Icma.az, Sherg.az saytından verilən məlumata əsaslanaraq xəbər yayır.
Müasir dövrdə süni intellekt və rəqəmsal texnologiyaların sürətli inkişafı cəmiyyətlər üçün geniş imkanlar yaratmaqla yanaşı, təhlükəsizlik sahəsində yeni risklərin meydana çıxmasına da səbəb olur.
Bu texnologiyaların terrorçu şəbəkələr tərəfindən sui-istifadəsi milli və beynəlxalq təhlükəsizlik baxımından ciddi çağırışlar yarada bilər. Buna görə terrorçuluğa qarşı mübarizə yalnız ənənəvi təhlükəsizlik tədbirləri ilə məhdudlaşmamalı, hüquqi, texnoloji və institusional mexanizmlərlə tamamlanmalıdır.
İnformasiya Texnologiyaları üzrə Mühəndis, Tədqiqatçı, Azərbaycan Kibertəhlükəsizlik Təşkilatları Assosiasiyasının (AKTA) eksperti Bəhruz Əliyev Sherg.az-a açıqlamasında bildirib ki, süni intellekt və digər rəqəmsal vasitələrin terror məqsədləri üçün istifadəsinə qarşı beynəlxalq hüquqi mexanizmlərin təkmilləşdirilməsinə ehtiyac vardır:
“Dövlətlər rəqəmsal mühitdə terror fəaliyyətinin təşkili, maliyyələşdirilməsi və təşviqi ilə bağlı hüquqi yanaşmaları mümkün qədər uzlaşdırmalıdırlar. Bu, transsərhəd xarakterli cinayətlərin araşdırılmasını və dövlətlər arasında hüquqi əməkdaşlığı asanlaşdıra bilər. Elektron sübutların əldə edilməsi, qorunması və təhlükəsiz mübadiləsi üçün daha operativ beynəlxalq prosedurların formalaşdırılması da mühüm əhəmiyyət daşıyır. Eyni zamanda, terror təhlükələri haqqında məlumatların aidiyyəti qurumlar arasında vaxtında paylaşılmasını təmin edən etibarlı informasiya sistemləri inkişaf etdirilməlidir.
Dövlət qurumları, beynəlxalq təşkilatlar və texnologiya şirkətləri arasında əməkdaşlığın genişləndirilməsi rəqəmsal təhlükələrə qarşı mübarizənin digər vacib istiqamətidir. Süni intellekt böyük həcmli məlumatların təhlili və terror fəaliyyəti ilə əlaqəli şübhəli məzmunun müəyyənləşdirilməsi üçün istifadə oluna bilər. Bununla belə, belə sistemlərin tətbiqi şəxsi məlumatların qorunması, ifadə azadlığı, şəffaflıq və qanunun aliliyi prinsiplərinə uyğun həyata keçirilməlidir”
B. Əliyev qeyd edib ki, digər mühüm məsələ kritik informasiya infrastrukturunun mümkün kiberhücumlardan qorunmasıdır:
“Energetika, nəqliyyat, rabitə, maliyyə, səhiyyə və dövlət idarəetməsi kimi sahələrdə informasiya sistemlərinin fəaliyyətinin pozulması ciddi ictimai və iqtisadi nəticələrə səbəb ola bilər. Buna görə dövlətlər milli kibertəhlükəsizlik strategiyalarını dəyişən risklərə uyğun olaraq mütəmadi yeniləməlidirlər. Kritik sistemlərdə “sıfır etimad” yanaşması, çoxfaktorlu autentifikasiya, şəbəkə seqmentasiyası, məlumatların şifrələnməsi və davamlı təhlükəsizlik monitorinqinin tətbiqi genişləndirilməlidir. Kiberhücumların erkən aşkarlanması məqsədilə təhlükə kəşfiyyatı və avtomatlaşdırılmış monitorinq texnologiyalarından istifadə də gücləndirilməlidir.
Milli CERT/CSIRT strukturlarının və təhlükəsizlik əməliyyatları mərkəzlərinin texniki və insan resursları baxımından inkişaf etdirilməsi insidentlərə daha çevik reaksiya verilməsinə imkan yarada bilər. Dövlət və özəl sektor arasında təhlükələr və zəifliklər haqqında məlumat mübadiləsinin gücləndirilməsi ümumi kiberdavamlılığın artırılmasına töhfə verə bilər. Bununla yanaşı, dövlət qurumlarında və kritik infrastruktur müəssisələrində çalışan mütəxəssislərin davamlı kibertəhlükəsizlik təlimlərinə cəlb olunması vacibdir. Süni intellekt əsaslı müdafiə sistemlərinin özlərinin də manipulyasiya və kiberhücumlardan qorunması ayrıca nəzərə alınmalıdır”.