Süni İntellekt enerjidə sistem analitiki rolunu oynaya bilər Millət vəkili

23.01.2026

525.az portalından alınan məlumata görə, Icma.az xəbər verir.

“Süni İntellekt (Sİ) elektrik enerjisi olmadan mövcud ola bilməz. Beynəlxalq Enerji Agentliyinin (BEA) 2024-cü il məlumatına görə, data mərkəzləri hələlik dünyada elektrik istehlakının nisbətən kiçik hissəsini – təxminən 1,5 faizini təşkil edir. Amma 2017-dən bəri onların enerji istehlakı ildə orta hesabla 12 faiz artır ki, bu da ümumi enerji istehlakının artım tempini dörd dəfədən çox üstələyir”.

Bunu fikri 525.az-a Milli Məclisin İqtisadi siyasət, sənaye və sahibkarlıq komitəsinin sədri Tahir Mirkişili söyləyib. O bildirib ki, böyük bir data mərkəzi təxminən 100 min ev təsərrüfatı qədər enerji tələb edə bilir. Tikilməkdə olan ən böyük mərkəzlər isə bundan 20 dəfə çox enerji istehlak edəcək. Belə mərkəzlərin sayı da artacaq. 2022–2024-də data mərkəzlərinə investisiyalar ikiqat artaraq 0,5 trilyon dollar olub. BEA hesab edir ki, növbəti beş ildə data mərkəzlərinin enerji tələbatı ikiqat, daha beş ildən sonra – 2035-ə doğru – üçqat arta bilər. Amma eyni zamanda Sİ enerji sektorunu transformasiya etmək potensialına malikdir. Onun inkişafı texno-nəhənglərin təmiz enerjiyə investisiyalarını stimullaşdırır:

“Amazon, Google, Microsoft kimi şirkətlər birlikdə bərpa olunan enerji üzrə korporativ alışların təxminən üçdə birini edir və bu sahədə investisiya portfellərini genişləndirirlər. Məsələn, Google-un uzunmüddətli məqsədi 24/7karbon-sıfır enerji ilə işləməkdir. Yəni Sİ inkişafı enerjidə ikiqat təsir yaradır: həm tələbi artırır, həm də (adətən bərpa olunan mənbələr hesabına) təklifi genişləndirir. Bu kontekstdə Azərbaycanın yaşıl enerji istehsalı və ixracına qoyduğu investisiyalar xüsusi əhəmiyyət daşıyır. Bundan əlavə, Süni İntellekt enerjidə sistem analitiki rolunu oynaya bilər. Tələbin proqnozlaşdırılması və çevik idarə edilməsi, şəbəkənin balanslanması, yüklənmələrin qarşısının alınması, binalarda enerji səmərəliliyinin optimallaşdırılması və hətta qlobal istixana qazı emissiyalarının 2030-a qədər 10 faizə qədər azaldılmasına kömək kimi. BEA ekspertləri bunu müasir dövrün ən mühüm texnoloji inqilablarından birinin mərkəzinə enerji sektorunu gətirən faktor kimi qiymətləndirirlər. Ancaq hazırda enerji sahəsində Sİ daha çox özünü təmin etməyə işləyir və transformasiyaedici rolu hələlik imkan olaraq qalır. Bunun reallaşması üçün data mərkəzi layihələrinin ümumi enerji infrastrukturu ilə inteqrasiyası və texno-nəhənglərin Sİ investisiyalarının regional enerji dayanıqlığı təşəbbüsləri ilə uzlaşdırılması lazımdır”.

Sevinc Qarayeva 
 

Sonrakı hadisələr barədə daha çox məlumat almaq üçün Icma.az saytını izləyin.
Читать полностью