“Sumqayıt” rəhbərliyinin uğursuz seçim fəlsəfəsi

14.09.2026

Icma.az, Qol.az saytına istinadən bildirir.

“Sumqayıt” rəhbərliyinin uğursuz seçim fəlsəfəsi

Artıq Premyer Liqamızda 2026/27 mövsümünün ilk 5 turu geridə qalıb. Portuqaliyalı Filipe Kandido “Sumqayıt”ın baş məşqçisi kimi hələ qələbə qazana bilməyib. Komandanın aktivində cəmi 1 xal var. 3 oyunda uduzan “Sumqayıt” yalnız büdcəsi özündən az olan “Şamaxı” ilə görüşdə (1:1) 1 xal qazana bilib və sonuncudur.

Təbii ki, 5 turdan sonra məşqçi işinə yekun qiymət vermək düzgün deyil. Amma məsələ təkcə Kandidoda deyil. Məsələ “Sumqayıt”ın əcnəbi baş məşqçilərlə bağlı ümumi tarixçəsidir.

Az-çox yerli mütəxəssislərlə hansısa uğurlu nəticə qazanmağı bacaran bu klubda əcnəbi məşqçi ideyası bir neçə dəfə sınanıb.

Bernard Raab “Sumqayıt”ın ilk əcnəbi çalışdırıcısı olub. Almaniyalı mütəxəssis iki mövsüm komandaya rəhbərlik edib. Hər iki mövsümdə “Sumqayıt” çempionatı 11-ci pillədə - autsayderlər sırasında başa vurub.

2022-ci ilin yanvarında Belarusdan Aleksey Baqanı gətirdilər. Ona da böyük ümidlər bağlandı, amma nəticə gözləntiləri doğrultmadı. Yaxşı yadımdadır ki, Baqanın təyinatından 3 ay sonra  “Sumqayıt” Premyer Liqada 9, kubokda 2 olmaqla 11 oyun keçirmişdi və 1 qələbə də yox idi. Həmin mövsümü “Sumqayıt” 10 komanda arasında 7-ci yerdə başa vurdu. Komanda güc-bəla ilə Premyer Liqada qala bildi. Di gəl ki, Baqa da vəzifəsində qaldı. Növbəti mövsüm isə başlayandan 2 ay sonra Baqanı bura gətirən klubun prezidenti Riad Rəfiyev bu məşqçiyə ümid bağlamağın yersiz olduğunu qəbul edərək Baqanı göndərdi. Hansı ki, komanda 7 oyuna 3 xal toplamışdı və cəmi 1 qol vurmuşdu.

Gəlin baxaq görək, bəs Aleksey Baqa kimin yerinə gətirilmişdi? Ayxan Abbasovun. O, Abbasovun ki, klub onun rəhbərliyi altında tarixinin ən yaxşı nəticəsini qazanmışdı. “Kimyaçılar” 2021-2022 mövsümünü Premyer Liqada 3-cü yerdə tamamlamış və ölkə kubokunda finala qədər irəliləmişdi.

Əslində Baqa nümunəsi “Sumqayıt”ın rəhbərliyi və sponsorları üçün ciddi dərs olmalı idi. Çünki bir tərəfdən nəticə uğursuz idi, o biri tərəfdən ayrılan pullar sanki havaya sovrulurdu, komanda isə əvvəlki məşqçinin dövründə formalaşdırdığı oyunu da itirmişdi. Bəli, “Sumqayıt” daha əvvəl Ayxan Abbasovun rəhbərliyi altında öz miqyasından daha böyük işlər görmüşdü.

Klubun prezidenti Riad Rəfiyevə əsas sual isə bu məqamda yaranır: “Sumqayıt” niyə öz tarixində ən yaxşı nəticəni yerli məşqçi ilə əldə etdiyi halda, yenə də çıxış yolunu əcnəbidə axtarır? "Əcnəbi mütəxəssis" inadının arxasındakı məqsəd nədir?

