşkarlanaraq məhv edilib, təcili yardım xidmətləri isə heç bir itki olmadığını bildirdi.
İslam İnqilabı Keşikçiləri Korpusunun (İİKK) verdiyi açıqlamada isə bildirilir ki, bazar ertəsi səhər tezdən İran ərazisinə edilən hücumda İsrail ballistik hava raketlərindən istifadə edib. Yarı-rəsmi “Tasnim” xəbər agentliyi Tehranın qərbindəki Kərəc şəhərində partlayış səslərinin eşidildiyi xəbərini yayıb.
“Fars” agentliyi mənbəyə istinadən İsrailin İranın cənub-qərbindəki Bəndərə Mahşardakı Karun neft-kimya zavoduna hava hücumu həyata keçirdiyini və zavodun bir hissəsinə zərər verdiyini bildirib. İsrail hücumu təsdiqləyib. “Əl-Cəzirə”, həmçinin iyunun 8-də səhər İsrail təyyarələrinin Təbrizdəki hərbi mərkəzə zərbə endirdiyini, ancaq tələfat olmadığını yayıb.
Analitiklər bu hücumlar mübadiləsini, 8 apreldə qüvvəyə minən atəşkəsdən, ABŞ, İsrail və İran arasında münaqişənin dayandırılmasından sonra ən ciddi sınaqlardan biri olduğunu bildirirlər. Bu insident həm də onu göstərir ki, Trampın dəfələrlə “razılaşma”nın yaxınlaşdığını iddia etməsinə baxmayaraq, Vaşinqton və Tehran sülh razılaşmasında çox az irəliləyiş əldə ediblər.
“Associated Press” agentliyi bildirir ki, İsrailin qisas hücumları vəziyyətin daha da gərginləşməsinə səbəb ola bilər. Belə ki, İsrailin İrana son hücumundan sonra Səudiyyə Ərəbistanı ABŞ qüvvələrinin yerləşdiyi Şahzadə Sultan Hava Bazası yaxınlığında raket həyəcanı elan ediblər. Digər tərəfdən döyüşlərin yenidən başlaması qorxusu neftin qiymətlərini yenidən artırıb və Brent markalı xam neftin qiyməti 3 faiz artaraq 1 barel üçün 96 dolları keçib. Yaxın Şərq münaqişəsinin başlanğıcından bəri əsas valyuta olan dollar, ən yaxşı onluqdakı valyutalara nisbətən möhkəmlənib.
“Axios” ABŞ-ın yüksək vəzifəli rəsmisinə və məlumatlı İsrail mənbəsinə istinadən xəbər verir ki, bazar günü Netanyahu ilə telefon danışığında Tramp İsrail liderindən İranın raket hücumuna cavab verməməsini və diplomatiya üçün daha çox vaxt ayırmasını istəyib. ABŞ prezidenti “The Financial Times” qəzetinə verdiyi açıqlamada daha sərt şəkildə bildirib ki, israilli həmkarı ABŞ-ın İranla əldə edəcəyi hər hansı bir razılaşmanı qəbul etməli olacaq. “Qərarları mən verirəm. Hər birini. Netanyahu heç nəyi həll etmir”.
Siyasi analitiklər bildirirlər ki, zərbə mübadiləsi İsrail və “Hizbullah” arasında gərginliyin artması fonunda baş verib. Bazar günü səhər tezdən Livan könüllülərinin İsrailin şimalındakı hədəflərə hücum etməsi, Tel-Əvivin Beyrutun cənub ətraflarına hava hücumuna səbəb olub və nəticədə iki nəfər həlak olub, 11 nəfər yaralanıb. Eyni zamanda, İranın Ali liderinin hərbi müşaviri Möhsün Rzayi yarı-rəsmi İran tələbə xəbər agentliyi ISNA-ya verdiyi müsahibədə İsrailə raket atılmasını Livanda “döyüş əməliyyatlarına son qoymaq üçün xəbərdarlıq” adlandırıb.
