futbolpress-az saytından əldə olunan məlumata görə, Icma.az məlumat yayır.
“Sumqayıt” Misli Premyer Liqasının I turunda “Neftçi”yə məğlub olub – 1:3.
“Kimyaçılar”ın gənc və perspektivli yetirməsi Nadir Orucov görüşün 67-ci dəqiqəsində fərqlənib və Premyer Liqada ilk qolunu vurub.
18 yaşlı futbolçu matçdan sonra “Futbolpress.az“a müsahibə verdi:
– Futbol karyeranıza neçə yaşınızda başladınız və “Sumqayıt” akademiyasına keçidiniz necə gerçəkləşdi?
– Sumqayıt şəhərində anadan olmuşam. Futbola 6 yaşımda İxtisaslaşdırılmış Olimpiya Ehtiyatları Uşaq-Gənclər İdman Məktəbində (İOEUGİM) başlamışam. İlk məşqçilərim Teymur və Ramin müəllim olub. 4 il orada çıxış etdikdən sonra, 13 yaşımda “Sumqayıt”ın akademiyasına keçdim. Uşaq vaxtı həmişə “Sumqayıt”ın oyunlarını izləməyə gedirdim. Stadiondakı azarkeş atmosferi, oyun çox xoşuma gəlirdi. Çox istəyirdim ki, mən də bu arenada böyük futbol oynayım. Qərara gəldim ki, akademiyaya qoşulum, üzərimdə işləyib pillə-pillə yuxarı qalxım. Bilirdim ki, “Sumqayıt” hər zaman öz yetirmələrinə şans verən klubdur.
– Aşağı yaş qrupları üzrə milli komandalardakı debütünüzü necə xatırlayırsınız? Əsas milli komandadan dəvət gözləntiləriniz nə dərəcədədir?
– Milli komandada debütüm 14 yaşımda Latviya yığması ilə qarşılaşmada gerçəkləşib. İlk matçımızda qələbə qazanmışdıq. Əsas milli komandanın şərəfini qorumaq isə hər bir futbolçunun arzusudur. Ora düşmək o qədər də asan deyil. Öz üzərimə düşən oyun sayımı artırmaq və hər qarşılaşmada performansımı yaxşılaşdırmaqdır ki, A millidən dəvət alım.
– Keçən mövsüm “Sumqayıt”ın əsas heyətinə keçid prosesi necə baş verdi və debüt matçınızda hansı hissləri keçirdiniz?
– İlk dəfə 16 yaşımda əsas komanda ilə məşqlərə dəvət aldım. 17 yaşımda artıq məşqlərə daha tez-tez çağırılırdım, komandayla təlim-məşq toplanışına da qatıldım. Mövsümün sonuna yaxın “23-lük” heyətdə yer almağa başladım, 18 yaşım tamam olana yaxın isə debüt etdim. Debüt oyunumda çox xoşbəxt idim. Matçdan əvvəl komanda yoldaşlarım rahat oynamağımı, səhv etməkdən qorxmamağımı tapşırdılar. Şükürlər olsun ki, həmin görüş 0:0 hesabı ilə başa çatdı və düşünürəm ki, pis təsir bağışlamadım.
– Misli Premyer Liqasının I turunda “Neftçi”yə qarşı matçda ilk qolunuzu vurdunuz…
– Düzdür, çempionatda ilk qolum idi, amma çox sevinə bilmədim, çünki oyunu məğlubiyyətlə başa vurduq. Mənim üçün ilk sırada hər zaman komandanın uğuru gəlir. Qələbə qolunu vurmağın yeri isə tam başqadır. İnşallah, gələn görüşlərdə bu da qismət olar.
– “Sumqayıt”da gənc futbolçulara göstərilən inam sizə necə təsir edir?
– Çox müsbət təsir edir. Biz də əlimizdən gələni edib rəhbərliyin və məşqçilər korpusunun inamını doğruldacağıq.
– Oyun stilini özünüzə bənzətdiyiniz və ya örnək aldığınız futbolçu kimdir?
– Joau Kanselonu çox bəyənirəm, ən çox onun çıxışını izləyirəm.
– Bu mövsüm “Sumqayıt”la komanda olaraq hədəfləriniz nədir?
– Hər il məqsədimiz turnir cədvəlini yuxarı pillələrdə başa vurmaq və avrokuboklara vəsiqə qazanmaqdır. Bu il də hədəflərimiz dəyişməz olaraq qalır.
Ayxan Zayıdzadə