Süni intellektdən istifadə etmək problem deyil Charlotte Courtois

27.10.2026

Icma.az, Bakivaxti portalına istinadən məlumat verir.

“Süni intellektdən istifadə etmək problem deyil. Əsas məsələ ondan istifadə etdikdən sonra məlumatları yoxlamaq, mənbələri araşdırmaq və onları digər mənbələrlə müqayisə etməkdir”.

Bakıvaxtı.az xəbər verir ki, bunu Konstelatio təşkilatının prezidenti və təsisçisi Charlotte Courtois VII Ümumdünya Mədəniyyətlərarası Dialoq Forumunda çıxışı zamanı deyib.

O bildirib ki, rəhbərlik etdiyi layihələrdə gənclər ailələrində və icmalarında qorunan ənənəvi yemək reseptlərini araşdırır, yeməklərin və inqrediyentlərin mənşəyini öyrənirlər. Bu proses onlara müxtəlif mədəniyyətlərin tarixən bir-biri ilə qarşılıqlı əlaqədə olduğunu və mədəni müxtəlifliyin qida ənənələrində də əksini tapdığını anlamağa kömək edir.

C.Courtois qeyd edib ki, layihə çərçivəsində gənclər araşdırmalarının nəticələrini qısa videolar vasitəsilə təqdim edirlər. Bu işə müxtəlif ölkələrdən qida tarixçiləri və aşpazlar da cəlb olunur.

Onun sözlərinə görə, videolar həm tədris vasitəsi, həm də gənclərin özlərinin hazırladığı və başqalarına məlumat ötürdüyü rəqəmsal məhsuldur. Bu yanaşma xüsusilə yeniyetmələrin qeyri-maddi mədəni irsə marağını artırır:

“Onlar sadəcə hazır məlumatları qəbul etmirlər. Özləri araşdırır, əldə etdikləri bilikləri zənginləşdirir və videolar vasitəsilə paylaşırlar. Bu isə onlarda qürur və məsuliyyət hissi yaradır”, – deyə o vurğulayıb.

Məruzəçi bildirib ki, videoların müxtəlif ölkələr arasında paylaşılması gənclərə öz səslərinin eşidildiyini və mədəniyyətləri haqqında söylədiklərinin əhəmiyyət daşıdığını göstərir. Bu məsuliyyət onlara təqdim etdikləri məlumatların düzgünlüyünü yoxlamağın vacibliyini də aşılayır.

C.Courtois süni intellektdən istifadəyə də toxunaraq bildirib ki, əsas məsələ texnologiyadan yararlanmaq deyil, əldə olunan məlumatlara tənqidi yanaşmaqdır. Onun fikrincə, mənbələrin yoxlanılması və məlumatların başqa mənbələrlə tutuşdurulması xüsusilə mədəni irslə bağlı araşdırmalarda vacibdir.

Zeynəb Rzayeva

Sonrakı hadisələr barədə daha çox məlumat almaq üçün Icma.az saytını izləyin.
Читать полностью