Cebheinfo saytından verilən məlumata əsasən, Icma.az məlumatı açıqlayır.
“Şəriətdə süni intellekt məsələsinə xüsusi önəm vermək vacibdir”.
Bu sözləri Qafqaz Müsəlmanları İdarəsinin (QMİ) sədri şeyxülislam Allahşükür Paşazadə Bakıda keçirilən Türk Dövlətləri Təşkilatının Müsəlman dini liderlərinin 7-ci Görüşündə deyib. O qeyd edib ki, süni intellektin müzakirəsi üçün müftilərin xüsusi görüşü keçirilməlidir:
"Dindarlar bu mövzuda bizim fikirlərimizi gözləyirlər".
Qazaxıstan Müsəlmanlarının Ruhani İdarəsinin sədri Naurızbay Tağanulı isə vurğulayıb ki, süni intellektdən əldə edilən məlumatlardan düzgün istifadə etmək və gənclərə doğru istiqamət vermək vacibdir:
"Biz də gənclərimizə, cəmiyyətimizə dəqiq məlumatları çatdıraraq onlara doğru yolu göstərə bilərik".
Göründüyü kimi, süni intellektin sürətlə inkişaf etdiyi bir dövrdə bu texnologiyanın dini baxımdan istifadəsi də müzakirə mövzusuna çevrilib.
Bu sahədə Qafqaz Müsəlmanları İdarəsi tərəfindən xüsusi fətvanın verilməsinə ehtiyac varmı? Süni intellektdən istifadə hansı hallarda halal, hansı hallarda isə haram hesab edilə bilər?
Mövzu ilə bağlı “Cebheinfo.az”-a açıqlamasında ilahiyyatçı Tural İrfan bildirib ki, süni intellekt müasir dövrün vacib və əhəmiyyətli vasitələrindən biridir. O qeyd edib ki, bu, təkcə din sahəsində deyil, digər sahələrdə də istifadəsi zəruri və önəmli olan müasir texnologiyadır:
“Din xadimlərinin, müftilərin və dini idarələrin süni intellektdən istifadəsinə gəldikdə, burada müəyyən tənzimləmə mexanizmləri olmalıdır. Çünki din həssas sahədir. Hər hansı məsələni süni intellektdən soruşub, olduğu kimi insanlara hökm və ya fətva kimi təqdim etmək doğru deyil.
Ümumiyyətlə, süni intellektdən istifadə edən şəxs həmin mövzu üzrə ən azı 70–80 faiz məlumatlı olmalıdır. Ondan yalnız dəqiqləşdirmə və əlavə məlumat əldə etmək üçün yararlanmaq məqsədəuyğundur. Xüsusilə din sahəsində insanların əməl etdiyi tövsiyə, göstəriş və fətvalarla bağlı məsələlərdə süni intellektdən son dərəcə ehtiyatla istifadə olunmalıdır”.
Tural İrfan əlavə edib ki, Qafqaz Müsəlmanları İdarəsinin bu mövzuya müdaxiləsi isə bir qədər müəmmalıdır:
“Çünki QMİ əhali üçün fətva vermir. Qafqaz Müsəlmanları İdarəsinin Qazılar Şurasının verdiyi elə bir önəmli fətva yoxdur ki, süni intellekt məsələsində də ona əməl olunsun.
Axundlar və onların təyin etdiyi din xadimləri daha çox Qum müctəhidlərini təqlid edir, onların risalələrinə və şəriət hökmlərinin izahlı kitablarına əsaslanaraq dini təbliğat aparırlar.
Ona görə də süni intellekt məsələsində də həmin axundlar və din xadimləri Qafqaz Müsəlmanları İdarəsinin göstəriş və ya tövsiyələrinə deyil, təqlid etdikləri müctəhidlərin fətvalarına riayət edəcəklər”.
İlahiyyatçı vurğulayıb ki, Azərbaycanda din xadimlərinin tabeçiliyi məsələsində ciddi problem var:
“Yəni bu, formal xarakter daşıyır. Əvvəlcə həmin axundları öz fətvalarına uyacaq şəkildə tabe etmək lazımdır. Ondan sonra bu cür müasir məsələlərlə bağlı nəyisə imzalamaq və araşdırmaq olar. Özbəkistanda və digər Orta Asiya dövlətlərində vəziyyət fərqlidir.
Orada bütün din xadimləri özlərinin dini idarələrinə tabedirlər. Amma bizdə belə deyil. Azərbaycanda Qafqaz Müsəlmanları İdarəsi olsa da, fəaliyyət göstərən axund və din xadimlərinin əksəriyyəti əsasən İran və İraq müctəhidlərinə, dini-siyasi liderlərinə təqlid edirlər.
Problem də məhz budur. Belə ciddi problemlər qaldığı halda Qafqaz Müsəlmanları İdarəsinin süni intellektin hansı formada istifadə olunmasını müzakirə etməsi bir qədər absurd yanaşmadır.
Şübhəsiz ki, süni intellektin texniki baxımdan istifadəsinin tənzimlənməsi üçün müəyyən istiqamətlər olmalıdır və olacaq da. Bu danılmazdır”.
Əfsanə Rəcəb
“Cebheinfo.az”
Açar sözlər: süni intellekt Tural İrfan
Problemlərinizi bizə yazın, şahidi olduğunuz hadisələri çəkib göndərin