Xalq qazeti portalından verilən məlumata əsasən, Icma.az bildirir.
Azərbaycan Mətbuat Şurasında düzənlənən “Süni intellektin media sektoruna təsirləri” mövzusunda konfransı giriş sözü ilə Şuranın sədri Rəşad Məcid açdı. Sədr bildirdi ki, konfrans Mediada İnnovativ Təşəbbüslərə Dəstək İctimai Birliyi (MİTDİB) tərəfindən təşkil olunub.
O, mövzunun aktuallığından bəhs edərək dedi ki, süni intellekt sistemlərindən istifadənin səmərəliliyinin artırılması, bu texnologiyaların media mühitində yaratdığı yeni çağırışların düzgün qiymətləndirilməsi baxımından belə müzakirələrin keçirilməsi zəruridir. Onun sözlərinə görə, hazırda generativ süni intellekt sistemlərinin media sahəsinə riskləri ölümcül olmasa da, kifayət qədər ciddidir: “İndi bu mərhələdə əsas məsələ ondan ibarətdir ki, biz generativ süni intellektin media sahəsində yaratdığı risklərə daha ciddi və məsuliyyətli yanaşmalıyıq. Xüsusilə jurnalistlər və media təşkilatları bu texnologiyaların yaratdığı imkanlarla yanaşı, onların doğura biləcəyi təhlükələri də nəzərə almalıdırlar”.
Tədbirin təşkilatçısı, Mediada İnnovativ Təşəbbüslərə Dəstək İctimai Birliyinin sədri, media eksperti Müşfiq Ələsgərli çıxışında bildirdi ki, “Süni intellektin mediaya təsirləri: fürsətlər və risklər” adlı layihənin maliyyə dəstəkçisi Azərbaycan Respublikasının Qeyri-Hökumət Təşkilatlarına Dövlət Dəstəyi Agentliyidir. Layihənin əsas məqsədinin generativ süni intellekt (Sİ) sistemlərinin media sektoruna müsbət və mənfi təsirlərini, eləcə də bu texnologiyalardan səmərəli istifadə ilə bağlı beynəlxalq nəzəri yanaşmaları araşdırmaq olduğunu söyləyən M.Ələsgərli maraqlı statistika açıqladı: “Son məlumatlara görə, dünyada artıq 2,4 milyarddan çox insan generativ süni intellekt texnologiyalarından istifadə edir. Bu rəqəm texnologiyanın nə qədər sürətlə yayıldığını göstərir. Yaxın gələcəkdə generativ süni intellektin dünya əhalisinin böyük əksəriyyətinin gündəlik həyatına daxil olması tamamilə real görünür. Artıq elə bir sahə demək olar ki, yoxdur ki, generativ süni intellekt texnologiyaları həmin sahəyə təsir göstərməsin. Bu təsirin həm müsbət, həm də mənfi tərəfləri var. Süni intellekt təhsil, səhiyyə, iqtisadiyyat və digər sahələrdə yeni imkanlar yaradır. Lakin biz bu gün xüsusilə onun mənfi təsirləri və yaratdığı risklər üzərində dayanırıq. Bu risklər ən çox informasiya-kommunikasiya sektorunda, xüsusilə də media sahəsində özünü göstərir. Çünki generativ süni intellekt məhz informasiya istehsalı, yayılması və qavranılması proseslərinə birbaşa təsir edir. Bu səbəbdən də media digər sahələrlə müqayisədə generativ süni intellektin yaratdığı risklərə qarşı daha həssas sektor hesab olunur”.
Ekspertin sözlərinə görə, generativ süni intellekt sistemlərinin mediaya ən böyük zərəri dezinformasiya hesab olunur: “Dezinformasiya yeni anlayış deyil, amma onun müasir mənada bu qədər geniş yayılması və qlobal informasiya gündəminin mühüm elementinə çevrilməsi əsasən son onilliyin prosesidir, yəni süni intellektin “töhfəsi”dir. Xüsusilə 2016-cı ildən etibarən ABŞ-da keçirilən prezident seçkiləri fonunda dezinformasiya məsələsi beynəlxalq səviyyədə daha ciddi şəkildə gündəmə gəldi və bu fenomenə münasibət əhəmiyyətli dərəcədə dəyişdi. Bu gün isə generativ süni intellekt dezinformasiyanın hazırlanması və yayılması üçün tamamilə yeni imkanlar yaradır. Məhz buna görə də media sahəsində əsas narahatlıqlardan biri süni intellektin informasiya mühitində etibarlılığa və ictimai inama göstərə biləcəyi təsirdir”. M.Ələsgərli problemin bununla da bitmədiyini dilə gətirdi. Onun sözlərinə görə, ikinci problem müəllif hüquqlarının pozulması ilə bağlıdır. Müəllif tərəfindən hazırlanan məqaləni sabah süni intellekt sistemi başqa kontekstdə təqdim edir, lakin mənbəyə istinad etmir və məlumatın ilkin müəllifini göstərmir. Təbii ki, bu halda jurnalistin əməyi və müəllif hüquqları pozulmuş olur. Belə olan halda, müəllif hüquqlarının pozulması, peşəkar media subyektlərinin maliyyə mənbələrinin zəifləməsi və digər istiqamətlərdə də ciddi mənfi təsirlər meydana çıxır. Ekspert də bu kimi amilləri önə çıxararaq bildirdi ki, süni intellekt nəticəsində tərcüməçilik sahəsi qürub mərhələsindədir, qarşısı alınmasa, medianı da ciddi təhlükə gözləyir. O qeyd etdi ki, hazırda dünyada süni intellektin media sahəsinə mənfi təsirlərinin qarşısının alınması üçün addımlar atılır: “UNESCO-nun “Süni intellektin etikası üzrə Tövsiyə” sənədi, həmçinin Avropa Şurasının qəbul etdiyi “Süni intellekt akt”ı və digər mühüm sənədlər məhz bu risk faktorunun aradan qaldırılmasına hesablanıb. Həmin sənədlərdə mediada yayılan məlumatlarının mənbə ilə verilməsi, süni intellekt vasitəsilə yazılmış mətnlərin ayrıca qeyd olunması kimi məsələlər yer alıb”.
Layihənin eksperti, “Report” İnformasiya Agentliyinin əməkdaşı Araz Zeynalov layihə çərçivəsində Sİ-nin media sektorunda yarada biləcəyi risklərin azaldılması istiqamətində beynəlxalq səviyyədə həyata keçirilən fəaliyyətlər və müvafiq təşkilatların tövsiyələrinin də araşdırıldığını nəzərə çatdırdı. Konfransda Demokratik Jurnalistlər Liqasının sədri Yadigar Məmmədli, Milli QHT Forumunun İdarə Heyətinin üzvü Zaur İbrahimli, “Türküstan” qəzetinin baş redaktoru Aqil Camal, “Aznews” xəbər saytının baş redaktoru Taleh Şahsuvarov, CASCFEN-in sədri Nadir Azəri, QHT.az xəbər portalının baş redaktoru Cəsarət Hüseynzadə, “Mətbuat.az” xəbər saytının baş redaktoru Ramil Mirzəyev və digərləri çıxış etdilər.
Tacir SADIQOV
XQ