Məlumdur ki, İran ABŞ ilə razılaşma üçün ilkin şərt olaraq Livanda atəşkəs tələb edir. Lakin ötən həftə “Hizbullah” Dövlət Departamenti tərəfindən bir neçə saat əvvəl elan edilən, ABŞ-ın vasitəçiliyi ilə İsrail və Livan arasında atəşkəs razılaşmasını rədd edib.
Tehran isə israr edir ki, müharibəni birdəfəlik dayandırmaq üçün hər hansı bir razılaşma, İsrailin İran tərəfindən dəstəklənən “Hizbullah” hərəkatına qarşı kampaniya apardığı Livandakı paralel münaqişəyə də son qoymalıdır. İran xəbərdarlıq edib ki, Beyruta qarşı hər hansı yeni hücum hərbi əməliyyatların “yenidən tammiqyaslı başlamasına” səbəb olacaq.
Daha əvvəl İranın Ali lideri Müctəba Xameneinin İsrailin Beyruta hücumlarına cavab olaraq ona zərbələr endirməyə icazə verdiyi barədə xəbərlərdən sonra İİKK İsrailə hücum etməyə hazır olduğunu bəyan edib.
Bu arada məlumat yayılıb ki, Vaşinqtonda Trampın komandası Fars körfəzindəki müttəfiqlərinə kömək etmək və İslam Respublikasının vurduğu ziyanı aradan qaldırmaq üçün ABŞ-da dondurulmuş İran aktivlərindən istifadə etmək planı hazırlayır. Hətta Tramp bazar günü verdiyi müsahibədə “razılaşma” nəticəsində İran aktivlərinin dondurulmasını dayandırmaq və ya İrana qarşı sanksiyaları ləğv etmək niyyətində olmadığını bildirib. Tramp “NBC News”un müxbiri Kristen Uelkerə verdiyi müsahibədə deyib: “Əgər onlar yaxşı davranarlarsa, borclu olduqları hər şeyi yerinə yetirərlərsə, onda aktivlərin dondurulmasının ləğvi barədə danışmağa başlayacağıq”.
İran xarici işlər nazirinin müavini Kazım Qərib-Abadi sosial mediada ölkəsinin aktivlərinin nə “Vaşinqtonun müharibə qəniməti, nə də müttəfiqlərinə ödəniş üçün fond” olmadığını bildirərək, bu fikri rədd edib. O, həmçinin qeyd edib ki, İran hələ də İsrail və ABŞ-ın 28 fevralda başladığı müharibədən dəyən ziyana görə “tam kompensasiya” tələb edir.
İran hökumətinin kommunikasiya naziri Məhəmməd Momani isə öz ofisində bildirib ki, bazar günü axşamı regionda “yenidən gərginləşmə”dən sonra bir neçə raket İordaniya hava məkanını pozub.
Bütün bunlara baxmayaraq, bazar günü Prezident Donald Tramp İranın İsrailə qarşı son raket hücumunun davam edən danışıqlar prosesinə zərər verdiyini söyləsə də, razılaşmanın hələ də əldə edilə biləcəyinə dair nikbinliyini bildirib. “Fox News”un baş beynəlxalq icmalçısı Treem İnqstlə söhbətində Tramp, hücumun diplomatik səyləri çətinləşdirəcəyini gizlətməyib: “Bu, əlbəttə ki, danışıqlara kömək etməyəcək. Biz razılaşmaya çox yaxınıq. Deyərdim ki, razılaşma gələn həftənin bazar ertəsi, çərşənbə axşamı və ya çərşənbə günü imzalana bilərdi. Amma sonra bu baş verir”, - deyə Tramp bu fikrindən sonra İrana müraciət edib: “Raketlərinizi atdınız - bu kifayətdir. Danışıqlar masasına qayıdın və razılaşma əldə edin”.
ABŞ prezidenti, həmçinin İranın endirdiyi zərbələrin əhəmiyyətini azaltmağa çalışır. O, “Axios”a verdiyi müsahibədə bildirib ki, “İran zərbələri heç kimə zərər verməyib. Ümid edirəm ki, İsrail qisas almayacaq. Əgər Bibi cavab zərbəsi endirərsə, bu son 47 ildəki kimi və ya son 3 min ildəki kimi davam edəcək”.
