Sülhün “axırıncı aşırımı”

24.11.2026

Icma.az, Xalq qazeti portalına istinadən məlumat verir.

Baş tutacağı güman edilən referendumda Paşinyan iqtidarını ciddi imtahan, erməni xalqını isə tarixi seçim gözləyir

Rəsmi İrəvan vəd etdiyi kimi, yeni konstitusiya layihəsini dərc edərək, onu ictimai müzakirəyə çıxardı. Bakının da gözlədiyi dəyişikliklərin yer aldığı Ermənistanın yeni əsas qanunu referenduma gedən yolda parlament mərhələsini uğurla keçə bilcəkmi? Bəs Ermənistanla Azərbaycan arasında sülhün “axırıncı aşırımı” sayıla biləcək referendumda elektorat yeni konstitusiyaya “hə” deyəcəkmi? Bu və digər suallarımızı “Konstitusiya” Araşdırmalar Fondunun rəhbəri Əliməmməd Nuriyev cavablandırır.

– Əliməmməd bəy, Ermənistanın yeni Konstitusiya layihəsinin preambulasında 1990-cı il Müstəqillik Bəyannaməsinə istinad yoxdur. Bununla 1 dekabr 1989-cu il tarixli “birləşmə” qərarına bağlılıq da aradan qaldırılır. Bu, Ermənistanın qonşularına qarşı ərazi iddialarından əl çəkməsi deməkdirmi?

– Azərbaycanın uzun müddətdir irəli sürdüyü tələbin layihədə nəzərə alındığını görürük. Bu, müsbət addımdır. Ancaq layihənin dərc olunması ilə hüquqi dəyişiklik başa çatmır. Mətn referendumda qəbul edilməli və qüvvəyə minməlidir.  Mövcud Konstitusiyada 1989-cu il qərarına birbaşa istinad yoxdur. İstinad Müstəqillik Bəyannaməsindəki dövlətçilik prinsiplərinə və ümummilli məqsədlərədir. Bəyannamə isə Ermənistan SSR Ali Soveti ilə Dağlıq Qarabağ Milli Şurasının “birləşmə” haqqında birgə qərarına əsaslanır. Azərbaycanın etiraz etdiyi hüquqi əlaqə buradan yaranır. Yeni preambulada həmin istinadın olmaması bu baxımdan əhəmiyyətlidir. Layihədə Ermənistanın beynəlxalq səviyyədə tanınmış ərazisi daxilində dövlət qurmaq məqsədinin ifadə olunması da diqqətəlayiqdir. Bu yanaşma qəbul edilərsə, gələcək hakimiyyətlər üçün də konstitusion çərçivə müəyyənləşdirəcək.

Bununla belə, istinadın çıxarılması əvvəlki sənədləri ayrıca aktlar kimi avtomatik ləğv etmir. Araşdırılmalı məsələ onların hansı hüquqi təsiri saxlamasıdır. Azərbaycanın ərazi bütövlüyünə qarşı iddiaya əsas verə biləcək hüquqi qeyri-müəyyənlik qalmamalıdır. Paraflanmış sülh sazişində indiki və gələcək ərazi iddialarından imtina öhdəliyi də nəzərdə tutulur. Həmin öhdəliyin qüvvəyə minməsi və konstitusion dəyişiklik bir-birini tamamlamalıdır.

– Layihənin təqdim olunduğu saytda Konstitusiyanın ümumxalq referendumu ilə qəbul edilməli, geniş ictimai dəstək və etimad qazanmalı olduğu bildirilir. Sizcə, “Mülki müqavilə” bu zaman xalqın, yoxsa müxalifətin etimadını nəzərdə tutur?

– Konstitusiyaya etimad deyəndə ilk növbədə xalqın münasibəti nəzərdə tutulmalıdır. Hökumət vətəndaşa izah etməlidir ki, bu dəyişiklik onun təhlükəsizliyinə, hüquqlarına və dövlətin idarə olunmasına nə verəcək. Müxalifətin dəstəyinə ehtiyacın isə konkret səbəbi var. Qüvvədə olan Konstitusiyanın 202-ci maddəsinə görə, layihəni referenduma çıxarmaq üçün deputatların ümumi sayının azı üçdə ikisinin səsi lazımdır. Paşinyan hakim fraksiyaya altı səs çatmadığını bildirib. Deməli, müxalifətə müraciətin arxasında parlamentdəki səs hesabı da dayanır. Referendumun keçirilməsinə səs vermək layihənin bütün müddəalarını bəyənmək demək deyil. Müxalifət xalqın qərar verməsinə imkan yaradıb kampaniya zamanı layihənin əleyhinə çıxış edə bilər. Hökumətin üzərinə düşən də müzakirəni formal tədbirə çevirməməkdir. İnsanların təklifləri toplanırsa, onların taleyi də bilinməlidir. Hansı təklif qəbul edildi, hansı qəbul edilmədi və nə üçün? Etimad belə münasibətdən yaranır.

