Sumqayıtın inkişaf yolu: sənaye, sosial rifah və dayanıqlı gələcək

27.01.2026

Xalq qazeti saytından verilən məlumata əsasən, Icma.az məlumatı açıqlayır.

Sumqayıt şəhəri Azərbaycanın ən mühüm sənaye mərkəzlərindən biri kimi ölkə iqtisadiyyatında strateji mövqeyə malikdir. 1949-cu ildə şəhər statusu alan Sumqayıt qısa müddət ərzində sürətli inkişaf yolu keçərək respublikamızın aparıcı sənaye şəhərlərindən birinə çevrilib. Kimya sənayesi, metallurgiya, energetika və digər mühüm istehsal sahələrinin formalaşması şəhərin iqtisadi potensialını əhəmiyyətli dərəcədə artırıb. Xəzər dənizinin sahilində yerləşməsi Sumqayıta əlverişli coğrafi və geostrateji üstünlüklər qazandırıb, nəqliyyat və logistika imkanlarını genişləndirib.

Ötən əsrin 70-ci illəri və 80-ci illərinin birinci yarısı Sumqayıtın inkişaf tarixində xüsusi mərhələ kimi yadda qalıb. Həmin dövrdə Ulu Öndər Heydər Əliyevin uzaqgörən və məqsədyönlü siyasəti nəticəsində şəhərdə sənaye müəssisələri genişləndirilib, yeni istehsal sahələri yaradılıb, sosial və mühəndis infrastrukturu sürətlə inkişaf edib. Sumqayıt ölkənin əsas sənaye mərkəzlərindən biri kimi mövqeyini möhkəmləndirib, əhalinin rifah halının yüksəldilməsində mühüm rol oynayıb.

1982-ci ildən sonra baş verən mürəkkəb ictimai-siyasi və iqtisadi proseslər Sumqayıtın inkişaf tempinə mənfi təsir göstərib. Xüsusilə müstəqilliyin ilk illərində yaranan çətinliklər şəhərin sənaye potensialında özünü açıq şəkildə büruzə verib. Lakin Ümummilli Lider Heydər Əliyevin hakimiyyətə qayıdışından sonra Sumqayıtın sosial-iqtisadi həyatında yeni canlanma mərhələsi başlayıb, şəhərin inkişafı üçün geniş perspektivlər formalaşıb.

2003-cü ildən etibarən Prezident İlham Əliyevin rəhbərliyi ilə həyata keçirilən dövlət siyasəti Sumqayıtın inkişafında keyfiyyətcə yeni mərhələnin əsasını qoyub. Regionların sosial-iqtisadi inkişafını prioritet istiqamət kimi müəyyən edən dövlətimizin başçısı Sumqayıta xüsusi diqqət və qayğı göstərib. Prezidentin şəhərə etdiyi çoxsaylı səfərlər zamanı yeni sənaye müəssisələrinin, mühüm infrastruktur və sosial obyektlərin təməli qoyulub, bir sıra strateji layihələr istifadəyə verilib. Bu layihələr Sumqayıtın sənaye potensialının güclənməsinə, məşğulluğun artmasına və şəhərin dayanıqlı inkişafına mühüm töhfə verib.

Prezident İlham Əliyev indiyədək Sumqayıt şəhərinə 30-dan çox səfər edib ki, bu səfərlərin təxminən 70 faizi sənaye müəssisələrinin, iqtisadi obyektlərin və mühüm infrastruktur layihələrinin açılışı və ya təməlqoyma mərasimləri ilə bağlı olub. Bu faktlar Sumqayıt şəhərinin inkişafının dövlət siyasətində mühüm yer tutduğunu bir daha təsdiqləyir və şəhərin gələcəkdə də Azərbaycanın iqtisadi həyatında əhəmiyyətli rol oynayacağını aydın şəkildə nümayiş etdirir.

Sumqayıtda həyata keçirilən sosial layihələr iqtisadi rifahın təməlidir

Sumqayıt şəhərində həyata keçirilən sosial layihələr ölkədə iqtisadi rifahın formalaşmasının əsas dayaqlarından biri kimi çıxış edir. Dövlətimizin başçısının Sumqayıtla bağlı ilk və əsas fəaliyyət istiqamətlərindən biri məhz şəhərin sosial problemlərinin həlli olub və bu sahədə ardıcıl, məqsədyönlü tədbirlər həyata keçirilib. Qısa müddət ərzində görülən genişmiqyaslı işlər şəhərin yaşayış mühitinin yaxşılaşdırılmasına, əhalinin sosial rifahının yüksəldilməsinə və dayanıqlı iqtisadi inkişafın təmin edilməsinə xidmət edib.

