Süni intellekt qidalarımıza da nəzarət edəcək Açıqlama

11.09.2026

Icma.az, Demokrat.az saytından verilən məlumata əsaslanaraq xəbər yayır.

Azərbaycanda qida təhlükəsizliyi ilə bağlı risklərin və potensial problemlərin təhlili üçün süni intellekt modelinin tətbiqi nəzərdə tutulur. Proqrama əsasən, 2027–2030-cu illərdə Avtomatlaşdırılmış Qida Təhlükəsizliyi İnformasiya Sistemində (AQTİS) nəzarət və tənzimləmə fəaliyyətinin səmərəliliyinin artırılması, həmçinin sahibkarların və istehlakçıların maarifləndirilməsi məqsədilə süni intellektə əsaslanan təhlil və proqramlaşdırma üsullarının tətbiqi planlaşdırılır.
Qida təhlükəsizliyi Hərəkatının rəhbəri, Sağlam qidalanma mütəxəssisi Məhsəti Hüseynova məsələ ilə bağlı Demokrat.az-a bildirib ki, 2027-2030-cu illərdə avtomatlaşdırılmış qida təhlükəsizliyi informasiya sistemində daha çox süni intellektə əsaslanan təhlil və proqnozlaşdırma üsullarından istifadə olunacaq: 

“Bu, ilk növbədə, vəziyyətin daha operativ və sürətli şəkildə təhlil edilməsinə, eləcə də potensial risklərin əvvəlcədən aşkarlanmasına imkan verəcək. Xüsusilə müxtəlif məhsullar, müəssisələr, laboratoriya analizlərinin nəticələri, nəzarətlərin nəticələri, istehlakçıların müraciətləri, şikayətlər və digər məlumatlar daha operativ şəkildə təhlil oluna bilər. Süni intellekt burada müəyyən nümunələri və göstəriciləri, adi üsullarla daha çətin aşkarlaya biləcəyimiz məqamları daha sürətlə müəyyənləşdirəcək. Ancaq bu, o demək deyil ki, süni intellekt hər hansı insanı, mütəxəssisi və ya dövlət nəzarətini tam şəkildə əvəz edə bilər. Əksinə, mütəxəssislərin doğru qərar qəbul etməsi üçün iş prosesində insan əməyindən istifadə olunması yenə də vacib hallardan biri olaraq qalacaq”.
Mütəxəssis qeyd edib ki, ümumiyyətlə, bir çox sahibkarlar və istehlakçılar bu qanun qüvvəyə minməzdən əvvəl mütləq şəkildə məlumatlandırılmalı və maarifləndirilməlidir:  
“Burada hər kəs mövcud qanunvericilik, sistem və nəzarət mexanizmləri ilə bağlı məlumatlı olmalıdır ki, daha məsuliyyətli davrana bilsin. İstər istehsalçı, istər satıcı, istər hər hansı ictimai iaşə obyektinin sahibi, istərsə də istehlakçı “tarladan süfrəyədək” olan qida zəncirinin iştirakçısıdır. Süni intellektdən istifadə edilərək avtomatik qəbul olunan nəticələrin heç də hamısını həqiqət kimi qəbul etmək olmaz. Bunlar, sadəcə, analiz və risklərin daha sürətli təhlil olunması üçün istifadə edilən vasitələrdir. Məlumatların keyfiyyəti, sistemin şəffaf işləməsi, şəxsi və kommersiya məlumatlarının qorunması, eləcə də digər məxfi materialların saxlanılması ilə bağlı bütün məqamlar sistemdə öz əksini tapmalıdır. Düzgün qurulduğu halda bu texnologiya Azərbaycan qida təhlükəsizliyində risklərin yaranmadan əvvəl daha erkən aşkarlanması, düzgün proqnozlaşdırma və problemlərin daha tez həlli proseslərini sürətləndirə bilər. Əsas məsələ isə, təbii ki, texnologiya deyil. Əsas məqsəd vətəndaşların süfrəsinə daha təhlükəsiz qidanın çatdırılması, insanların təhlükəsiz qidaya əlçatanlığının təmin olunmasıdır”.
Fidan Hacızadə
Daha ətraflı məlumat və yeniliklər üçün Icma.az saytını izləyin.
Читать полностью