Süni intellektin də gətirdiyi problemlər var

14.09.2026

Demokrat.az portalından verilən məlumata əsasən, Icma.az bildirir.

Süni intellektin sürətli inkişafı ilə gələcəkdə media, dövlət idarəçiliyi, istehsal, hüquq, incəsənət və gündəlik həyatın bir çox sahəsində ciddi dəyişikliklərin baş verəcəyi ilə bağlı iddialar səslənir. Bildirilir ki, yaxın illərdə jurnalist və bloqerlərin fəaliyyətinin böyük hissəsini avatarlar və süni intellekt sistemləri əvəz edə, dövlət xidmətləri daha geniş şəkildə avtomatlaşdırıla və müxtəlif sahələrdə insan əməyinə ehtiyac azala bilər. Hətta gələcəkdə insanların yaşayış və iş tərzinin, qida istehsalının və iqtisadi münasibətlərin də köklü şəkildə dəyişəcəyi proqnozlaşdırılır.
BDU-nun Multimedia və elektron kommunikasiya kafedrasının müdiri, filologiya elmlər doktoru, professor Qulu Məhərrəmli Demokrat.az-a açıqlamasında bildirib ki, süni intellektin meydana çıxması bəşər tarixinin intellektual baxımdan, informasiya bölüşməsi və idarəçilik baxımından tamamilə yeni keyfiyyət mərhələsidir:

“Ona görə də hazırda bütün sahələrdə süni intellektdən istifadə olunur. Adi yazı-pozudan tutmuş qərarların qəbul olunmasına, hərbi sahələrdə tətbiqinə qədər müxtəlif istiqamətlərdə süni intellektdən yararlanılır. İndi mütəxəssislər hesablayırlar ki, insan fəaliyyətinin ən azı 100-ə yaxın sahəsində süni intellekt tətbiq olunur. Təhsildə, tədrisdə, elmdə, kənd təsərrüfatında, biznesdə süni intellekt çox geniş şəkildə tətbiq edilir. Ona görə bizim üçün önəmli olan jurnalistika sahəsidir. Bu sahədə də süni intellektdən istifadə artıq bir neçə ildir gündəmdədir. Hələ Sovet dönəmində, 80-ci illərin sonlarında Azərbaycanda süni intellektin inkişaf etdirilməsi ilə bağlı xüsusi tədbirlər təşkil olunub. Yəni bu, ciddi bir məsələdir”.
Professor əlavə edib ki, süni intellektin tətbiqi həm iş yerlərinin itirilməsinə, həm də yeni sahələrin yaranmasına səbəb olacaq:
“Proqramların tərtib olunması, yeni tətbiq sahələrinin işə düşməsi bunun nümunəsidir. Ona görə də bizim indi süni intellektlə hər gün ünsiyyətimiz olmalıdır. Onu çox dərindən öyrənməli, tətbiqini, proqramlaşdırılmasını və idarə olunmasını bilməliyik. Adi promptların verilməsi, ondan lazımi informasiyaların alınması, bunların hamısı ilə bağlı ciddi maarifçilik işi aparılmalıdır.
Bir kəşf meydana gəlirsə, o, mütləq özü ilə həm də sosial bəlaları gətirir. Süni intellektin də gətirdiyi problemlər var. Məsələn, işsizlik, insan əməyinin məhdudlaşdırılması, intellektin daralması və bundan doğan digər problemlər. Yəni bu dəqiqə bizim əsas vəzifəmiz süni intellekti dərindən öyrənmək, onun prinsiplərini və fəaliyyətini geniş şəkildə mənimsəyib tətbiq etməkdir”.
Fidan Hacızadə
Ən son xəbərləri və yenilikləri almaq üçün Icma.az saytını izləyin.
Читать полностью