Sumqayıtın icra başçısı bu davranışı ilə açıq mesaj verdi ki,...

03.02.2026

Newscenter.az portalından alınan məlumata görə, Icma.az xəbər verir.


Sumqayıt Şəhər İcra Hakimiyyətinin şəhər ərazisində qanunsuz küçə ticarətinə qarşı keçirilən reyd zamanı məşhurlaşan əməkdaşı Samir Bədəlovun vəzifəsi dəyişib. Onun çalışdığı icra hakimiyyətinin İstehsal və xidmət sahələri sektoru ləğv edilsə də, başçı Zakir Fərəcovun əmrinə əsasən yeni yaradılan Sosial-iqtisadi və memarlıq-tikinti məsələləri şöbəsinin Memarlıq-tikinti məsələləri sektorunun Baş məsləhətçisi təyin edilib. Əvvəla qeyd etmək istərdim ki, hansı ticarətin qanuni, yaxud qanunsuz olduğunu rayon icra hakimiyyətləri deyil, müvafiq dövlət qurumları müəyyənləşdirir. Hüquqi qiyməti də məhz həmin orqanlar verir. İstehsal və xidmət sahələri sektorunun baş məsləhətçisi S.Bədəlovun küçə ticarəti ilə məşğul olan sakinin məhsullarının müsadirə etmək səlahiyyətləri və yetkisi yoxdur. Haqlı olaraq da onun özbaşına hərəkətləri cəmiyyətdə narazılıqlar doğurdu və müzakirələr yol açdı. Küçə ticarəti ilə məşğul olan şəxs tutaq ki, hansısa normaları, yaxud qanunu pozub. Dövlət qurumunu təmsil edən vəzifəli şəxsin də eyni qaydada davranması həm özbaşınalıq, həm də harınlıqdır. Qəribəsi ondadır ki, həmin məmur postundan uzaqlaşdırılmadı, barəsində inzibati tədbir görülmədi, hələ üstəlik də səlahiyyətləri artırıldı. Şəxsə icazə və geniş imkanlar yaradılıdı ki, indi də gedib qanunsuz tikinti adı ilə insanların evini, hasarını başına uçursun. Ölkədə belə hallar geniş yayılıb. Lazımı dövlət ərkanına haqq çatmasa daşı-daş üstə qoymaq qətiyyən mümkün deyil.
Bu baş verənlərin faciəvi tərəfi ondadır kı, Azərbaycanda ictimai rəyi vecinə alan yoxdur. Cəmiyyətdə S.Bədəlovun etdiyi hərəkətlərinə dair mənfi rəy formalaşsa da, ciddi tənqidlərlər doğursa da, dəyişən ancaq onun şöbəsi oldu. İcra Hakimiyyəti başçısı səviyyəsində əməlləri təqdir edildi. İnkişaf etmiş dövlətlərdə ictimai rəy təkcə yüksək vəzifəli şəxsləri deyil, bəzən bütün kabineti istefaya məcbur edir. Ən böyük və ən ağır cəza məhz imicin zədələnməsi və çoxluğun qınağına, tənqidlərinə tuş gəlməkdir. Sumqayıtın icra başçısı isə bu davranışı ilə sumqayıtlılara açıq mesaj verdi ki, bundan sonra da qanunsuz cəza tədbirlərini, qoçu dəstələrinin özbaşınalıqlarna meydan verəcəyini əzmkarlıqla davam etdirəcək. Təkcə sumqayıtlıların deyil, bütünlükdə Azərbaycan cəmiyyətinin təpkisi, ictimi rəyi onun üçün əsas ola bilmədi. Həqiqətən də, açınacaqlı mənzərədir. Xalq, ictimaiyyət bir xırda məmuru özbaşına və qanusuzluqlarına görə tutuğu postdan uzaqlaşdırmaqda aciz durumdadırsa, qalanı təfərrüatlardı.
Əli Orucov, siyasi şərhçi
Ən son xəbərləri və yenilikləri almaq üçün Icma.az saytını izləyin.
Читать полностью