Süni intellekt və rəqəmsal keçidin iqtisadi təminatı

25.09.2026

Xalq qazeti saytından alınan məlumata görə, Icma.az bildirir.

Dünyada iqtisadi inkişafın istiqamətləri sürətlə dəyişir. Süni intellektin tətbiqi, data mərkəzlərinin yaradılması, rəqəmsal infrastrukturun genişləndirilməsi və yeni texnologiyaların iqtisadiyyatın müxtəlif sahələrinə inteqrasiyası artıq ölkələrin gələcək inkişafında mühüm rol oynayır. Bu proses Azərbaycan üçün də yeni imkanlar açır.

Prezident İlham Əliyevin sentyabrın 24-də Çinin “01.AI” və “Sinovation Ventures” şirkətlərinin baş icraçı direktoru Kei-Fu Lini və İtaliyanın “TEHA Group” şirkətinin nümayəndəsi Filippo Malinvernonu qəbul etməsi də bu baxımdan diqqət çəkir. Görüşdə qonaqların İkinci Azərbaycan Beynəlxalq İnvestisiya Forumunda iştirak edəcəkləri bildirilib. Tərəflər Azərbaycanın Çin və İtaliya ilə əlaqələrini, ölkədəki investisiya mühitini, eləcə də süni intellektin yaşıl enerji, kibertəhlükəsizlik, təhsil və digər sahələrdə tətbiqi imkanlarını müzakirə ediblər.

Qeyd edək ki, ölkədə bu istiqamətdə institusional baza da formalaşdırılıb. Bu məqsədlə hazırlanmış “Azərbaycan Respublikasının 2025–2028-ci illər üçün süni intellekt Strategiyası” ölkənin süni intellekt sahəsində inkişafını sürətləndirməyi, rəqəmsal transformasiyanı dəstəkləməyi və Azərbaycanın qlobal süni intellekt ekosistemində mövqeyini gücləndirməyi qarşıya məqsəd qoyur.

Strategiyada innovasiya və rəqəmsal inkişafın təşviqi, iqtisadiyyatın rəqabət qabiliyyətinin artırılması, süni intellekt əsaslı məlumat idarəetməsinin inkişafı, ixtisaslı kadrların hazırlanması, bilik və bacarıqların genişləndirilməsi, dövlət və özəl sektor arasında əməkdaşlığın gücləndirilməsi, məlumat təhlükəsizliyi və etik idarəetmə mexanizmlərinin yaradılması əsas istiqamətlər kimi müəyyənləşdirilib.

Sənədin mühüm istiqamətlərindən biri də investisiyaların cəlb edilməsidir. Süni intellekt sahəsində startap ekosisteminin inkişafı, texnologiyaların kommersiyalaşdırılmasına dəstək, yerli sahibkarların təşviqi və xarici investorların bu sahəyə cəlb olunması nəzərdə tutulur. Bu isə texnologiya sektorunun yalnız dövlət layihələri hesabına deyil, özəl kapital və beynəlxalq tərəfdaşlıq əsasında inkişaf etdirilməsi üçün zəmin yaradır.

Süni intellekt və xüsusilə data mərkəzləri yüksək hesablama gücü ilə yanaşı, böyük həcmdə elektrik enerjisi tələb edir. Buna görə də enerji təminatı bu sahəyə investisiya cəlb etmək istəyən ölkələr üçün mühüm amilə çevrilir. Azərbaycanın burada ciddi üstünlüklərindən biri formalaşmış enerji bazasıdır. Son 20 ildə ölkənin elektrik enerjisi generasiya gücü təxminən iki dəfə artaraq 10 min meqavata çatıb. Mövcud generasiya imkanları sırasında qaz, hidro, günəş və külək elektrik stansiyaları mühüm yer tutur. Hazırda ölkədə ən azı 2 min meqavat istifadə olunmayan generasiya gücünün mövcud olması isə yeni rəqəmsal infrastruktur layihələri üçün əlavə imkan yaradır.

Bu baxımdan Azərbaycan üçün data mərkəzlərinin yaradılması yalnız texnoloji layihə deyil. Burada enerji, infrastruktur və investisiya imkanlarının bir araya gətirilməsi mühüm əhəmiyyət daşıyır. Xüsusilə bərpaolunan enerji mənbələrinin inkişafı gələcəkdə enerji tutumlu rəqəmsal layihələrin daha dayanıqlı əsaslarla təmin edilməsinə imkan verə bilər.

