Azertag saytından əldə olunan məlumata görə, Icma.az məlumat yayır.
Bakı, 3 fevral, AZƏRTAC
Yeni elmi araşdırma süd vəzi xərçəngi diaqnostikasında süni intellektin mühüm rol oynaya biləcəyini aşkarlayıb. İsveçdə aparılan və 100 min qadını əhatə edən bu genişmiqyaslı tədqiqat ilk belə eksperiment kimi qiymətləndirilir.
AZƏRTAC “The Lancet” tibb jurnalına istinadla xəbər verir ki, araşdırma çərçivəsində mammoqrafiya müayinəsindən keçən qadınlar təsadüfi seçim yolu ilə iki qrupa bölünüblər. Bir qrupda müayinələr süni intellekt dəstəyi ilə aparılıb, digər qrupda isə ənənəvi, standart skrininq üsullarından istifadə olunub. Nəticələr göstərib ki, süni intellektin tətbiq edildiyi qrupda süd vəzi xərçənginin gec mərhələdə aşkarlanma halları 12 faiz azalıb.
Mütəxəssislərin fikrincə, süni intellekt alqoritmləri mammoqrafiya görüntülərində insan gözündən yayınması mümkün olan xırda dəyişiklikləri daha dəqiqliklə müəyyən edə bilir. Bu isə xəstəliyin daha erkən mərhələdə aşkarlanmasına və müalicə şanslarının artmasına imkan yaradır.
Alimlər hesab edirlər ki, əldə olunan nəticələr gələcəkdə süd vəzi xərçəngi skrininq proqramlarında süni intellektin daha geniş tətbiqinə yol aça bilər. Bununla belə, texnologiyanın müxtəlif ölkələrdə və fərqli səhiyyə sistemlərində effektivliyini qiymətləndirmək üçün əlavə araşdırmalara ehtiyac olduğu da qeyd edilir.