Süni intellektin gizli psixoloji təhlükəsi Yerli mütəxəssis

24.11.2026

Icma.az, Saglamolun portalına istinadən məlumat yayır.

Süni intellektin psixoloji dəstək və hətta psixoterapiya vasitəsi kimi istifadəsi getdikcə genişlənir. İnsanlar narahatlıqlarını bölüşmək, emosional gərginliyi azaltmaq və şəxsi problemlərinə cavab tapmaq üçün tez-tez süni intellektə müraciət edirlər. Lakin mütəxəssislər bu tendensiyanın uzunmüddətli psixoloji nəticələri ilə bağlı narahatlıqlarını ifadə edirlər.

Bəs süni intellekt psixoloji asılılıq yarada bilərmi? Sualımızı psixoloq, transgenerasion psixoanalitik, NLP üzrə master-trener və ailə terapevti Lalə Akif Məmmədova cavablayır. Yerli mütəxəssisin fikrincə, süni intellekt insana qısamüddətli emosional dəstək göstərə bilsə də, onun narahatlığını kökündən aradan qaldırmaq və real ünsiyyəti əvəz etmək imkanında deyil. 10 ildən artıq konsultasiya təcrübəsi olan mütəxəssis hesab edir ki, süni intellektdən həddindən artıq istifadə insanın psixoloji vərdişlərini tədricən dəyişə bilər. Bu, emosional asılılıq, müstəqil qərarvermə qabiliyyətinin zəifləməsi, ünsiyyət illüziyası, reallığın təhrif olunması və tənqidi düşüncənin azalması kimi nəticələrə gətirib çıxara bilər.

Mütəxəssis xüsusilə yeniyetmələr üçün yaranan risklərə diqqət çəkir. Onun fikrincə, real ünsiyyət əvəzinə texnologiyaya üstünlük verən yeniyetmələr zamanla sosial münasibətlərdən uzaqlaşa və süni intellekti etibarlı avtoritet kimi qəbul edə bilərlər.

Lalə Məmmədova uzun illərdir uşaqlarda və böyüklərdə emosional intellektin inkişafı istiqamətində fəaliyyət göstərir. O hesab edir ki, sağlam cəmiyyətin formalaşması üçün insanın öz hisslərini tanıması, ifadə etməsi və başqalarının emosiyalarını anlaması vacibdir. Süni intellektlə həddindən artıq ünsiyyət isə bu bacarıqların inkişafına mane ola bilər.

Psixoloqun qənaətinə görə, belə bir tendensiya insanlarda emosional yetkinliyin zəifləməsinə, öz hisslərini və başqalarının yaşantılarını müəyyənləşdirməkdə çətinliklərə səbəb ola bilər.

Texnologiya insan həyatını asanlaşdırmaq üçün vasitədir. Lakin o, canlı ünsiyyəti, empatiyanı və peşəkar psixoloji yardımı əvəz etməməlidir.
Günel İbadova
Saglamolun.az 

Saglamolun.Az


Ən son yeniliklər və məlumatlar üçün Icma.az saytını izləyin, biz hadisənin gedişatını izləyirik və ən aktual məlumatları təqdim edirik.
Читать полностью