Xalq qazeti portalından alınan məlumata görə, Icma.az xəbər verir.
İqtisadiyyat Nazirliyinin tabeliyində İqtisadi Zonaların İnkişafı Agentliyinin idarəçiliyində olan Sumqayıt Sənaye Parkının rezidenti “BYD Azerbaijan Energy Automotive Factory” MMC tərəfindən elektrik mühərrikli avtobusların yığımı həyata keçirilir.
Çinin “BYD” şirkəti ilə əməkdaşlıq çərçivəsində reallaşdırılan layihənin investisiya dəyəri 29 milyon manatdan çoxdur. Müəssisədə 600 nəfərin işlə təmin edilməsi və ildə 250-300 ədəd elektrik avtobusu yığımı nəzərdə tutulur. İlkin mərhələdə 12 metr uzunluğunda BYD K9UD model elektrik avtobusları yığılır. 82 sərnişin tutumuna malik avtobuslar tam şarjla 350 kilometrədək məsafə qət edə bilir.
Xatırladaq ki, 2025-ci ildə “BakuBus” MMC ilə elektrik avtobuslarının tədarükü üzrə 16 milyon 675 min manat dəyərində müqavilə imzalanıb. Artıq Sumqayıtda yığılan elektrik avtobuslarının xidmətindən ölkəmizin müxtəlif şəhərlərində istifadə olunur. Elə 2026-cı ilin avqustunda Naxçıvan şəhərində istifadəyə verilən 60 “BYD” markalı elektrik avtobusu da məhz Sumqayıt Sənaye Parkında yığılıb.
Layihə Azərbaycanda elektrik nəqliyyat vasitələrinin yerli istehsalının inkişafına, müasir texnologiyaların tətbiqinə, sənaye potensialının genişləndirilməsinə və nəqliyyat vasitələri istehsalında lokallaşdırmanın artırılmasına töhfə verir.
XQ