Icma.az, Marja.az portalından verilən məlumatlara əsaslanaraq xəbər verir.
“Nvidia”nın baş direktoru Censen Huanq verdiyi müsahibədə 2030-cu ildə dünyanın sonunun gəlmə ehtimalının sıfır faiz olduğunu bildirib.
“Nvidia Corp.”un baş direktoru Censen Huanq süni intellektin bəşəriyyət üçün məhvolma riski yaratmadığını bildirərək süni intellektlə bağlı fəlakət ssenarilərinə qarşı mövqeyini bir daha ifadə edib.
Marja.az xəbər verir ki, CBS News-ə müsahibəsində Huanq deyib: “Necə səciyyələndirilməsindən asılı olmayaraq, 2030-cu il dünyanın sonu olmayacaq. Dünyanın sonunun gəlmə ehtimalı 0 faizdir”.
Son günlər iştirak etdiyi bir neçə tədbirdə çıxış edən baş direktor süni intellektin təhlükəsiz şəkildə idarə oluna biləcəyi barədə mövqeyini təkrarlayıb. Şirkəti süni intellekt prosessorlarının ən böyük təchizatçısı olan Huanq yeni tənzimləmələrə ehtiyac olmadığını da müdafiə edib.
“Anthropic PBC” əməkdaşı Ceykob Koksonun bu ayın əvvəlində istefa verməsi süni intellektlə bağlı narahatlıq dalğasına səbəb olmuşdu. Kokson süni intellekti hazırlayan tədqiqatçıların “texnologiyanın onilliyin sonunadək hamımızı öldürə biləcəyinə səmimi qəlbdən inandıqlarını” iddia edərək xəbərdarlıq etmişdi.
Huanq sektorun inkişaf tempini azaltmamalı olduğunu müdafiə edib. “Başqalarını nəzərə almadan bacardığımız qədər sürətlə irəliləməliyik. Lakin məhsulları hazır olmadan heç vaxt bazara çıxarmamalı və təhlükəsiz olmayan məhsulları heç vaxt təqdim etməməliyik”, – deyə Huanq bildirib.