Süni intellekt dinləyir, bəs anlayırmı?

06.10.2026

Xalq qazeti portalından verilən məlumata əsasən, Icma.az bildirir.

Bizi Telegram-da da izləyə bilərsiniz:@xqazeti

Son illərdə süni intellekt həyatımızın demək olar ki, bütün sahələrinə daxil olub. İnsanlar artıq gündəlik suallardan tutmuş sağlamlıq problemlərinə qədər bir çox məsələlərdə süni intellektə müraciət edirlər. Psixoloji çətinliklər yaşayan və bu məqsədlə süni intellekt tətbiqlərindən istifadə edənlərin sayı da artır. Bəs süni intellekt həqiqətən insana psixoloji dəstək göstərə bilərmi?

Mütəxəssislərin fikrincə, bu suala ehtiyatla yanaşmaq lazımdır. Çünki psixoloji dəstək sadəcə düzgün cümlələr qurmaq və ya insana özünü yaxşı hiss etdirəcək məsləhətlər verməkdən ibarət deyil.

Psixoloq olmaq üçün uzunmüddətli nəzəri və praktiki hazırlıq, peşəkar təcrübə və dünyagörüşü tələb olunur. Mütəxəssis insanın yalnız dediyi sözləri deyil, onun emosional vəziyyətini, davranışlarını, reaksiyalarını və fərdi həyat tarixçəsini də nəzərə alır. Burada müşahidə, qarşılıqlı ünsiyyət və insan təcrübəsi mühüm rol oynayır.

Süni intellekt isə ona təqdim edilən məlumatlar əsasında cavab formalaşdıran texnoloji sistemdir. İstifadəçinin verdiyi məlumatlar onun növbəti cavablarının istiqamətini müəyyənləşdirir. Bu cavablar bəzən insanda rahatlıq və anlaşılma hissi yarada bilər. Lakin özünü yaxşı hiss etmək ilə problemin sağlam şəkildə həll olunması eyni şey deyil.

Əsl psixoloji dəstəyin məqsədi insanı yalnız rahatlatmaq deyil, onun düşüncə və emosional proseslərini daha sağlam istiqamətə yönəltməyə kömək etməkdir. Bəzən bu proses insanın eşitmək istədiyi deyil, ehtiyac duyduğu həqiqətlərlə üzləşməsini də tələb edir.

Digər mühüm məqam isə insan-insan münasibətidir. Psixoloji dəstəyin əsasını qarşılıqlı etimad, empatiya və canlı ünsiyyət təşkil edir. Hətta onlayn formatda belə, mütəxəssis və müraciət edən şəxs arasındakı münasibət bu prosesin mühüm hissəsidir. Süni intellekt isə nə qədər inkişaf etmiş olsa da, insan təcrübəsini və canlı münasibətin bütün xüsusiyyətlərini əvəz edə bilməz.

Süni intellekt psixologiya ilə bağlı ümumi məlumatların əldə edilməsi, anlayışların izahı və maarifləndirici məqsədlər üçün faydalı vasitə ola bilər. Ancaq ciddi və davamlı psixoloji problemlər zamanı onu mütəxəssisin əvəzi kimi qəbul etmək doğru yanaşma deyil.

Çünki psixoloji sağlamlıq sadəcə informasiya məsələsi deyil. Burada insanın həyatı, duyğuları, təcrübəsi və fərdi xüsusiyyətləri var. Buna görə də texnologiya nə qədər sürətlə inkişaf etsə də, insanın psixoloji dəstəyə ehtiyacı yarandıqda ən doğru ünvan yenə də bu sahədə peşəkar hazırlığı olan mütəxəssisdir.

Səadət Rzayeva
XQ

Ən son yeniliklər və məlumatlar üçün Icma.az saytını izləyin, biz hadisənin gedişatını izləyirik və ən aktual məlumatları təqdim edirik.
Читать полностью