Beləliklə, İsrailin Beyruta hücum etməsindən və İranın bir neçə raket dalğasından sonra Yaxın Şərqdə atəşkəs pozulmaq həddindədir. Tramp isə İranla uzunmüddətli razılaşma ümidlərini puça çıxara biləcək eskalasiyanı dayandırmaq üçün mübarizə aparır. O, “Axios”a müsahibəsində danışıqların müsbət nəticələnməsinə çox maraqlı olduğunu gizlətmir və deyir: “İranla yekun razılaşmaya çox yaxınıq. Bu, yaxşı bir razılaşma olacaq. İndi baş verənlərə görə onun dağılmasını istəmirəm”.
Analitiklərin bir çoxu bildirir ki, Trampın İsrailin cavab verməkdən çəkindirməsi tələbi olduqca qeyri-adi görünür. ABŞ-ın dəstəyi olmadan İsrailin İrana hər hansı bir hücumu daha çətin və riskli olardı. ABŞ rəsmisi analitiklərin bu şübhələrini cavablandırmaq məqsədilə “Axios”a deyib: “Biz iştirak etmirik”. Lakin Trampın İsrailin İrana zərbə endirilməsi halında, xüsusən də havada yanacaqdoldurma və digər hərbi qarşılıqlı əlaqələrlə bağlı, ABŞ ordusuna Tel-Əvivə yardımı dayandırmağı əmr edib-etməyəcəyi hələ də məlum deyil.
İran tərəfindən məsələnin gizli məqamlarına işıq salan bəzi açıqlamalar analitiklərə şübhələrində nə qədər haqlı olduqlarını göstərir. Məsələn, “İrna” agentliyi sionist media orqanına istinadən bildirir ki, İsrailin İrana hücumları ABŞ ilə koordinasiyalı şəkildə həyata keçirilib və bununla da Ağ Evin ABŞ-ın İsrail hücumunda iştirak etmədiyi iddiası təkzib edilib.
“Reuters” isə İran Parlamentinin spikeri Məhəmməd Baqeri Qalibafın “X” sosial şəbəkəsindəki açıqlamasını sitat gətirir. Spiker yazıb ki, ABŞ-ın İrana qarşı dəniz blokadası və İsrailə Livanda hücumları artırmaq üçün verilən icazə Yaxın Şərqdəki ABŞ bazalarını və İsrail obyektlərini İran üçün qanuni hədəfə çevirir. “Onlar atəşkəs istəmirlər və dialoqa inanmırlar. Dəniz blokadası və Livan müqavilələrini pozmaqla, onlar yalnız güc dilini başa düşdüklərini göstərdilər”, – deyə Qalibaf ABŞ və İsraili nəzərdə tutaraq yazır.
Adının çəkilməməsini istəyən yüksək vəzifəli İran rəsmisi hələ bu ilin mart ayında ABŞ və İsrailin təcavüzə, genişmiqyaslı və uzunmüddətli nəticələrə səbəb olacaq müharibəyə başlayacağını bildirmişdi. O, həmçinin əlavə etmişdi ki, Tehran ABŞ-İsrail birgə təcavüzündən təəccüblənmir, İranınsa vaxt məhdudiyyəti olmayan hərtərəfli cavab planı var: “Biz İsrailə aydın şəkildə bildiririk ki, onlar gələcəkdə baş verəcək hadisələrə hazırlaşmalıdırlar. Cavabımız açıq olacaq və qırmızı xətlərimiz yoxdur. Yaxın Şərqdəki bütün Amerika və İsrail aktivləri və maraqları qanuni hədəflərə çevrilib və bu təcavüzdən sonra qırmızı xətlər olmayacaq. Əvvəllər nəzərdən keçirilməmiş ssenarilər də daxil olmaqla, hər şey mümkündür”, - deyə İran rəsmisi hələ 3 ay əvvəl xəbərdarlıq edib.
İranın Ali Liderinin baş müşaviri Əli Vilayəti isə bildirib ki, əgər İsrail münaqişəni qızışdırmağa davam edərsə, Tehran Yaxın Şərqdə daha bir həyati əhəmiyyətli dəniz dəhlizi olan Bab əl-Məndəb boğazını bağlaya bilər.
