Icma.az, Unikal.az saytına istinadən bildirir. "Süni intellekt bədii yaradıcılığın inkişafında yeni səhifələr açır".
"Unikal" xəbər verir ki, bu sözləri AR Elm və Təhsil Nazirliyi İdarəetmə Sistemləri İnstitutunun (İSİ) baş direktoru akademik Əli Abbasov Azərbaycan Milli Elmlər Akademiyasının (AMEA) Elm Gününə və Yazıçılar Birliyinin sədri, Xalq yazıçısı Anarın həyat və yaradıcılığına həsr edilən tədbirində səsləndirib.
Ə.Abbasov tədbirdə İdarəetmə Sistemləri İnstitutunda süni intellekt metodları vasitəsilə milli dil modelinə əsaslanan virtual köməkçi və ChatGPT-dən istifadə edərək yaradılmış yazıçı Anarın portretini və onun yaradıcılığına uyğunlaşdırılaraq yazılmış “Sonuncu sərnişin” hekayəsini təqdim edib.
Həmçinin dərin öyrənmə əsasında yazılan hekayə yazıçının səsinin süni intellekt vasitəsilə generasiya olunmaqla səsləndirilmişdir.
“Süni intellektin bədii yaradıcılıqda rolu” mövzusunda məruzə edən akademik müasir dövrdə insan həyat fəaliyyətinin bütün sahələrinə sürətlə nüfuz edən süni intellekt texnologiyalarının inkişafı və müxtəlif elmi istiqamətlərə, xüsusilə ədəbiyyata təsirindən bəhs edib.
Azərbaycanda süni intellekt texnologiyalarının inkişafına xüsusi diqqət göstərildiyini qeyd edən alim Prezident İlham Əliyevin 2025-ci il 19 mart tarixli Sərəncamı ilə təsdiq edilən “Azərbaycan Respublikasının 2025-2028-ci illər üçün süni intellekt Strategiyası”ndan irəli gələn vəzifələrdən söz açıb.
Süni intellekt texnologiyalarının ədəbiyyat və incəsənət sahələrində tətbiqinin müsbət və mənfi cəhətlərindən söz açan Ə.Abbasov bildirib ki, hazırda dünya miqyasında süni intellektin müəllifi olduğu əsərlərə olan tələbat heç də az deyil.
Lakin burada diqqət yetirilməli nüanslardan biri də yazıçı və şairlər üçün yaranan iqtisadi, sosial, etik və ədəbi təhdidlərin qarşısının alınmasıdır.