Söhbət təkcə heç Ayxan Abbasovdan da getmir. Samir Abasovun rəhbərliyi altında da “Sumqayıt” müəyyən mərhələlərdə daha yaxşı komanda təsiri bağışlayıb. Deməli, problemin həlli “xaricdən məşqçi gətirək” modelində deyil.

Daha bir əcnəbi baş məşqçi Saşa İliç də “Sumqayıt”da nəticə qazana bilmədi. İliçin rəhbərliyi altında komanda 2025/26 mövsümündə uzun müddət qeyri-sabit çıxış etdi. Komanda bir ara qələbəsiz oyunlar seriyasını 9-a çatdırmışdı. "Sumqayıt" 2025/2026 mövsümünü onun rəhbərliyi altında 41 xalla 7-ci pillədə başa vurdu və İliç də belə getdi. Getdi və Serbiyada “Partizan”ın baş məşqçisi təyin edildi. “Partizan” futbolçu kimi klubun heyətində 604 matça çıxan, 160 qol vuran və 11 dəfə Serbiya çempionu olan İliçin xidmətlərini nəzərə alıb onu baş məşqçi təyin etdi, amma... Amması odur ki, 27 dəfə ölkə çempionu olan "Partizan" hazırda İliçlə Superliqada 7 xalla 14 komanda arasında 13-cüdür.

İndi isə növbə Filipe Kandidodadır. Portuqaliyalı mütəxəssis hələ yolun əvvəlindədir. Ona görə də indidən “uğursuz məşqçi” damğası vurmaq tez və ədalətsiz olar. Amma klub rəhbərliyinin özünün bu seçim strategiyasını sorğulamaq tam normaldır. Rəhbərlik özü məşqçi seçimi dəftərini varaqlayıb yaxın keçmişi xatırlamalıdı. Çünki hər dəfə eyni sual ortaya çıxır: nə üçün “Sumqayıt”da uğur gətirən modelə qayıtmaq əvəzinə hər dəfə əcnəbi məşqçi gətirilir?

Ayxan Abbasovun “Sumqayıt”ı heç də bahalı və ulduzlarla dolu komanda deyildi. Əksinə, həmin komandanın əsas üstünlüklərindən biri yerli futbolçuların, gənclərin və kollektiv oyunun ön plana çıxarılması idi. Abbasovun dönəmində “Sumqayıt” əvvəlcə medal qazandı, sonra avrokuboklara çıxdı. Bu, təsadüfi bir mövsümlük sıçrayış kimi də görünmür. Çünki həm də klub həmin illərdə özünün ən yaxşı futbolunu oynayırdı.

Bu baxımdan “Sumqayıt”ın əcnəbi məşqçi siyasəti artıq nəticə ilə sınaqdan keçirilib. Raab olmadı, Baqa olmadı, İliç gözlənilən nəticəni vermədi, Kandido isə hələlik keçirdiyi 4 oyunda 1 xal qazanıb.

Deməli, problem məşqçinin pasportunda deyil, seçim fəlsəfəsindədir. “Sumqayıt”ın tarixində avrokubok görmüş, medal qazanmış, klubun ən yüksək nəticəsinə imza atmış məşqçi yerli idi.

Deməli, klubun axtardığı uğur xaricdə deyil, elə öz futbolumuzda gizlədilib. Bəli, gizlənməyib, gizlədilib. Çünki adını çəkdiyim əcnəbilərdən qat-qat üstün olan yerli məşqçilərimiz o dövrdə də olub, indi də var. Ancaq “Sumqayıt” və bir çox klub onları görməzdən gəlib...

Ramiq Ağaməmmədov
 

Ən son yeniliklər və məlumatlar üçün Icma.az saytını izləyin, biz hadisənin gedişatını izləyirik və ən aktual məlumatları təqdim edirik.
Читать полностью