Icma.az, Cebheinfo portalına istinadən məlumat verir.
“Tibbi Rəqəmsal Əkiz Sistemi səhiyyədə rəqəmsal transformasiyanın növbəti mərhələsini formalaşdıran strateji platformalardan biridir.
Bu sistem gələcəkdə süni intellekt texnologiyalarının tətbiqi üçün etibarlı və keyfiyyətli məlumat bazasının yaradılmasına xidmət edəcək”.
"Cebheinfo.az" xəbər verir ki. bunu “Sağlam radio”nun (93 FM) “Sağlam səhər” efirində Rəqəmsal Səhiyyə Mərkəzinin mütəxəssisi Sevinc Məhərrəmova deyib.
Onun sözlərinə görə, beynəlxalq təcrübə göstərir ki, süni intellekt həllərinin effektivliyi ilk növbədə istifadə olunan tibbi məlumatların tamlığı, dəqiqliyi və inteqrasiyası ilə birbaşa bağlıdır:
“Tibbi Rəqəmsal Əkiz Sistemi məhz bu ehtiyacı qarşılayaraq vətəndaşa aid laborator nəticələr, diaqnostik görüntülər, elektron reseptlər, radioloji və patoloji müayinələrin nəticələri, ambulator müraciətlər və digər tibbi göstəricilərin vahid mühitdə toplanmasını təmin edəcək.
Bu məlumatların inteqrasiyası gələcəkdə süni intellekt alqoritmlərinin daha geniş tətbiqinə imkan yaradacaq. Belə ki, sistem vasitəsilə müəyyən xəstəliklərin yaranma risklərinin erkən mərhələdə qiymətləndirilməsi, xroniki xəstəliklərin dinamik monitorinqi, fərdiləşdirilmiş müalicə yanaşmalarının hazırlanması və profilaktik tədbirlərin planlaşdırılması mümkün olacaq.
Məsələn, uzun illər ərzində toplanmış laborator göstəricilər və digər tibbi məlumatlar əsasında süni intellekt müəyyən dəyişiklik meyillərini analiz edərək potensial riskləri əvvəlcədən müəyyən edə biləcək. Bu isə həkimlərə daha vaxtında müdaxilə etmək və qabaqlayıcı tədbirlər görmək üçün əlavə imkanlar yaradacaq”.
S.Məhərrəmova bildirib ki, süni intellekt həkimi əvəz edən texnologiya deyil:
“Onun əsas məqsədi həkimlərin qərar qəbuletmə prosesini daha dolğun məlumatlar və analitik dəstək vasitəsilə gücləndirməkdir. Son qərar hər zaman tibb mütəxəssisi tərəfindən veriləcək.
Vətəndaşlar isə bu yenilikləri gündəlik həyatda daha sürətli diaqnostika, daha dəqiq tibbi qiymətləndirmə, fərdiləşdirilmiş xidmətlər və xəstəliklərin erkən aşkarlanması kimi üstünlüklər şəklində hiss edəcəklər.
Nəticədə səhiyyə sistemi xəstəliyin müalicəsinə yönəlmiş modeldən sağlamlığın qorunmasına və risklərin qabaqlanmasına əsaslanan proaktiv modelə doğru inkişaf edəcək”.
Gülər
"Cebheinfo.az"
Problemlərinizi bizə yazın, şahidi olduğunuz hadisələri çəkib göndərin