Sia Az saytından alınan məlumatlara görə, Icma.az xəbər verir.
Müasir texnologiyaların inkişafı və süni intellektin geniş tətbiqi dünya əmək bazarında yeni dəyişikliklərə səbəb olur. Bu proses işçilərin mövcud bilik və bacarıqlarının yenilənməsini zəruri edir.
SİA xəbər verir ki, bu sözləri əmək və əhalinin sosial müdafiəsi nazirinin müavini Rəşad Mustafayev Milli Məşğulluq Forumunda çıxışı zamanı deyib.
Bildirilib ki, Beynəlxalq Əmək Təşkilatının 2025-ci il qiymətləndirməsinə əsasən, dünyada hər dörd iş yerindən biri süni intellektin müəyyən təsirinə məruz qala bilər. Araşdırmalar göstərir ki, əksər iş yerlərində əsas dəyişikliklər əmək funksiyalarının yenilənməsi ilə bağlı olacaq.
Dünya İqtisadi Forumunun proqnozuna görə isə 2030-cu ilədək işçilərin mövcud bacarıqlarının orta hesabla 39 faizi dəyişəcək və ya köhnələcək.
Qeyd olunub ki, gələcəyin əmək bazarında uğur qazanmaq üçün davamlı öyrənmək, yeni biliklərə yiyələnmək və dəyişikliklərə uyğunlaşmaq əsas şərtlərdən birinə çevriləcək.
Bu baxımdan dövlətlərin qarşısında duran əsas vəzifələrdən biri insan kapitalının iqtisadiyyatın dəyişən tələblərinə uyğun inkişaf etdirilməsi, işçilərin yeni peşə bacarıqlarına yiyələnməsi üçün imkanların genişləndirilməsidir.