Xalq qazeti saytından alınan məlumata görə, Icma.az bildirir.
Ötən əsrin doxsanıncı illərində Heydər Əliyev və Eduard Şevardnadze ümumi “Qafqaz evi” ideyasını dilə gətirəndə söhbət ilk növbədə regionun öz daxilində institutlaşmış əməkdaşlıq arzusundan gedirdi. Amma o dövrdə böyük güclərin bir-birini neytrallaşdıran maraqları ideyanı kağız üzərində saxladı, region isə əks istiqamətdə– parçalanma istiqamətində getdi. Otuz il sonra həmin metafora yenidən aktuallaşır, amma tamamilə fərqli kontekstdə. Bu dəfə onu gündəmə gətirən 2020-ci il müharibəsindən sonra dəyişmiş güc balansı və onun yaratdığı praktik ehtiyaclardır.
II Qarabağ müharibəsi regionun siyasi həndəsəsini diplomatik müstəvidə də dəyişdi. 10 noyabr 2020-ci il üçtərəfli Bəyanatın doqquzuncu bəndi bütün iqtisadi və nəqliyyat əlaqələrinin açılmasını ehtiva edir və bununla da sülhün gündəliyi hərbi-siyasi müstəvidən iqtisadi müstəviyə keçdi. 2021-ci il yanvarın 11-də Moskvada imzalanan sənəd həmin bəndi konkretləşdirdi: dəmir yolu və avtomobil əlaqələrinin bərpası, sərhədkeçmə prosedurlarının sadələşdirilməsi, iqtisadi əlaqələrin canlandırılması. Elə həmin dövrdə, 2020-ci ilin dekabrında Türkiyə 3+3 təklifini irəli sürdü – üç Cənubi Qafqaz dövləti ilə üç qonşu qüdrətin bir masada oturması.
Formatın faktiki taleyi isə dərhal məlum oldu: ilk görüş 2021-ci il dekabrın 10-da Moskvada xarici işlər nazirlərinin müavinləri səviyyəsində keçirildi və Gürcüstan ona qatılmadı. Çünki Rusiya Gürcüstanın ərazi bütövlüyünü tanımır. Buradan iki nəticə çıxır. Birincisi, 3+3 yarandığı gündən natamam idi. İkincisi, format barədə ilk gündən iki fərqli oxuma mövcud idi. Moskva üçün bu, qeyri-regional güclərin, ilk növbədə, Avropa İttifaqının və ABŞ-nin Cənubi Qafqazdan sıxışdırılması aləti kimi görünürdü; Bakı üçün isə prioritet sülh gündəminin məhz region dövlətlərinin masasına keçməsi, vahid vasitəçiyə eksklüziv mandat verilməməsi idi.
Burada bir incəlik var ki, Azərbaycan diplomatiyasının son beş ildəki davranışını məhz o izah edir. Rəsmi mövqe ondan ibarətdir ki, heç bir format təkbaşına sülhün zamininə çevrilə bilməz, ona görə də eyni vaxtda bir neçə kanal işləməlidir. 3+3 bu siyahıda birinci deyil, amma ən perspektivli sayılır, çünki regionun coğrafi reallığını danmır və İran kimi aktoru sülh prosesinin tərəfinə çevirir.
***
2023-cü ilin sentyabrında birgünlük əməliyyatdan və qondarma qurumların buraxılmasından sonra sülh danışıqlarının mümkün olmayan hissəsi ortadan qalxdı; 7 dekabr 2023-cü il birgə bəyanatı, əsirlərin azad edilməsi, 19 aprel 2024-cü ildə Qazax-Tovuz istiqamətində dörd kəndin qaytarılması və sərhədin 1991-ci il Alma-Ata bəyannaməsi əsasında delimitasiyası ardıcıl addımlar sayılır. 2025-ci ilin yazında sülh müqaviləsinin mətni üzrə razılıq elan olundu və prosesin son maneəsi – nəqliyyat əlaqələrinin hüquqi rejimi – avqustun 8-də Vaşinqtonda aradan qalxdı. Prezident İlham Əliyev və baş nazir Nikol Paşinyan sülh müqaviləsini parafladılar, yaxın gələcəkdə imzalanacağını bəyan etdilər və əlaqələrin açılması barədə razılığa gəldilər.
Vaşinqton razılaşmasının mahiyyəti Ermənistan ərazisinin təxminən 44 kilometrlik hissəsindən keçən marşrutun beynəlxalq idarəetmə mexanizminə verilməsidir — rəsmi adı ilə "Beynəlxalq Sülh və Rifah üçün Tramp Yolu". Bakı üçün bu, diplomatik qələbədir: dəhliz müqavilə ilə, üstəlik, Amerikanın zəmanət və iştirakı ilə açılır. Eyni zamanda, Bakı dəfələrlə vurğulayıb ki, söhbət eksterritoriallıqdan getmir: marşrutun keçdiyi dövlətin suverenliyi toxunulmazdır, gömrük və sərhəd nəzarəti onun ixtiyarındadır. Bu formulun mahiyyəti ondan ibarətdir ki, Azərbaycan üçün prioritet nəzarət deyil, davamlılıqdır. Marşrut işləməlidir, hər il minlərlə yük keçməlidir, sərhəd isə hər hansı siyasi dəyişikliyin girovuna çevrilməməlidir.
