Süni intellektin səbəbindən Yaponiyada məbəd damlarından mis oğurlanır

29.11.2026

Icma.az bildirir, Qaynarinfo portalına istinadən.

Yaponiyada qədim sintoist məbədləri oğurluq hallarının artması səbəbindən ənənəvi mis dam örtüklərini paslanmayan poladla əvəz etməyə başlayıb. Buna misin dünya bazarında bahalaşması və süni intellekt sənayesinin bu metala artan tələbatı səbəb olub.

Qaynarinfo xəbər verir ki, bu barədə “Financial Times” nəşri yazıb.

Son iki ildə misin qiyməti təxminən 50 faiz artıb. Metalın bahalaşması əsasən məlumat mərkəzlərinin tikintisi, süni intellekt texnologiyalarının inkişafı və elektrik avtomobillərinin istehsalı ilə əlaqələndirilir. Bu proses Yaponiyada metal oğurluqlarının da artmasına şərait yaradıb.

Polis məlumatlarına görə, ölkədə metal oğurluqlarının sayı 2020-ci ildəki təxminən 5 500 hadisədən 2024-cü ildə 21 minə yaxınlaşıb.

Məbədlər isə bu cür cinayətlər qarşısında xüsusilə müdafiəsiz vəziyyətdədir. Onların bir çoxu əhalinin azaldığı meşəlik və dağlıq ərazilərdə yerləşir. İanələr hesabına fəaliyyət göstərən bu dini məkanların müasir müşahidə kameraları quraşdırmaq üçün kifayət qədər vəsaiti olmur.

Məsələn, Kanagava prefekturasındakı Azuma məbədindən təkcə bu il təxminən 200 kiloqram ağırlığında 70-ə yaxın mis lövhə oğurlanıb. Həmin metalın təkrar emal məntəqələrindəki dəyəri təxminən 400 min yen (təqribən 115 min qrivna) qiymətləndirilir.

Yaponiyada 80 mindən çox sintoist ziyarətgahı fəaliyyət göstərir. Sintoist məbədlərinin Assosiasiyası uzun illər ərzində onların memarlıq görünüşündə dəyişikliklərə ciddi məhdudiyyətlər qoyub. Lakin oğurluq hallarının artması təşkilatı mövqeyini yumşaltmağa vadar edib. Artıq bəzi məbədlərə dam örtüklərində mis əvəzinə poladdan istifadə etməyə icazə verilir. Assosiasiya bunun dini inanca zərər vurmadığını bildirir.

Yaponiyanın kənd yerlərində yerləşən digər obyektlər də mütəşəkkil oğru dəstələrinin hədəfinə çevrilib. Cinayətkarlar çay plantasiyalarında elektrik naqillərini kəsir, ucqar ərazilərdəki günəş elektrik stansiyalarından avadanlıq oğurlayır, boş evlərdəki kondisionerləri sökürlər.

Yaponiya hakimiyyəti metal qəbulu məntəqələrinə nəzarəti gücləndirib, həmçinin üzrlü səbəb olmadan bolt kəsən alətləri gəzdirməyə görə cəza tətbiq edib. Buna baxmayaraq, görülən tədbirlər oğurluq hallarını tamamilə dayandırmağa imkan verməyib.

Qeyd edək ki, süni intellekt sənayesinin sürətli inkişafı təkcə misə deyil, digər texnoloji resurslara da tələbatı artırıb. Məlumat mərkəzlərinin genişlənməsi enerji avadanlıqlarından tutmuş yaddaş qurğularınadək bir sıra məhsulların qiymətinə təsir göstərir.

Aydın

Sonrakı hadisələr barədə daha çox məlumat almaq üçün Icma.az saytını izləyin.
Читать полностью