Süni intellektlə bağlı ixtisarlar Böyük Britaniyada daha yüksəkdir

27.01.2026

Icma.az, Azertag saytına istinadən bildirir.

London, 27 yanvar, AZƏRTAC

Yeni tədqiqatın nəticələrinə görə, süni intellektin tətbiqi nəticəsində iş yerlərinin itirilməsi Böyük Britaniyada digər iri iqtisadiyyatlarla müqayisədə daha yüksəkdir.

AZƏRTAC “The Independent”ə istinadla xəbər verir ki, “Morgan Stanley” tərəfindən aparılan araşdırmada bildirilib ki, son 12 ay ərzində Böyük Britaniyada süni intellekt səbəbilə iş itkisi 8 faiz təşkil edib. Bu göstərici beynəlxalq orta göstəricidən 2 dəfə çoxdur.

Sorğuda iştirak edən şirkətlər isə qeyd ediblər ki, işçi sayının azalmasına baxmayaraq, süni intellekt məhsuldarlığı və istehsal həcmini artırıb.

Tədqiqata daxil edilən beş böyük iqtisadiyyat arasında yalnız ABŞ-da süni intellektin tətbiqi nəticəsində iş yerlərinin sayında artım qeydə alınıb. Hesabat müəlliflərindən biri bu nəticələri əmək bazarına süni intellektin göstərəcəyi genişmiqyaslı təsirin erkən xəbərdarlıq siqnalı kimi qiymətləndirib.

Böyük Britaniyada işsizlik hazırda son beş ilin ən yüksək səviyyəsindədir Böyük Britaniyanın Milli Statistika İdarəsinin məlumatına görə, xüsusilə pərakəndə ticarət və qonaqpərvərlik sektorları ciddi zərbə alıb. Ötən il iş axtarış platforması “Adzuna” tərəfindən aparılan ayrı bir araşdırma isə göstərib ki, 2022-ci ildə “ChatGPT”nin istifadəyə verilməsindən sonra “junior” vəzifəsini əhatə edən başlanğıc səviyyəli işlərin sayı təxminən 1/3 azalıb. Hazırda ölkədə təxminən 14,2 milyon nəfər, yəni əhalinin 21 faizi yoxsulluq şəraitində yaşayır.

Cozef Rauntri Fondu tərəfindən hazırlanan “UK Poverty 2026” adlı hesabatda xəbərdarlıq edilir ki, hökumət təcili tədbirlər görməzsə, parlament müddətinin sonuna qədər bu rəqəmlər daha da artacaq. Bu fondun hesabatı fonunda siyasətçilər və ictimai fəallar Leyboristlər Partiyasını yoxsulluqla mübarizə üçün konkret addımlar atmağa çağırırlar.

Yoxsulluqla mübarizə aparan xeyriyyə təşkilatı hökumətin aprel ayından etibarən iki uşaq üçün müavinət məhdudiyyətini ləğv etmək qərarını müsbət addım kimi qiymətləndirib. Bu qərarın 400 min uşağı dərhal yoxsulluqdan çıxaracağı bildirilir. Lakin hesabatda vurğulanır ki, əlavə tədbirlər görülməzsə, 2029-cu ilə qədər 4,2 milyon uşaq yenə də yoxsulluq şəraitində böyüyəcək. Genişmiqyaslı hesabatda həmçinin Böyük Britaniyada yoxsulluğun dərinliyinin tarixdə ən yüksək səviyyəyə çatdığı qeyd olunur. Hazırda 6,8 milyon insan çox dərin yoxsulluq şəraitində yaşayır.

Aytən Abbaslı

AZƏRTAC-ın xüsusi müxbiri

London

Ən son xəbərləri və yenilikləri almaq üçün Icma.az saytını izləyin.
Читать полностью