Sia Az portalından verilən məlumata əsasən, Icma.az bildirir.
“Müasir dövrdə süni intellekt (SI) və robot texnologiyaları istehsalat sahəsində inqilabi dəyişikliklərə səbəb olur.
Bu texnologiyalar məhsul istehsalının sürətini, dəqiqliyini və səmərəliliyini artıraraq sənaye proseslərini daha avtomatlaşdırılmış və ağıllı hala gətirir.
Süni intellekt, maşınların və proqram təminatlarının insan müdaxiləsinə minimal ehtiyac duymadan qərarlar qəbul etməsinə və təkmilləşməsinə imkan verən bir texnologiyadır”.
Bu sözləri Kibertəhlükəsizlik üzrə mütəxəssis Fərid Əmirov SİA-ya açıqlamasında deyib.
Onun sözlərinə görə, istehsalatda süni intellekt bəzi sahələrdə tətbiq olunur ki, bunlara keyfiyyətə nəzarət və qüsurların aşkarlanması, avtomatlaşdırılmış qərarvermə və analitika, təchizat zəncirinin optimallaşdırılması, robotların idarə edilməsi və öyrədilməsi aid edilir: “SI sistemləri yüksək dəqiqliklə məhsulların keyfiyyətini yoxlaya bilir.
Kameralar və sensorlar vasitəsilə istehsal xəttində qüsurlu məhsulları avtomatik olaraq aşkarlayır və çeşidləyir.
Bu, insan faktorundan qaynaqlanan səhvləri minimuma endirir və məhsul keyfiyyətini artırır.