Süni intellektin inkişafı ilə hansı yeni peşələr yaranacaq?

27.01.2026

Icma.az, Yeniavaz portalına istinadən məlumatı açıqlayır.


“Süni intellektin tətbiqi nəticəsində əmək bazarının insanları işsiz qoyacağı fikri ilə razı deyiləm. Bu gün süni intellekt sahəsində çoxsaylı yeni peşələr yaranır. Bu baxımdan süni intellekt peşələrin azalmasından daha çox onların transformasiyasına səbəb olur”.
Yeniavaz.com
xəbər verir ki, bunu Dövlət Məşğulluq Agentliyinin İdarə Heyətinin sədri Hasil Abbasov ötən ilin yekunları və 2026-cı il üçün hədəflərə həsr olunmuş mətbuat konfransında deyib.
Bəs süni intellektin inkişafı ilə hansı yeni peşələr yaranacaq?
Mövzu ilə bağlı Yeniavaz.com-a danışan İKT İnformasiya Mərkəzinin direktoru Fərid Kazımov bildirib ki, bu suala dəqiq və birmənalı cavab vermək çətindir:
“Süni intellektin tətbiqi ilə bağlı inkişafı qiymətləndirərkən başa düşməliyik ki, ilk növbədə süni intellekt əsaslı ixtisasların sayı artacaq. Bu sahədə mühəndislər, süni intellekt üzrə mütəxəssislər yetişəcək. Süni intellektin davranış qaydalarının öyrədilməsi, korporativ səviyyədə müxtəlif istiqamətlər üzrə süni intellekt ssenaristləri və ümumilikdə bu sahə ilə bağlı bir sıra yeni peşələr formalaşacaq. Bu, olduqca vacib və perspektivli istiqamətdir”.
O qeyd edib ki, hazırda mövcud olan bir çox ixtisas və peşə transformasiyaya uğrayacaq:
“Məsələn, hüquq sahəsini götürək. Azərbaycanda hüquq sistemi əsasən Almaniya hüquq modelinə əsaslanır, lakin ABŞ və Böyük Britaniyada bu sistem fərqlidir. Həmin ölkələrdə hüquqşünaslar əsasən iki yerə bölünür: biri məhkəmə sənədlərini hazırlayır, digəri isə məhkəmədə çıxış edir. Gələcəkdə məhkəmə sənədlərini hazırlayan hüquqşünaslara ehtiyac qalmaya bilər, çünki bu işi süni intellekt tam şəkildə əvəz edəcək. Azərbaycanda da bu istiqamətdə müəyyən təşəbbüslər mövcuddur. Ədliyyə Nazirliyi və Rəqəmsal İnkişaf və Nəqliyyat Nazirliyinin birgə təşəbbüsü ilə e-qanun.ai platforması yaradılıb”.
Fərid Kazımov tibb və təhsil sahələrində də oxşar dəyişikliklərin gözlənildiyini vurğulayıb:
“Artıq süni intellektin qoyduğu diaqnozlar bəzi hallarda həkimlərin qərarlarından 70 faiz daha dəqiqdir. Bu onu göstərir ki, analizlərin hazırlanması, rentgen və MRT görüntülərinin şərhi mərhələli şəkildə süni intellektin öhdəsinə keçəcək. Təhsil sahəsində də süni intellektin tətbiqi genişlənəcək. Məlumdur ki, bəzi hallarda süni intellektin təqdim etdiyi məlumatlar müəllimin verdiyi biliklərdən daha əhatəlidir”.

Fərid Kazımov
O, gələcək peşəsinə arxayın olmaq istəyənlər üçün ən etibarlı sahənin mühəndislik olduğunu bildirib:
“Xüsusilə fiziki dünya ilə birbaşa təmasda olan mühəndislik sahələri ön planda olacaq. Uzun illər İT və proqramlaşdırmanın ən perspektivli peşələr olduğu deyilirdi, lakin gələcəkdə bu belə olmayacaq. Hətta Stanford Universitetində belə İT ixtisaslarına qəbul azalır. İnsanlar artıq anlayırlar ki, süni intellekt onların işinin böyük bir hissəsini əvəz edəcək. Bu gün orta səviyyəli proqramçılar sabah işsiz qala bilərlər. Bu, reallıqdır. Ya çox güclü mütəxəssis olmaq lazımdır, ya da alternativ ixtisas seçmək”.
Fərid Kazımov aqrar, sənaye mühəndisliyi kimi sahələrin də inkişaf edəcəyini vurğulayıb və əlavə edib ki, sahibkarlığın potensialı həmişə yüksək olacaq:
“Sahibkarlıq hər zaman mövcud olacaq. Buna görə də bu sahəyə diqqət yetirmək və onu perspektiv kimi dəyərləndirmək vacibdir”.
Fəridə Əsədzadə
Daha ətraflı məlumat və yeniliklər üçün Icma.az saytını izləyin.
Читать полностью