Xalq qazeti saytından alınan məlumatlara görə, Icma.az xəbər verir.
Ölkəmiz üçün əsas məsələ davamlı regional sabitlikdir
Ermənistan və Azərbaycan arasında sülh prosesi gündəmin əsas mövzularından biri olaraq qalır. Ermənistan parlamentinin vitse-spikeri Ruben Rubinyan ilə Avropa İttifaqının Cənubi Qafqaz və Gürcüstandakı böhran üzrə xüsusi nümayəndəsi Maqdalena Qrononun görüşü bu istiqamətdə aparılan diplomatik təmasların davamıdır. Görüş zamanı Ermənistan–Azərbaycan sülh prosesi ilə yanaşı, regional təhlükəsizlik, sabitlik, nəqliyyat və logistika imkanları ətrafında fikir mübadiləsi aparılıb.
Ermənistan parlamentinin Müdafiə və təhlükəsizlik məsələləri üzrə daimi komissiyasının sədri Andranik Köçəryan ilə Aİ-nin Ermənistandakı mülki missiyasının rəhbəri Satu Koyvunun görüşündə də sülh sazişi, sərhədlərin delimitasiyası və demarkasiyası, eləcə də TRIPP layihəsi əsas müzakirə mövzularından olub. Bu təmaslar göstərir ki, Ermənistan–Azərbaycan münasibətlərinin normallaşdırılması prosesi beynəlxalq aktorların diqqət mərkəzindədir.
Azərbaycan üçün sülh prosesi yalnız siyasi razılaşmadan ibarət deyil. Bu prosesin əsasını beynəlxalq hüququn təməl prinsipləri çərçivəsində Azərbaycanın ərazi bütövlüyünün və dövlət suverenliyinin tanınması təşkil edir. 30 il davam edən münaqişədən sonra 2020-ci il Vətən müharibəsi və 2023-cü ilin sentyabrında keçirilən antiterror tədbirləri nəticəsində Azərbaycanın ərazi bütövlüyü tam bərpa olunub və regionda yeni siyasi reallıq yaranıb. Bu səbəbdən hazırkı mərhələdə əsas diqqət sülh müqaviləsinin yekunlaşdırılmasına, sərhədlərin delimitasiyası və demarkasiyasının davam etdirilməsinə, regional kommunikasiyaların bərpasına, eləcə də Azərbaycan və Ermənistan arasında münasibətlərin yeni hüquqi əsaslar üzərində qurulmasına yönəlib.
Bu baxımdan, 2025-ci il avqustun 8-də Vaşinqtonda keçirilən görüş zamanı tərəflərin sülh sazişi mətnini ilkin paraflaması, Birgə Bəyannamənin qəbulu prosesə siyasi təkan verən hadisədir. Həmin sənəddə həm də diplomatik münasibətlərin qurulması, sərhəd məsələlərinin müəyyən mexanizmlər əsasında həlli, delimitasiya və demarkasiya prosesinin davam etdirilməsi, eləcə də keçid dövründə etimad quruculuğu tədbirlərinin həyata keçirilməsi nəzərdə tutulur. Azərbaycan hesab edir ki, bunlar yalnız konkret hüquqi öhdəliklər və qarşılıqlı məsuliyyət əsasında mümkündür.
Son onilliklərin təcrübəsi göstərir ki, qeyri-müəyyənlik, ziddiyyətli yanaşmalar və qarşılıqlı etimadsızlıq yeni gərginliklərə yol açır. Buna görə də sülh sazişinin əsas məqsədi yalnız münaqişədən sonrakı vəziyyəti hüquqi baxımdan rəsmiləşdirmək deyil, həm də gələcək münasibətlər üçün sabit və proqnozlaşdırılan çərçivə yaratmaqdır.
Bu baxımdan Ermənistan Konstitusiyası ilə bağlı məsələ Azərbaycanın diqqət mərkəzindədir. Bakıya görə, Ermənistanın əsas qanunvericiliyində Azərbaycan tərəfindən ərazi iddiası kimi qiymətləndirilən müddəaların aradan qaldırılması sülhün hüquqi təminatlarının möhkəmləndirilməsi baxımından vacibdir. İki dövlət arasında yeni mərhələdə münasibətlər qarşılıqlı tanınma, suverenliyə hörmət və ərazi bütövlüyü prinsipləri üzərində qurulmalıdır.
Aydındır ki, sülh prosesinin mühüm istiqamətlərindən biri də regional kommunikasiyaların açılmasıdır. Azərbaycanın əsas hissəsi ilə Naxçıvan arasında etibarlı nəqliyyat bağlantısının yaradılması bu baxımdan xüsusi əhəmiyyət daşıyır. TRIPP layihəsi və Zəngəzur istiqamətində nəqliyyat imkanlarının genişləndirilməsi yalnız Azərbaycan üçün deyil, bütövlükdə region üçün iqtisadi perspektivlər yaradır.
