Icma.az, Cebheinfo saytından verilən məlumata əsaslanaraq xəbər yayır.
Ermənistan Azərbaycana qarşı növbəti mina terroru törədib.
Azərbaycan ərazilərində mina partlayışı nəticəsində həlak olan və xəsarət alan insanların sayının artması bu terror aktının davam etdiyini göstərir.
Sentyabrın 10-da Azərbaycan Respublikasının Minatəmizləmə Agentliyinin əməkdaşı Anar Həsənov Xocalı rayonunun Daşkənd kəndində xidməti vəzifəsini yerinə yetirərkən piyada əleyhinə minanın partlaması nəticəsində sol ayağından xəsarət alıb.
Xəsarət alan ANAMA əməkdaşına Xankəndi şəhərində ilkin tibbi yardım göstərildikdən sonra Bərdə rayon xəstəxanasına təxliyə edilib. Qeyd edək ki, bu, son 5 gündə ikinci mina partlayışıdIr. Sentyabrın 5-də Ağdam rayonunun Çəmənli Sarıcalı kəndində mülki şəxs traktorun minaya düşməsi nəticəsində xəsarət alıb.
Ümumilikdə, Azərbaycan Respublikası Prokurorluğunun məlumatına görə, 2026-cı ilin yanvar-iyul aylarında mina partlayışından 13 nəfər zərər çəkib. Həmin şəxslərdən 2 - si həlak olub, 11 nəfəri müxtəlif dərəcəli bədən xəsarətləri alıb.
Sentyabr ayında baş verən son iki faktı da bu statistikaya əlavə etsək, minaya düşənlərin sayı 15 nəfərə çatıb. Azərbaycanla Ermənistan arasında sülh müqaviləsinin imzalanacağına dair razılaşmalar fonunda mina terrorunun davam etməsi bölgədə eskalasiyaya yol açır. Bu isə sülh prosesinə zərbə vurur.
2020-ci il 44 günlük Vətən müharibəsindən ötən 6 ilə yaxın müddətdə Azərbaycan tərəfi dəfələrlə Ermənistandan minalanmış ərazilərin xəritələrini tələb etsə də, İrəvan buna əməl etməyib, Azərbaycanla Ermənistan arasında sülh müqaviləsinin mətninin paraflanmasından bir ildən artıq vaxt ötməsinə, ticarət əlaqələrinin bərpasına baxmayaraq, işğaldan azad edilmiş ərazilərdə yenə də minalar partlayır.
Rəsmi mıəlumatlara görə, 2020-ci ilin noyabrından 2026-cı ilin iyul ayına qədər 430 nəfər minaya düşüb. Partlayış zamanı 73 nəfər həlak olub, 357 nəfər xəsarət alıb. Bu isə Ermənistanın sülh bəyanatlarının kifayət qədər səmimi olmadığını sübut edir.
Müşfiq Abdulla
“Cebheinfo.az”
Problemlərinizi bizə yazın, şahidi olduğunuz hadisələri çəkib göndərin