Bu baxımdan mühüm infrastruktur layihələrinin icrası xüsusi əhəmiyyət daşıyır. Belə ki, hələ 2005-ci ildə gücü 525 meqavat olan elektrik stansiyasının istifadəyə verilməsi Sumqayıtın enerji təhlükəsizliyinin təmin olunmasında mühüm rol oynayıb. Eyni zamanda şəhərdə qazlaşdırma səviyyəsinin 100 faizə çatdırılması, içməli su probleminin mərhələli şəkildə həll edilməsi əhalinin gündəlik həyat şəraitinin köklü şəkildə yaxşılaşmasına imkan yaradıb.

Nəqliyyat infrastrukturunun yenilənməsi də Sumqayıtın sosial-iqtisadi inkişafında əsas istiqamətlərdən biri kimi diqqət mərkəzində saxlanılıb. Bakı–Sumqayıt avtomobil yolunun yenidən qurulması, şəhərdaxili yolların müasir standartlara uyğun şəkildə tikilməsi və təmiri nəqliyyatın rahat və təhlükəsiz hərəkətini təmin edib. Bununla yanaşı, Sumqayıt Dəmir Yolu Vağzalı Kompleksinin açılışı şəhərin nəqliyyat-logistika imkanlarını xeyli genişləndirib. Bakı–Sumqayıt dəmir yolunda dünyanın qabaqcıl şirkətlərindən biri olan “Stadler” istehsalı olan müasir qatarların istismara verilməsi sərnişin daşımalarının keyfiyyətini əhəmiyyətli dərəcədə yüksəldib. Şəhər daxilində müasir avtobusların xəttə buraxılması isə ictimai nəqliyyatın əlçatanlığını və rahatlığını artırıb.

Şəhərin sosial simasının formalaşmasında istirahət və abadlıq layihələri də mühüm yer tutur. Xəzər dənizi sahilində salınan böyük və geniş Sumqayıt bulvarı sakinlərin asudə vaxtının səmərəli təşkili ilə yanaşı, şəhərin ümumi görünüşünə müasirlik qatıb. Eyni zamanda Sumqayıt şəhərinə əsas giriş yollarından biri olan Sülh küçəsində aparılan əsaslı təmir və yenidənqurma işləri, eləcə də Sahil küçəsində həyata keçirilən yenilənmə tədbirləri şəhərin nəqliyyat axınının tənzimlənməsinə və urbanistik inkişafına mühüm töhfə verib.

Bütün bu sosial yönümlü layihələr Prezident İlham Əliyevin tapşırıq və göstərişləri əsasında planlı və sistemli şəkildə həyata keçirilib. Reallaşdırılan tədbirlər Sumqayıtın iqtisadi rifahının möhkəmləndirilməsi, şəhərin müasir sənaye və yaşayış mərkəzinə çevrilməsi üçün möhkəm təməl yaradıb və gələcək inkişaf üçün geniş imkanlar açıb.

Sumqayıt Azərbaycanın əsas sənaye şəhəri statusunu qoruyur

Sumqayıt şəhəri bu gün də Azərbaycanın əsas sənaye mərkəzlərindən biri kimi öz statusunu qoruyub saxlayır və ölkənin iqtisadi inkişafında mühüm rol oynayır. Son illər ərzində görülən məqsədyönlü işlər, verilən tapşırıqlar, aparılan ardıcıl iqtisadi islahatlar və həyata keçirilən genişmiqyaslı layihələr Sumqayıtın sənaye şəhəri kimi müasir çağırışlara tam cavab verməsinə şərait yaradıb. Şəhərin sənaye potensialı yeni yanaşmalar və müasir texnologiyalar əsasında yenidən formalaşdırılıb.