– Yeni Konstitusiyanın xalq iradəsinin ifadəsi kimi qəbul edilməsinə ehtiyac olduğu vurğulanır. Belə çıxır ki, Paşinyan hökuməti əvvəlki Konstitusiyanın xalqın iradəsini ifadə etmədiyini düşünür?

– Bəli, onun açıqlamasından bu qənaət çıxır. Paşinyan əvvəlki referendumların nəticələrinin saxtalaşdırılması barədə ictimai qənaətə istinad edir. Bununla mövcud konstitusion quruluşun legitimliyini mübahisələndirir. Amma bu, hökumət başçısının siyasi qiymətləndirməsidir. Həmin çıxışı bütün əvvəlki referendumlar haqqında hüquqi hökm kimi qəbul edə bilmərik. Ermənistanın hazırkı Konstitusiyasında da hakimiyyətin xalqa məxsus olduğu yazılıb. Deməli, məsələ yalnız yeni mətndə xalqın adının necə çəkilməsində deyil. Vətəndaşın səsi nəticəyə təsir etmirsə, onun dövlət qərarlarında iştirakı formal qalırsa, ən yaxşı ifadələr də etimad yaratmayacaq.

Paşinyan əvvəlki hakimiyyətləri xalqın iradəsini təhrif etməkdə ittiham edirsə, indi özü daha inandırıcı proses təşkil etməlidir. Layihənin əleyhinə olan adam da fikrini sərbəst söyləyə bilməlidir. Referendumun nəticəsi hakimiyyətin istəyindən fərqlənəndə də qəbul olunmalıdır. Əvvəlki Konstitusiya isə qanuni qaydada əvəz olunanadək hüquqi qüvvəsini saxlayır. Ona siyasi münasibətlə onun qüvvədə olmasını qarışdırmaq olmaz.

– Baş nazir Nikol Paşinyanın xalqa müraciətində maraqlı məqamlar var. Onun hazırkı konstitusion quruluş, “institusional sülh” və ədalət sisteminin “cinayətkar oliqarxik sistem”dən azad edilməsi barədə fikirlərini necə şərh edərdiniz?

– Paşinyandan sonra başqa hökumət gəlsə, sülh qorunacaqmı? “İnstitusional sülh” ifadəsinin praktik mənası budur. Dövlətin götürdüyü öhdəlik seçkidən seçkiyə dəyişməməlidir. Konstitusiya və qüvvəyə minmiş sülh sazişi gələcək hakimiyyətin də davranışını müəyyənləşdirməlidir. Layihədə xarici siyasətin beynəlxalq hüquqa əsaslanması, mehriban qonşuluq münasibətləri və sülhün təmin edilməsi məqsədi göstərilir. Bunların real əhəmiyyəti dövlətin sonrakı qərarlarında görünəcək. Paşinyanın dövlətçiliyin itirilməsi təhlükəsi barədə fikrini də dəqiq çatdırmaq lazımdır. O, müraciətində bu təhlükəni münaqişə məntiqi ilə əlaqələndirir. Ölkənin bütün uğursuzluqlarını Konstitusiyanın üzərinə qoymaq isə kifayət edən izah deyil. Qərarları konkret rəhbərlər qəbul ediblər, onların məsuliyyəti qalır.

Məhkəmələr barədə deyilənlərə hüquqşünas ehtiyatı ilə yanaşıram. Oliqarxik təsirin aradan qaldırılması zəruridir. Ancaq onun yerini hökumətin təsiri tutarsa, vətəndaş üçün nə dəyişəcək? Layihədə hakimlərin birdəfəlik yenidən qiymətləndirilməsi nəzərdə tutulur. Belə prosesin obyektiv meyarları və təsirli şikayət imkanları olmalıdır. Hakimin müstəqilliyi hökumətin xoşuna gəlməyən qərar çıxaranda da qorunmalıdır. Ədalət mühakiməsinin etibarlılığı məhz belə hallarda sınanır.

