Icma.az, Idman.biz saytından verilən məlumata əsaslanaraq xəbər yayır.
Azərbaycan Basketbol Liqasının birinci turunda “Sumqayıt”ın “NTD” üzərində 111:94 hesablı qələbə qazandığı oyundan sonra komandaların baş məşqçiləri fikirlərini bölüşüblər.
İdman.Biz xəbər verir ki, “Sumqayıt”ın baş məşqçisi Uğur Özdemir komandasının birgə məşqlərə qısa müddət əvvəl başladığını bildirib.
“Biz əla layihəsi olan gənc komandaya qarşı oynadıq. Oyundan düşdüyümüz məqamlar oldu, lakin bizim üçün bu matç müəyyən dərəcədə hazırlıq xarakteri daşıdı. Hücumda yaxşı oynadıq, ancaq müdafiədə müəyyən problemlər yarandı. İşləmək üçün hələ çox vaxtımız olacaq. Komanda tam heyətlə cəmi beş gündür məşq edir və bu, meydanda hiss olunurdu”.
O, əsas məqsədlərinin fərdi deyil, kollektiv oyunu inkişaf etdirmək olduğunu əlavə edib.
“NTD”nin baş məşqçisi Tahir Baxşiyev isə komandasının müdafiədəki problemlərini etiraf edib.
“Çətin oyunun bizi gözlədiyini bilirdik. “Sumqayıt” yaxşı heyət yığıb, onları qələbə münasibətilə təbrik edirəm. Oyunumuzda həm müsbət, həm də mənfi məqamlar oldu. Düşünürəm ki, matçdan-matça daha yaxşı çıxış edəcəyik”.
Mütəxəssis 94 xal toplamalarını müsbət hal hesab etsə də, öz halqaları ətrafındakı oyundan narazı qaldığını bildirib.
“Müdafiəyə daha çox diqqət ayıracağıq, səhvlərimiz üzərində işləyəcəyik”.