Keçmişdən qalma, ekoloji və texnoloji baxımdan artıq öz əhəmiyyətini itirmiş sənaye müəssisələrinin demək olar ki, hamısı fəaliyyətini dayandırıb. Həmin ərazilərdə müasir standartlara cavab verən, yüksək texnologiyalara əsaslanan yeni sənaye zonaları yaradılıb. Bu baxımdan Sumqayıt Texnologiyalar Parkı (STP) və Sumqayıt Kimya Sənaye Parkı (SKSP) şəhərin sənaye həyatında mühüm mərhələ hesab olunur. Bu parklar yerli və xarici investisiyaların cəlb olunmasına, yeni istehsal sahələrinin qurulmasına və minlərlə yeni iş yerinin yaradılmasına imkan verib.

2003-cü ildən etibarən Sumqayıtda müxtəlif sahələri əhatə edən çoxsaylı sənaye müəssisələri istifadəyə verilib. Boru istehsalı, alüminium emalı, kağız və karton məmulatlarının hazırlanması, pestisid istehsalı, termoformasiya üsulu ilə şüşə istehsalı üzrə zavodlar şəhərin sənaye potensialını əhəmiyyətli dərəcədə artırıb. Bununla yanaşı, qida sənayesi və aqrar-sənaye komplekslərinin yaradılması, mis emalı müəssisələri, tikiş və yunəyrici-boyaq fabriklərinin fəaliyyətə başlaması sənayenin şaxələndirilməsinə mühüm töhfə verib.

Eyni zamanda beton məmulatları, texniki avadanlıqlar, polad borular, yüksək sıxlıqlı polietilen məhsulları və boruyayma sahəsində fəaliyyət göstərən müəssisələrin istifadəyə verilməsi Sumqayıtın sənaye xəritəsini daha da zənginləşdirib. Xüsusilə “SOCAR Polymer”in yüksək sıxlıqlı polietilen zavodu və “SOCAR karbamid” zavodunun açılışı ölkənin qeyri-neft sektorunun inkişafı baxımından mühüm hadisə kimi dəyərləndirilir və Sumqayıtın beynəlxalq sənaye mərkəzi kimi mövqeyini möhkəmləndirir.

Bununla yanaşı, zamanın tələblərinə operativ şəkildə cavab verən Sumqayıtda fövqəladə vəziyyətlər və qlobal çağırışlar nəzərə alınaraq tibbi maska fabriki və qoruyucu kombinezonların istehsalı üzrə müəssisələr də yaradılıb. Bu addımlar şəhərin sənaye imkanlarının çevikliyini və sosial məsuliyyətini nümayiş etdirir.

Bütün bu proseslər Sumqayıtın yenidən güclü sənaye şəhərinə çevrildiyini, müasir texnologiyalar və innovativ yanaşmalar əsasında inkişaf etdiyini göstərir. Şəhər bu gün də Azərbaycanın sənaye potensialının artırılmasında aparıcı mövqeyini qoruyur və gələcək inkişaf üçün möhkəm zəmin yaradır.

Sumqayıt Kimya Sənaye Parkı şəhərin sənaye üzrə şah damarıdır

2011-ci ildə Prezident İlham Əliyevin müvafiq Fərmanı ilə yaradılan və 2013-cü ildə təməli qoyulan Sumqayıt Kimya Sənaye Parkı (SKSP) bu gün şəhərin sənaye sahəsində ən önəmli mərkəzlərindən biri, hətta “şah damarı” kimi çıxış edir. Parkın yaradılmasında əsas məqsəd ölkədə innovativ və yüksək texnologiyalara əsaslanan, rəqabətqabiliyyətli sənaye istehsalının inkişafına münbit şərait yaratmaq, sahibkarlığı dəstəkləmək, qeyri-neft sektorunu gücləndirmək və əhalinin məşğulluğunu artırmaq olmuşdur. Görülən işlər, tətbiq olunan strategiyalar və planlı inkişaf nəticəsində SKSP qısa zamanda Cənubi Qafqazın ən böyük sənaye parkına çevrilib.

Park 640 hektarlıq ərazidə yerləşir və burada 40 rezident fəaliyyət göstərir. Layihələrin ümumi dəyəri 6,7 milyard manat, faktiki investisiya həcmi isə 5,5 milyard manatdır. İqtisadi layihələr çərçivəsində 8800-ə yaxın yeni iş yerinin yaradılması nəzərdə tutulur və faktiki olaraq artıq 6135 nəfər işlə təmin olunub. Rezidentlərin ümumi satış həcmi 15,4 milyard manata çatıb ki, bunun 5,7 milyard manatı ixracın payına düşür. Parkda istehsal olunan məhsullar dünyanın 70-dən çox ölkəsinə çatdırılır ki, bu da SKSP-nin beynəlxalq səviyyədə tanınan və rəqabətqabiliyyətli bir sənaye mərkəzi olduğunu göstərir.

