Icma.az bildirir, GlobalInfo saytına əsaslanaraq.
Professor Rafiq Əliyevin süni intellektlə bağlı səsləndirdiyi fikirlər müzakirələrə səbəb olub. Onun sözlərinə görə, süni intellektin əsasını məşhur azərbaycanlı alim, qeyri-səlis məntiq nəzəriyyəsinin banisi Lütfi Zadə qoyub.
Globalinfo.az-a danışan “ITStation” şirkətinin texnologiya direktoru Eşqin Nuruşov deyib ki, süni intellekt bir şəxsin anidən yaratdığı sahə deyil:
“Bu, uzun illər ərzində fərqli alimlərin fikirləri və araşdırmaları nəticəsində formalaşıb. Elmi baxımdan süni intellektin vahid yaradıcısı yoxdur. Bu sahə bir neçə əsas mərhələdən keçərək inkişaf edib. Məsələn, 1950-ci ildə Alan Turinq çox sadə, amma dərin bir sual ortaya qoyub. “Maşınlar düşünə bilərmi?” Yəni Turinq insanları ilk dəfə ciddi şəkildə maşınların düşünmə qabiliyyəti barədə düşünməyə vadar edib. 1956-cı ildə isə amerikalı alim Con Makkarti süni intellekt terminini rəsmi şəkildə elmə gətirib. Məhz buna görə də beynəlxalq elmi mühitdə Makkarti süni intellekt sahəsinin qurucusu kimi qeyd olunur”.
Ekspert bildirib ki, bu sahədə Lütfi Zadənin də rolunu danmaq olmaz:
“O, 1960-cı illərdə bulanıq məntiq (fuzzy logic) anlayışını irəli sürüb. Bu yanaşma kompüterlərin insan kimi tam dəqiq deyil, təxmini düşünməsinə imkan verirdi. Yəni hər şeyin yalnız “bəli” və ya “xeyr” olmadığı, arada çalarların da mövcud olduğu fikrini elmə gətirib. Bu gün bir çox ağıllı sistemlər, avtomatik idarəetmə mexanizmləri və qərarvermə proqramları məhz Lütfi Zadənin ideyalarına əsaslanır. Bu baxımdan onu süni intellektin inkişafında ən önəmli fiqurlardan biri hesab edilir. Amma elmi dəqiqlik naminə qeyd etmək lazımdır ki, süni intellektin başlanğıcını yalnız bir alimə və ya tək bir tarixə bağlamaq doğru deyil. Süni intellekt Turinqin verdiyi sual, Makkartinin verdiyi ad və Zadənin yaratdığı riyazi düşüncə modeli üzərində qurulmuş çoxşaxəli sahədir. Bu mövzuda danışarkən həm milli qürurumuzu qorumaq, həm də beynəlxalq elmi yanaşmanı nəzərə almaq ən sağlam mövqedir”.
Ləman İmran
Globalinfo.az