– Paşinyan referendumda layihə rədd edilərsə istefa verəcəyini, qəbul olunarsa növbəti seçkilərdə namizəd olmayacağını bildirib. Bu vədi necə qiymətləndirirsiniz?

– Mən bunu müxalifətin Paşinyanı hakimiyyətdən uzaqlaşdırmaq istəyini referendumun keçirilməsinə dəstəyə çevirmək cəhdi kimi qiymətləndirirəm. Təklifin siyasi hesabı görünür: layihə rədd olunsa, gedəcəyini deyir; qəbul olunsa, növbəti dəfə baş nazirliyə namizəd olmayacağını bildirir. Bununla rəqiblərinin referendumdan imtinasını seçiciyə izah etməsini çətinləşdirməyə çalışır. Vədin məzmununu da dəqiq ifadə etməliyik. Söhbət növbəti adi və ya növbədənkənar seçkilərdə baş nazirliyə namizəd olmamaqdan gedir. Buradan onun parlamentə namizədlikdən, partiya rəhbərliyindən və ümumiyyətlə siyasətdən imtina etdiyi nəticəsi çıxmır. Bu gedişin özü üçün də riski var. Paşinyanı dəstəkləməyən seçici layihədəki dəyişikliklərə münasibətindən asılı olmayaraq, sırf onun istefasına nail olmaq üçün “yox” deyə bilər. Nəticədə Konstitusiyanın məzmunu baş nazirin siyasi taleyinin kölgəsində qalar.

Vətəndaş uzun müddət yaşayacağı qaydalara səs verəcək. Ona görə kampaniyada əsas müzakirə hansı müddəanın nəyi dəyişəcəyi ətrafında aparılmalıdır.

– Müxalifət əvvəldən hökumətin yeni konstitusiya planlarını rədd etmiş və bunun Azərbaycanın tələblərindən irəli gəldiyini bildirmişdi. İndi isə yeni konstitusiyanın layihəsinin həm də Türkiyənin təzyiqi ilə hazırlandığını iddia edir. Bu iddiada məntiq görürsünüzmü?

– Azərbaycan öz tələbini açıq bildirib. Ermənistanın Konstitusiyasında ölkəmizə qarşı ərazi iddialarına əsas verən istinadın qalmasını sülh üçün maneə sayıb. Bu mövqenin konstitusiya müzakirələrinə təsirini inkar etməyə ehtiyac yoxdur. Amma qonşunun ərazi bütövlüyünə hörmət etmək Ermənistanın öz marağına da uyğundur. Müxalifət izah etməlidir: həmin istinadın saxlanması Ermənistan vətəndaşına nə qazandırır? Onun çıxarılması ölkənin hansı qanuni hüququnu əlindən alır? Azərbaycanın da eyni nəticəni istəməsi dəyişiklikdən imtina üçün yetərli arqument deyil.

Türkiyə ilə bağlı iddiaya gəlincə, diplomatik təsir, danışıqlarda irəli sürülən şərt və başqa dövlətin konstitusiya mətnini diktə etməsi fərqli məsələlərdir. Sonuncu iddianı söyləyən tərəf konkret fakt göstərməlidir. Regional münasibətlərin daxili siyasətə təsir etməsi öz-özlüyündə mətnin xaricdən yazdırıldığını sübut etmir. Tarixi hadisələrə münasibəti və milli yaddaşı da ərazi iddiası ilə avtomatik eyniləşdirmək düzgün olmaz. Hüquqi qiymət sənədin konkret məzmununa verilməlidir.

Yeni konstitusiyanı qəbul etmək Ermənistan xalqının səlahiyyətidir. Azərbaycanın tələbi isə bağlanacaq sülhün etibarlı olmasıdır. Ermənistanın öz gələcəyini qonşularına qarşı ərazi iddialarından kənarda qurması onun müstəqilliyini zəiflətmir, əksinə, dövlətin təhlükəsizliyi üçün daha sağlam seçimə yol açır.

Söhbəti yazıya köçürdü:

İmran BƏDİRXANLI

XQ

Daha ətraflı məlumat və yeniliklər üçün Icma.az saytını izləyin.
Читать полностью