Parkda fəaliyyət göstərən müəssisələr Azərbaycan iqtisadiyyatının müxtəlif sahələrini əhatə edir. Burada inşaat kimyəviləri, əlvan metallar və ferroərintilər, karbamid istehsalı, “SOCAR Polymer” layihəsi çərçivəsində inşa edilən polipropilen zavodları, tibbi maska və qoruyucu vasitələrin istehsalı, vərəqə şüşə istehsalı, tütün məmulatları, karton və qutu taraları istehsalı və polipropilen, laminatlı kisə istehsalı üzrə müəssisələr fəaliyyət göstərir. Bu müəssisələr yalnız ölkə bazarını təmin etmir, həm də Azərbaycan məhsullarının dünya bazarına çıxmasında mühüm rol oynayır.

Prezident İlham Əliyevin yanvarın 27-də Sumqayıta səfəri zamanı Parkda “Azermirror” MMC güzgü vərəqələrinin istehsalı zavodunun, “Bakı Karton və Qutu Fabriki” MMC-nin karton və qutu taraları istehsalı müəssisəsinin açılışında və “Nun” MMC-nin polipropilen və laminatlı kisə istehsalı müəssisəsinin təməlqoyma mərasimlərində iştirakı, Sumqayıt Sənaye Parkının strateji əhəmiyyətini bir daha nümayiş etdirdi. 

“Azermirror” MMC sənaye parkının 1 hektar ərazisində fəaliyyət göstərir, burada 30 nəfər işlə təmin olunub və ildə 900 min kvadratmetr güzgü vərəqəsi istehsal ediləcək. Layihənin investisiya dəyəri 6,13 milyon manatdır və müəssisəyə İqtisadiyyat Nazirliyinin tabeliyində Azərbaycan Biznesinin İnkişafı Fondu tərəfindən 1,5 milyon manat güzəştli kredit ayrılıb. Parkın rezidentlərinə verilən güzəştlərdən faydalanan MMC təqribən 600 min manat dəyərində vergi və gömrük azadolmasından istifadə edib.

2023-cü ildə rezident statusu verilən “Bakı Karton və Qutu Fabriki” MMC isə Parkın 3 hektara yaxın ərazisində karton və qutu taralarının istehsalı müəssisəsini qurub. Türkiyə və Çin texnologiyalarından istifadə edilən müəssisədə il ərzində 55 milyon kvadratmetr karton və qutu tarası istehsal olunacaq. Birinci mərhələdə karton və qutu istehsalı, ikinci mərhələdə isə karton istehsalı üçün tələb olunan yerli xammalın təkrar emalı planlaşdırılır. Müəssisənin investisiya dəyəri 20 milyon manatdır, burada 64 daimi iş yeri yaradılıb və İqtisadiyyat Nazirliyinin tabeliyində Azərbaycan Biznesinin İnkişafı Fondu tərəfindən 2 milyon manat güzəştli kredit ayrılıb. MMC təqribən 1,3 milyon manat vergi və gömrük azadolmasından faydalanıb.

Ötən il rezident statusu verilən “Nun” MMC isə polipropilen və laminatlı kisə istehsalı üzrə müəssisənin tikintisinə başlayıb. 1 hektar ərazidə yerləşən zavodda Almaniya texnologiyası istifadə olunacaq və illik istehsal gücü 1680 ton laminatlı kisə, 1440 ton polipropilen kisə olmaqla ümumilikdə 3120 ton təşkil edəcək. Məhsullar əsasən daxili bazarın tələbatını ödəyəcək, burada 140 daimi iş yeri yaradılacaq. Müəssisənin investisiya həcmi 11,2 milyon manatdır və İqtisadiyyat Nazirliyinin tabeliyində Azərbaycan Biznesinin İnkişafı Fondu tərəfindən 3 milyon manat güzəştli kredit ayrılıb. Quraşdırılacaq avadanlıqların idxal zamanı ƏDV və gömrük rüsumlarından azad olunması nəzərdə tutulur.