***

Yüksək texnologiya sahəsində böyük investisiyaların cəlb edilməsi üçün yalnız enerji və texniki infrastrukturun olması kifayət etmir. İnvestor üçün uzunmüddətli əməkdaşlığın şərtləri, hüquqi təminatlar və ölkənin iri layihələri həyata keçirmək təcrübəsi də əhəmiyyətlidir. Azərbaycanın bu baxımdan formalaşmış təcrübəsi var. 2006-ci ildən bəri ölkə iqtisadiyyatına 350 milyard dollardan çox sərmayə yatırılıb.

Neft-qaz sektorunda dünyanın aparıcı şirkətləri ilə həyata keçirilən uzunmüddətli layihələr Azərbaycanın iri beynəlxalq investisiya layihələrinin reallaşdırılması sahəsində təcrübəsini formalaşdırıb. İndi həmin təcrübənin rəqəmsal iqtisadiyyatın yeni istiqamətlərinə, o cümlədən süni intellekt və data mərkəzlərinə tətbiqi gündəmdədir.

Azərbaycanın digər mühüm üstünlüyü müxtəlif iqtisadi və texnoloji mərkəzlərlə qurduğu əlaqələrdir. ABŞ, Çin və Avropa İttifaqına üzv ölkələrlə əməkdaşlıq rəqəmsal transformasiya və texnologiya sahəsində yeni imkanlar yarada bilər. Azərbaycan və ABŞ arasında imzalanmış Strateji Tərəfdaşlıq Xartiyasında rəqəmsal infrastruktura, o cümlədən özəl sektorla əməkdaşlıq çərçivəsində süni intellekt data mərkəzlərinin inkişafına sərmayə qoyuluşunun təşviq edilməsi ilə bağlı niyyət ifadə olunub. Bu, texnoloji şirkətlərin və investorların Azərbaycan bazarına marağını artırmaq baxımından mühüm istiqamətlərdən biridir.

Azərbaycanın Avropa İttifaqına üzv 10 ölkə ilə strateji tərəfdaşlıq sənədlərinin mövcudluğu da əlavə əməkdaşlıq imkanları yaradır. Avropa şirkətləri ilə texnologiya, rəqəmsal həllər, yaşıl enerji və digər istiqamətlərdə tərəfdaşlığın genişləndirilməsi Azərbaycanın rəqəmsal ekosisteminin inkişafına töhfə verə bilər.

Çin isə qlobal texnologiya bazarında mühüm aktorlardan biri kimi ayrıca əhəmiyyət daşıyır. Azərbaycanla Çin arasında hərtərəfli strateji tərəfdaşlıq münasibətlərinin qurulması iki ölkə arasında iqtisadi və texnoloji əməkdaşlığın genişləndirilməsi üçün siyasi və institusional baza yaradır. Sentyabrın 24-də keçirilən görüşdə Çin şirkətlərinin rəhbərlərinin iştirakı da bu əməkdaşlığın texnologiya və süni intellekt istiqamətində genişləndirilə biləcəyini göstərir.

Rəqəmsal iqtisadiyyatın inkişafında texnologiya ilə yanaşı, maliyyə kapitalına çıxış da xüsusi əhəmiyyət daşıyır. Azərbaycan uzun illərdir dünyanın böyük maliyyə institutları və qlobal investisiya fondları ilə əməkdaşlıq edir. Azərbaycan Dövlət Neft Fondunun beynəlxalq maliyyə institutları vasitəsilə investisiya fəaliyyəti də ölkənin qlobal maliyyə sistemi ilə əlaqələrinin formalaşmasına xidmət edib. Bu əlaqələrin bir hissəsinin Azərbaycana investisiyaların cəlb edilməsinə yönəldilməsi artıq gündəmdədir. Xüsusilə süni intellekt, rəqəmsallaşma və data mərkəzləri kimi yüksək artım potensialına malik sahələrdə beynəlxalq kapitalın cəlb olunması yeni layihələrin maliyyələşdirilməsi üçün əlavə imkanlar yarada bilər.

Bütün bu amillər bir araya gəldikdə Azərbaycanın qarşısında yeni iqtisadi istiqamət formalaşır. Enerji imkanları, investisiya təcrübəsi, əlverişli biznes mühiti, beynəlxalq tərəfdaşlıq şəbəkəsi və qəbul edilmiş Süni İntellekt Strategiyası ölkənin rəqəmsal iqtisadiyyat üçün daha geniş imkanlar yaratmasına şərait verir.

Musa BAĞIRLI
XQ

Ən son xəbərləri və yenilikləri almaq üçün Icma.az saytını izləyin.
Читать полностью