***
Orta Dəhliz, Bakı-Tbilisi-Qars dəmir yolu, Ələt limanı, Xəzərin o tayındakı Qazaxıstan və Türkmənistan yükləri – bütün bunlar bir-birini tamamlayan halqalardır və Cənubi Qafqazın tranzit qovşağı kimi dəyərini artırır. Dünya Bankının hesablamalarına görə, koordinasiyalı infrastruktur investisiyaları və əməliyyat islahatları dəhlizdə yükdaşıma vaxtını yarıya endirə, yük həcmini 2030-cu ilə qədər üç dəfə artıra bilər; Azərbaycan, Gürcüstan və Qazaxıstanın Avropa İttifaqı ilə ticarətində isə təxminən 28 faiz artım proqnozlaşdırılır.
Bu arxitekturanın ən zəif nöqtəsi onun tam olmamasıdır. Gürcüstanın 3+3-dən kənarda qalması Bakı üçün strateji problemdir, çünki qərb istiqamətindəki bütün marşrutlar Tbilisidən keçir. Rəsmi Bakının cavabı səbirli və praqmatikdir: Gürcüstanın Rusiya ilə ərazi mübahisəsi Abxaziya və Cənubi Osetiya reallığı ilə bağlıdır və Bakı bu reallığı dəyişə bilməz. Azərbaycan üçün Gürcüstan həm də şimal-cənub dəhlizinin tarazlığıdır: Tbilisi olmadan evin qapıları yalnız şərqə açılır, bu isə regionun tranzit dəyərini azaldır.
İran amili isə tamamilə fərqli müstəvidə işləyir. Yeni marşrut İranın Naxçıvana gedən tranzitini sarsıdır və buna görə Tehranın reaksiyası sərt oldu — rəsmi şəxslər layihəni açıq şəkildə təhdid dili ilə qiymətləndirdilər. Amma Bakı bu kartı birtərəfli oynamır: cənub marşrutu — Astara, Rəşt, Horadiz istiqamətləri — qorunur və İranla əlaqələr kəsilmir. 2025-ci ilin iyununda İranla İsrail arasındakı on iki günlük müharibə Tehranın regional manevr imkanlarını obyektiv olaraq zəiflətdi və Bakının balanslaşdırma siyasətini asanlaşdırdı, lakin İranı regionun tənliyindən çıxarmaq həm coğrafi, həm də siyasi cəhətdən mümkünsüzdür. 3+3-ün İran üçün dəyəri də elə bundadır: format Tehran üçün masada oturmaq, təcrid olunmaq əvəzinə şərtləri danışmaq imkanıdır.
Rusiya isə son beş ildə regionda təsirini itirən, amma hələ də tamamilə çıxmayan aktordur. 2024-cü ildə rus sülhməramlılarının Qarabağdan çıxması Moskvanın zəmanət rolunun faktiki olaraq sona çatması demək idi; Ukrayna müharibəsi və sanksiyalar Rusiyanın Cənubi Qafqazda resurs və diqqət imkanlarını sərhədləyib. 3+3 bu dilemma üçün nəzəri cavab verir — Rusiyaya masaya dəvət olunmuş statusu təklif etməklə onun destruktiv davranışının səbəbini azaltmaq.
***
Bu günə qədər 3+3 ətrafında keçirilən görüşlərin sayı azdır. Onun katibliyi, büdcəsi, hüquqi qüvvəsi olan sənədləri yoxdur. Tənqidçilər haqlı olaraq qeyd edirlər ki, bu cür platformalar çox vaxt regional elitaların manevr sahəsini genişləndirən, lakin real inteqrasiya yaratmayan performativ təşəbbüslər olaraq qalır. Bakının cavabı praktikdir: əvvəl layihə, sonra institut. Mina təmizlənməsi, sərhədkeçmə prosedurlarının rəqəmsallaşdırılması, elektrik şəbəkələrinin birləşdirilməsi, Xəzər küləyinin hasilatı və ötürülməsi, su ehtiyatlarının birgə monitorinqi. Bu siyahıda hər bir bənd siyasi iradədən daha çox texniki razılaşma tələb edir və məhz buna görə də həyata keçirilə biləndir. Funksional əməkdaşlıq yolu ilə yaranan etimad sonradan siyasi formatı da daşıyır; əksi isə tarixdə dəfələrlə iflasa uğradı.
Bununla belə, ayıq qiymətləndirmə tələb edən bir risk qalır: iqtisadi dəhliz siyasi həll olmadan kövrəkdir. Bir sərhəd insidenti, bir gərginlik dalğası və ya Ermənistanın daxili siyasi böhranı bütün arxitekturanı geri qaytara bilər. Ermənistanda kilsənin və müxalifətin təzyiqi, konstitusiya məsələsinin açıq qalması Bakının ən çox izlədiyi dəyişənlərdir. Bakı bununla hesablaşır, amma hesab edir ki, geri dönüş yolunun iqtisadi qiyməti artıq çox yüksəkdir. Elə Ermənistan üçün də.
Şəbnəm ZEYNALOVA,
XQ-nin analitiki, Dövlət
İdarəçilik Akademiyasının dosenti,
siyasi elmlər üzrə fəlsəfə doktoru