Sumqayıt Sənaye Parkına növbəti yatırım

31.07.2026

Xalq qazeti saytından alınan məlumatlara görə, Icma.az xəbər verir.

Cənubi Qafqazın ən böyük sənaye istehsalı zonası sayılan Sumqayıt Sənaye Parkında daha 2 şirkətə rezidentlik statusu verilib. Yerli Azərbaycan şirkəti olan “FT Uerxauzinq Kompani” MMC parkın ərazisində qida məhsullarının çeşidləndirilməsi və qablaşdırılması layihəsini həyata keçirəcək. İnvestisiya dəyəri 18,5 milyon manat olan layihə çərçivəsində burada 100 yeni iş yerinin yaradılması planlaşdırılır.

Daha bir yerli şirkət – “RAM İndustries” MMC isə parkın ərazisində xüsusi texnika və nəqliyyat vasitələrinin istehsalı və yığımı sahələrində fəaliyyət göstərəcək. Yeni rezidentin həyata keçirdiyi layihənin investisiya dəyəri 44,9 milyon manat təşkil edir. Bu da parkın ərazisində 200-dən çox daimi iş yerinin açılmasına imkan yaradacaq.

Qeyd edək ki, İqtisadiyyat Nazirliyinin tabeliyində İqtisadi Zonaların İnkişafı Agentliyinin idarəçiliyində olan Sumqayıt Sənaye Parkı 2011-ci il dekabrın 21-də yaradılıb. 583,5 hektar sahəni əhatə edən sənaye parkında indiyədək ümumi investisiya həcmi 6,8 milyard manat olan 42 sahibkarlıq subyektinə rezident statusu verilib. Rezidentlər parkın genişlənməsinə 5,7 milyard manatdan çox investisiya yatırıblar. Bunun da nəticəsində 6 mindən artıq daimi iş yeri yaradılıb. Parkda kimya, maşınqayırma, tikinti materialları və yüngül sənaye məhsulları istehsal olunur.

Ümumilikdə, agentliyin idarə etdiyi sənaye zonalarında sahibkarlar üçün rəqabətqabiliyyətli və cəlbedici investisiya mühiti formalaşdırılıb. Rezidentlər yüksək səviyyəli infrastruktur, geniş biznes imkanları və əlverişli şəraitlə təmin olunur. Bununla yanaşı, investorların fəaliyyətinin təşviqi məqsədilə vergi və gömrük sahələrində əhəmiyyətli güzəştlər tətbiq edilir.

XQ

Hadisənin gedişatını izləmək üçün Icma.az saytında ən son yeniliklərə baxın.
Читать полностью