Marşrutun reallaşması Cənubi Qafqazın Şərq–Qərb nəqliyyat dəhlizində rolunu artıraraq regional ticarət və tranzit imkanlarını genişləndirir. Bununla yanaşı, sülh prosesinin qarşısında hələ də mühüm vəzifələr qalır. Sazişin imzalanması ilə yanaşı, onun icra mexanizmlərinin formalaşdırılması, sərhədlərin delimitasiyası və demarkasiyası, nəqliyyat kommunikasiyalarının praktiki fəaliyyətə başlaması, eləcə də qarşılıqlı etimadın möhkəmləndirilməsi növbəti mərhələnin əsas istiqamətlərini təşkil edəcək.
Onu da qeyd edək ki, uzunmüddətli qarşıdurmadan sonra qarşılıqlı inamın bərpası zaman tələb edən mürəkkəb prosesdir. Bu baxımdan humanitar məsələlərin həlli, insanlar arasında əlaqələrin tədricən bərpası və qarşılıqlı əməkdaşlıq imkanlarının genişləndirilməsi sülh gündəliyinin vacib hissəsidir. Beləliklə, qarşıdakı mərhələnin əsas məqsədi əldə edilmiş siyasi iradəni real sülh mexanizmlərinə çevirməkdir. Yalnız hüquqi razılaşmaların icrası, regional əməkdaşlıq platformalarının yaradılması və qarşılıqlı etimadın möhkəmləndirilməsi yolu ilə Cənubi Qafqazda uzunmüddətli sabitliyə nail olmaq mümkündür.
Mövzu ilə bağlı siyasi şərhçi Elməddin Behbud XQ-yə bildirdi ki, Azərbaycan üçün əsas məqsəd müharibədən sonrakı dövrdə möhkəm və geridönməz sülh sisteminin qurulmasıdır: “Bunun üçün isə bütün tərəflər yeni reallıqları qəbul etməli, beynəlxalq hüququn prinsiplərinə hörmət göstərməli və gələcək əməkdaşlıq imkanlarını ön plana çıxarmalıdırlar. Rubinyan–Qrono görüşü və digər diplomatik təmaslar göstərir ki, sülh prosesi davam edir və müxtəlif platformalarda müzakirələr aparılır. Lakin bu prosesin uğuru tərəflərin siyasi iradəsindən və əldə olunmuş razılaşmaların real addımlarla möhkəmləndirilməsindən asılı olacaq”.
Ekspertin sözlərinə görə, əgər Azərbaycan və Ermənistan arasında davamlı sülh əldə olunarsa, bu, yalnız iki ölkənin münasibətlərində yeni səhifə açmayacaq, həm də Cənubi Qafqazın siyasi xəritəsini dəyişdirə, regionu uzun illər davam edən qarşıdurma məkanından iqtisadi əməkdaşlıq və təhlükəsizlik zonasına çevirə bilər. Ona görə də qarşıda duran əsas vəzifə əldə olunan siyasi razılaşmaları real sülh mexanizmlərinə çevirməkdir. Bunun üçün sərhədlərin delimitasiyası, kommunikasiya xətlərinin açılması, qarşılıqlı etimadın yaradılması və gələcək münasibətlərin hüquqi əsaslarının möhkəmləndirilməsi vacibdir”.
Məsələ barədə danışan Vaşinqton Yaxın Şərq Siyasəti İnstitutunun eksperti Anna Borşçevskaya bildirib ki, sülh sazişinin gələcəyi yalnız beynəlxalq razılaşmalardan deyil, həm də Ermənistanın daxili siyasi proseslərindən asılı olacaq: “Konstitusiya dəyişiklikləri, parlament seçkiləri və ictimai dəstək məsələləri prosesin sürətinə təsir göstərəcək. Ümumilikdə, Ermənistan–Azərbaycan sülh sazişi imzalanarsa, bu, təkcə iki ölkə arasındakı münaqişənin yekunlaşdırılması deyil, həm də Cənubi Qafqazda yeni iqtisadi və geosiyasi reallıqların formalaşması baxımından mühüm hadisə olacaq”.
Beləliklə, 2025-ci ilin avqustunda Vaşinqtonda əldə olunan razılaşmalar illərdir davam edən münaqişənin yekun həlli istiqamətində mühüm mərhələ hesab olunur. Bu addımlar regionda yeni siyasi reallıqların formalaşdığını göstərir və davamlı sülh üçün real imkanlar yaradır. Bununla belə, əsas məqsəd olan sülh sazişinin hüquqi şəkildə rəsmiləşdirilməsi hələ də vacib məsələ olaraq qalır. Əldə olunan razılaşmaların rəsmi sənədə çevrilməsi isə tərəflərin siyasi iradəsindən, eləcə də qarşılıqlı etimadın möhkəmləndirilməsindən asılı olacaq. Hazırkı mərhələdə ən vacib vəzifə əldə edilmiş nəticələri qorumaq və sülh prosesini yekun hüquqi çərçivəyə çatdırmaqdır.
Pünhan ƏFƏNDİYEV
XQ