“Euro news” yazır ki, bir neçə gündür İran və ABŞ arasında kövrək atəşkəs barədə danışıqlar İsrail ilə Livanın “Hizbullah” şiə qruplaşması arasında gedən döyüşlər səbəbindən faktiki olaraq dayandırılıb. İsrail hazırda Livanın cənubuna nəzarət edir və ölkənin, təxminən, 25 ildir işğal etmədiyi ərazilərinə doğru irəliləyib ki, bu da hərbi kampaniyanın daha da genişlənməsi ilə bağlı ehtimalları gücləndirir.
Almaniyanın “DW” portalı Donald Trampın “NBC News”a verdiyi müsahibəni şərh edərək bildirir ki, ABŞ Prezidenti İranla mümkün razılaşmanın bir hissəsi olaraq qəbul etməyə hazır olmadığı güzəştləri açıqlayıb: “Tehrana qarşı sanksiyalar əvvəlcədən qaldırılmayacaq; bu, yalnız sülh razılaşmasından sonra mümkün olacaq”.
Donald Tramp bildirib ki, İran aktivlərinin dondurulmasını və ya İslam Respublikası rəhbərliyinə qarşı sanksiyaları əvvəlcədən hər hansı bir razılaşmanın bir hissəsi kimi ləğv etməyəcək; bu, yalnız sülh razılaşmasından sonra mümkün olacaq. “Bu, daha sonra olacaq. Əgər onlar düzgün davransa, yaxşı iş görsələr, bu barədə danışmağa başlayacağıq”, - deyə Tramp iyunun 7-də dərc olunmuş “NBC News”un “Meet the Press” verilişinə verdiyi müsahibədə bildirib. Elə bu verilişdə Tramp “Hizbullah”a qarşı “daha hədəflənmiş” zərbələr endirməyə çağırıb. Halbuki, bununla eyni vaxtda, bazar günü Ağ Evin sahibi “Axios”a verdiyi müsahibədə İsrailin Beyruta hücumlarını tənqid edərək bundan “məmnun olmadığını” söyləyir.
Görünür, elə buna görədir ki, Prezident Tramp Livanın Tehranla qısamüddətli razılaşmaya daxil edilməsini tələb etmədiyini bildirib: “Düşünürəm ki, onlar (İran–XQ.) bunu istəyərlər, amma mən bunu tələb etmirəm”. O, həmçinin İsraili Livanda yerləşən radikal şiə qrupu “Hizbullah”a qarşı “daha hədəflənmiş” zərbələr endirməyə çağıraraq deyib: “Livanda həyatın daha yaxşı olmasını istərdim. Hizbullaha qarşı daha hədəflənmiş zərbələr görmək istərdim. Düşünürəm ki, onlar daha hədəflənmiş olmalıdır”.
Prezident Tramp müsahibəsində həmçinin müharibənin əvvəlində ABŞ zərbələrində yaralandığından bəri ictimaiyyət qarşısına çıxmayan İranın Ali lideri Müştəba Xamenei ilə birbaşa danışıqlara hazır olduğunu da bildirib. Tramp gənc Xameneinin dəqiq yerini bilib-bilmədiyi və ya İranda olub-olmadığı soruşulduqda, qəti cavab verməkdən imtina edib. “Onun harada olduğunu bilib-bilmədiyimi demək istəmirəm. Amma bildiyim çox ehtimal olunur”, - deyə Tramp bildirib.
Baş verənlər və tərəflərin danışıqlar masasında müzakirə etdiyi məsələlərdə ziddiyyətlərin olduğu bir daha onu göstərir ki, Yaxın Şərqdə sülhə hələ çox var. Müharibə isə bu regionun üzərində “Damokl qılıncı” kimi asılmaqda davam edir. Münaqişənin hər an yenidən alovlanmayacağına isə heç kim təminat verə bilməz. Bunun isə daha dağıdıcı və fəlakətli bir müharibə olacağı istisna olunmur.
İlqar RÜSTƏMOV,
XQ-nin siyasi analitiki