Icma.az bildirir, sport24.az portalına istinadən.
Misli Premyer Liqasının XII turunda bu gün "Sabah" "Sumqayıt"ın qonağı olacaq. Sport24.az xəbər verir ki, Mehdi Hüseynzadə adına Sumqayıt şəhər stadionunda keçiriləcək qarşılaşma saat 19:00-da başlayacaq.
Komandalar indiyədək Premyer Liqada 30 dəfə üz-üzə gəlib. Bu görüşlərin 8-də "kimyaçılar", 16-da isə Bakı təmsilçisi qələbə qazanıb. Daha 6 qarşılaşma heç-heçə ilə başa çatıb. Topların nisbətində də "bayquşlar"ın aşkar üstünlüyü var – 57:30.
"Sabah" çempionatdakı son 5 oyunda bu rəqibinə uduzmayıb. "Sumqayıt"ın sonuncu qələbəsi 2024-cü ilin noyabrında qeydə alınıb. Həmin görüşdə "kimyaçılar" 1:0 hesabı ilə qalib gəlib. O vaxt "Sabah"a xorvatiyalı mütəxəssis Krunoslav Renduliç rəhbərlik edirdi. Ondan sonra komandaya başçılıq edən Vasili Berezutski və hazırkı baş məşqçi Valdas Dambrauskas da "gənclik şəhəri" təmsilçisinə məğlub olmayıb.
Qeyd edək ki, "Sabah" hazırda 21 xalla turnir cədvəlinin ikinci, "Sumqayıt" isə 10 xalla doqquzuncu pilləsində qərarlaşıb. Hər iki komandanın ehtiyatda bir oyunu var.