Icma.az, Azertag portalına istinadən məlumat yayır.
Bakı, 29 yanvar, AZƏRTAC
Prezident İlham Əliyevin 2025-ci il 19 mart tarixli “Azərbaycan Respublikasının 2025–2028-ci illər üçün süni intellekt Strategiyası”nın təsdiq edilməsi haqqında Sərəncamı əsasında Azərbaycan Memarlıq və İnşaat Universitetində (AzMİU) Süni İntellekt Mərkəzi yaradılıb. Mərkəzin əsas mahiyyəti universitet, sənaye və elmi tədqiqatlarla bağlı vahid paylayıcı şəbəkə rolunu oynamaqdır.
AZƏRTAC xəbər verir ki, bunu jurnalistlərə müsahibəsində AzMİU-nun rektorunun rəqəmsallaşma və süni intellekt məsələləri üzrə müşaviri Sərxan Talıbzadə söyləyib. O bildirib ki, Mərkəzin əsas istiqaməti elmi tədqiqat və universitet mühitində yaranmış elmi-tədqiqat işlərinin sənaye mühitində tətbiq olunmasıdır. Əsas istiqamətimiz həm də tələbələrin süni intellekt texnologiyaları üzrə mütəxəssis kimi yetişdirmək, nəzəri olaraq öyrəndikləri tətbiqləri Mərkəzin dəstəyi ilə real layihə şəklində ortaya çıxarmaqdır.
“Çalışırıq müxtəlif qurumlar, sənaye şirkətləri, böyük təşkilatlarla əməkdaşlıq edək və onların həm rəqəmsal, həm də insan resurslarını layihəyə cəlb edək”,- deyə S.Talıbzadə əlavə edib.