Icma.az, Redaktor.az portalına istinadən məlumat verir.
Alimlər bildirirlər ki, insanların əksəriyyətində sümük kütləsinin tədricən azalması artıq 25-30 yaşdan sonra başlayır. Bu proses xüsusilə qadınlarda və siqaret çəkən şəxslərdə daha sürətlə gedir.
Redaktor.az xəbər verir ki, bu barədə İngiltərədəki Anglia Ruskin University universitetinin biotibb üzrə baş müəllimi Hasmik Jasmine Samvelyan "The Conversation" nəşrinə açıqlamasında danışıb.
Mütəxəssisin sözlərinə görə, gənc yaşlarda sümük toxumasının dağılması və yenilənməsi prosesləri balansda olur. Sümük kütləsinin ən yüksək səviyyəsi adətən 25-30 yaşlarda qeydə alınır. Bundan sonra isə dağılma prosesi tədricən üstünlük qazanır və zaman keçdikcə sümük sıxlığı azalır.
Ekspert qeyd edib ki, əsas risk faktoru yaşlanma olsa da, bu prosesi sürətləndirən başqa səbəblər də var. Xüsusilə hormonal dəyişikliklər mühüm rol oynayır. Menopauzadan sonra estrogen səviyyəsinin azalması sümük toxumasının zəifləməsini artırır. Buna görə də 50 yaşdan yuxarı qadınların təxminən hər ikisindən biri sınıq riski ilə üzləşir.
Onun sözlərinə görə, həyat tərzi də böyük əhəmiyyət daşıyır. Siqaret çəkmək, alkoqoldan sui-istifadə və az fiziki aktivlik sümüklərin zəifləməsinə səbəb olur. Kalsium və D vitamini çatışmazlığı da sümük möhkəmliyinin qorunmasını çətinləşdirir.
Bundan əlavə, bəzi xəstəliklər və dərman preparatlarının uzunmüddətli istifadəsi də sümük kütləsinin itirilməsini sürətləndirə bilər. Xüsusilə steroid tərkibli preparatlar risk yaradan amillər sırasındadır.
Mütəxəssis sümükləri qorumaq üçün süd məhsulları, yaşıl yarpaqlı tərəvəzlər və kalsiumla zənginləşdirilmiş qidaların qəbulunu artırmağı, həmçinin D vitamini səviyyəsinə diqqət yetirməyi tövsiyə edib.
NURİYYƏ