Icma.az bildirir, 525.az saytına əsaslanaraq.
Azərbaycan elminin görkəmli nümayəndəsi, dünyaşöhrətli alim, "Mühəndislik fəlsəfəsi"nin banisi, akademik Əhəd Canəhmədovun "Tribologiyanın əsasları" adlı fundamental dərsliyi nəşr olunub. Azərbaycan Respublikası Elm və Təhsil Nazirliyinin müasir təhsil standartlarına və tələblərinə uyğun olaraq yenidən işlənilmiş, məzmunu elmin son nailiyyətləri ilə zənginləşdirilmiş bu dərslik mühəndis-mexanik kadrlarının hazırlanmasında dəyərli tədris vəsaitidir.
XX əsrin ikinci yarısı haqlı olaraq sürtünmə, yeyilmə və yağlama haqqında təlim olan tribologiya elminin "qızıl dövrü" kimi xarakterizə olunur. Bu mərhələ nanotexnologiyaların, səthin möhkəmləndirilməsi metodlarının, yeni kompozit və nanomaterialların intensiv inkişafı ilə səciyyələnir. Akademik Əhəd Canəhmədovun təqdim etdiyi yeni dərslik məhz bu elmin müasir inkişaf dinamikasını və açdığı yeni üfüqləri tam əks etdirir.
Mühəndislik elminə innovativ yanaşma
Dərslikdə sürtünmə təmas zonasında nano-, mikro- və milli səviyyələrdə baş verən fiziki-kimyəvi proseslər ətraflı şərh olunur. Kitabda tribologiya, kontakt mexanikası, tribotexnika və onların konkret tribosistemlərdə praktik tətbiqi ilə bağlı geniş nəzəri və eksperimental tədqiqatların nəticələri öz əksini tapmışdır.
Nəşrin ən diqqətçəkən elmi yeniliklərindən biri – sürtünmə təmasındakı qarşılıqlı təsirlərin mikroskopik və atom səviyyələrində öyrənilməsinə imkan verən prinsipial yeni riyazi və fiziki üsulların ilk dəfə dərslik səviyyəsində təqdim olunmasıdır. Əsərdə inteqrasiyaya geniş yer verilərək müasir elmi istiqamətlər ətraflı izah edilir:
* Müasir elmi nəzəriyyələr: Fiziki mezomexanika, qeyri-tarazlı termodinamika, sinergetika, fraktallar və qeyri-xətti dinamikanın triboloji sistemlərə tətbiqi;
* Rəqəmsal və qabaqcıl texnologiyalar: Süni intellekt, yaşıl tribologiyanın gətirdiyi yeni imkanlar;
* Xüsusi və spesifik sahələr: Kosmik mühitdə triboloji proseslər, artilleriya qurğularında sürtünmə və yeyilmə dinamikası, biotexnoloji materialların tətbiq xüsusiyyətləri.
Bundan əlavə, dərslikdə triboqovşaqlarda yeyilmə zamanı materialların yonulmadan dağılması, çatların yaranması, zədələnmə mexanizmləri, detal və mexanizmlərin yeyilməyə davamlılığının artırılması yolları, konstruktiv-istismar həlləri və yeni yağlama texnologiyaları sistemli şəkildə verilmişdir.
Dərsliyin yaranma tarixçəsi və beynəlxalq əməkdaşlıq
"Tribologiyanın əsasları" dərsliyi ilk dəfə 2001-ci ildə Azərbaycan Respublikasının Təhsil Nazirliyi tərəfindən təsdiq olunaraq Azərbaycan Neft Akademiyasında (indiki ADNSU) və Azərbaycan Texniki Universitetində tədris olunan fənn proqramları əsasında nəşr edilmişdir. Dərslik beynəlxalq aləmdə də böyük maraqla qarşılanmışdır. Belə ki, əsər 2024-cü ildə Türk Dövlətləri Təşkilatının “Təhsil türk xalqlarının gələcəyidir” layihəsi çərçivəsində Azərbaycan Milli Aviasiya Akademiyası və Özbəkistan Respublikasının Daşkənd Dövlət Nəqliyyat Universitetinin birgə əməkdaşlığı ilə “Materialların sürtünməsi və Tribologiyanın əsasları” adı ilə rus dilində nəşr olunaraq oxuculara təqdim edilmişdir. Müəllifin ali texniki məktəblərdə uzunmüddətli elmi-pedaqoji təcrübəsinə əsaslanaraq hazırladığı Azərbaycan dilində olan bu yeni nəşr isə fənnin müasir kadr hazırlığındakı mühüm rolunu nəzərə alaraq yenidən işlənilmiş və ciddi elmi əlavələrlə zənginləşdirilmişdir.
"Tribologiyanın əsasları" dərsliyi, həm də geniş oxucu və mütəxəssis kontingenti üçün nəzərdə tutulub. Dərslik texniki ali təhsil alan bakalavr, magistrant, doktorant, gənc alim və müəllim heyəti üçün, müxtəlif təyinatlı mexanizm və maşınların layihələndirilməsi, istehsalı və istismarı ilə məşğul olan mühəndis-mexanik kadrlar üçün, yüksək ixtisaslı mütəxəssislərin, eləcə də distant təhsil alan tələbələrin elmi dünyagörüşünün zənginləşdirilməsi üçün əvəzsiz elmi mənbədir.
Akademik Əhəd Canəhmədovun bu fundamental əsəri Azərbaycan texniki elminin və ali texniki təhsilinin inkişafına, eləcə də müasir səviyyəli mühəndis kadrlarının yetişdirilməsinə dəyərli töhfədir.