Bütün bu layihələr göstərir ki, Sumqayıt Kimya Sənaye Parkı ölkədə sənaye istehsalının modernləşdirilməsi, yüksək texnologiyalı və rəqabətqabiliyyətli müəssisələrin yaradılması üçün əsas platformadır. Hər bir yeni müəssisə yalnız istehsal həcmini artırmır, həm də yeni iş yerlərinin yaradılmasına, daxili bazarın təmin olunmasına və ixrac imkanlarının genişlənməsinə xidmət edir. Parkın fəaliyyəti ölkənin qeyri-neft sektorunun inkişafını gücləndirir və regionda sənayenin dayanıqlı inkişaf modelini nümayiş etdirir. Sumqayıt Sənaye Parkı şəhərin sənaye xəritəsində strateji əhəmiyyət daşıyır, Azərbaycan sənayesinin gələcək inkişafında aparıcı rol oynayır və ölkənin iqtisadi potensialının artırılmasında mühüm mərkəz kimi çıxış edir. Prezident İlham Əliyevin iştirakı ilə həyata keçirilən açılış və təməlqoyma tədbirləri isə SSP-nin ölkə iqtisadiyyatında strateji rolunu bir daha nümayiş etdirir.

Prezident İlham Əliyevin Sumqayıta hər səfəri şəhərin iqtisadi həyatında tarixi iz buraxır

Prezident İlham Əliyevin hakimiyyətə gəldiyi vaxtdan bəri Sumqayıta etdiyi hər səfər şəhərin iqtisadi həyatında tarixi əhəmiyyət daşıyır və ölkə sənayesinin inkişafına mühüm töhfələr verir. Bu səfərlər yalnız simvolik xarakter daşımır, eyni zamanda şəhərin sosial-iqtisadi inkişaf strategiyasının formalaşmasına birbaşa təsir göstərir, yeni investisiya imkanları yaradır və şəhərin gələcək inkişaf perspektivlərini müəyyən edir.

Sumqayıtda açılan yeni zavodlar və fabriklər əhalinin iqtisadi rifahını yüksəldir, minlərlə insan üçün daimi iş yerləri təmin edir və gənclər üçün yeni karyera imkanları açır. Bu, şş sosial sabitliyin güclənməsinə və ümumi həyat səviyyəsinin yüksəlməsinə şərait yaradır. Eyni zamanda şəhərdə həyata keçirilən infrastruktur layihələri – yolların, küçələrin yenidən qurulması, nəqliyyat və logistika imkanlarının yaxşılaşdırılması Sumqayıtı investorlar üçün daha cəlbedici mərkəzə çevirir və iqtisadi fəallığı artırır.

Şəhərdə fəaliyyət göstərən müəssisələr daxili istehsalın artırılmasına, idxaldan asılılığın azalmasına və ölkənin xarici valyuta ehtiyatlarının qorunmasına mühüm töhfə verir. Bu, iqtisadi müstəqilliyin təmin olunması və sənayenin dayanıqlı inkişafı baxımından xüsusi əhəmiyyət kəsb edir.

Sumqayıt tarixi olaraq kimya və metallurgiya sənayesi ilə bağlı olsa da, yeni müəssisələrin açılması şəhərin iqtisadi strukturunun şaxələndirilməsinə imkan yaradıb. Bu, şəhəri təkcə sənaye mərkəzi kimi deyil, həm də müxtəlif iqtisadi sahələrin – qida, polietilen, karton, şüşə, tibb məhsulları və digər istehsal sahələrinin inkişaf etdiyi dinamik iqtisadi zonaya çevirir. Bu proses regionda rəqabətqabiliyyətli və müasir sənaye mühitinin formalaşmasına, yerli və xarici investisiyaların cəlb olunmasına şərait yaradır.

Beləliklə, Prezident İlham Əliyevin Sumqayıta hər səfəri şəhərin iqtisadi həyatında tarixi əhəmiyyət daşıyır, sənayenin modernləşdirilməsinə və yeni istehsal sahələrinin yaradılmasına stimul verir, həmçinin Sumqayıtı Azərbaycanın aparıcı sənaye və iqtisadi mərkəzlərindən birinə çevirir. Bu səfərlər regionda sosial-iqtisadi inkişafın davamlılığını təmin edir və şəhərin gələcəkdə də iqtisadi potensialını gücləndirən strateji tədbirlərin həyata keçirilməsinə zəmin yaradır.

SƏBİNƏ SALMANOVA,
Milli Məclisin deputatı

Daha ətraflı məlumat və yeniliklər üçün Icma.az saytını izləyin.
Читать полностью