Sumqayıtda yumurta qıtlığı: Qiymət bahalaşacaq, yoxsa? KONKRET

16.09.2026

Konkret.az saytından əldə olunan məlumata görə, Icma.az məlumat yayır.

Sumqayıtda bəzi mağaza və marketlərdə yumurta qıtlığı yaşanıb. Bununla bağlı KONKRET.az-a vətəndaşlar məlumat verib.

Satıcıların sözlərinə görə isə, “Giləzi” quşçuluq tərəfindən mağazalara sadəcə bir-iki kaset yumurta göndərilir və bundan artıq verilmir. Buna səbəb kimi yumurtanın yaxın zamanlarda bahalaşacağını göstərirlər. Bəs görəsən, yumurta qıtlığı nə ilə əlaqədardır və bu, bahalaşmaya səbəb ola bilərmi?

Mövzu ilə bağlı KONKRET.az-a açıqlama verən iqtisadçı Razi Abbasbəyli bildirib ki, Azərbaycanda yaxın dövrlər üçün yumurtanın bahalaşması gözlənilmir:

“Yumurta bahalaşmayacaq. Çünki Azərbaycanda quşçuluq təsərrüfatları ilə bağlı statistika ürəkaçandır. Həm quş əti, həm də yumurta tədarükü ilə bağlı göstəricilər kifayət qədər nikbin olmağa əsas verir. Bu baxımdan hansısa kiçik təsisat zəncirində yaranan fasilə, yaxud yaşayış massivi ilə bağlı yumurtanın pərakəndə satış nöqtələrinə çatdırılması ilə bağlı çətinliyin yaranması təbii haldır. Həm də bu məsələ keçici olaraq texniki xarakter daşıyır. Ona görə də, yaxın aylarda yumurtanın bahalaşacağını düşünmürəm. Buna xüsusi zərurət də yoxdur. Üstəlik, infrastrukturla bağlı qiymət dəyişikliyi mövcud deyil. Kommunal xərclərin, yanacağın qiyməti də dəyişməyib. Buna baxmayaraq qış aylarında hansısa çətinliyin yaranacağını proqnoz etmək mümkündür. Amma bu da iqlimlə bağlı olan problemdir. İqlim dəyişiklikləri yerli əkin sahələrində quşçuluq üzrə yem təminatında müəyyən azalmalara səbəb ola bilər. Nəticədə xarici ölkələrdən quş yeminin idxalı arta və buna görə də qiymətlərdə fərq yarana bilər. Amma yaxın aylar üçün Azərbaycanda quş ətinin və yumurtanın bahalaşacağı gözlənilmir”.

Müşviq Tofiqoğlu
KONKRET.az

Hadisənin gedişatını izləmək üçün Icma.az saytında ən son yeniliklərə baxın.
Читать полностью