Icma.az, Cebheinfo saytına istinadən bildirir.
Süni intellektin geniş yayılması bəzi sahələrdə çalışan insanların iş imkanlarına təsir etməyə başlayıb.
Xüsusilə tələbələr üçün akademik mətn və ev tapşırıqları hazırlayan şəxslərin xidmətlərinə tələbatın kəskin azaldığı bildirilir.
"Cebheinfo.az" xarici mediaya istinadən xəbər verir ki, universitet məzunu olan gənclər uzun illər ərzində xaricdə təhsil alan tələbələr üçün müxtəlif akademik mətnlər və tapşırıqlar hazırlayaraq gəlir əldə ediblər. Bu işdən hər tapşırığa görə 40-70 dollar qazananlar olub.
Sözügedən sahənin xüsusilə gənclər arasında işsizliyin yüksək olduğu bölgələrdə geniş yayıldığı qeyd edilir. Yalnız bir şəhərdə təxminən 40 min nəfərin bu işdən müntəzəm gəlir əldə etdiyi bildirilir.
Lakin “ChatGPT” kimi süni intellekt alətlərinin geniş istifadəsi vəziyyəti dəyişib. Artıq istifadəçilər bir neçə saniyə ərzində mətn hazırlaya bildikləri üçün əvvəllər bu xidmətlərə müraciət edənlərin sayı əhəmiyyətli dərəcədə azalıb. Nəticədə həmin sahədə çalışan təxminən 40 min insanın iş imkanlarının böyük ölçüdə aradan qalxdığı iddia olunur. Süni intellektin təsiri bununla da məhdudlaşmır.
Transkripsiya, mətn hazırlanması və bəzi məzmun moderasiyası kimi işlərdə də insan əməyinin yerini süni intellekt sistemlərinin tutmağa başladığı bildirilir.
Mühasibatlıq, bank işi və digər ofis işlərində də bəzi vəzifələrin gələcəkdə avtomatlaşdırıla biləcəyi ehtimal olunur. Bu isə bir sıra peşələrdə işçilərin gördüyü işlərin dəyişməsinə səbəb ola bilər. Beləliklə, süni intellekt bir tərəfdən yeni iş imkanları yaratsa da, digər tərəfdən bəzi sahələrdə insan əməyinə tələbatı azaldır.
Qarşıdakı illərdə işçilərin yeni bacarıqlar öyrənməsi və əmək bazarındakı dəyişikliklərə uyğunlaşması daha vacib olacaq.
Gülər
"Cebheinfo.az"
Problemlərinizi bizə yazın, şahidi olduğunuz hadisələri çəkib göndərin